Erməni terrorizmi bitib tükənmək, dayanıb durmaq bilmir ki, bilmir. Xislətində, mahiyyətində vandalizm, öldürüb sonra yandırmaq kimi mənəvi-psixoloji ehtiras olan erməni terrorçuları bu mənfur əməllərini hər addımbaşı həyata keçirirlər.
Bildiyimiz kimi, Azərbaycan hərbi qulluqçusunun cəsədinin erməni silahlı dəstələri tərəfindən yandırılması ilə bağlı sosial şəbəkə və digər informasiya mənbələrində görüntülər, məlumatlar yayılıb. Erməni vandalları əsgərimizi vəhşicəsinə öldürərək sonradan onun cəsədini yandırıblar. Halbuki, bir erməni əsirinin burnu qanasaydı, bütün dünya ayağa qalxardı, Azərbaycana qarşı şər-böhtan, hədyanlar, əsassız ittihamlar səsləndirərdi. Amma ermənilər tərəfindən vandalcasına öldürülmüş və sonra da od vurub yandırılmış azərbaycanlı əsgərlə bağlı hadisəyə, faciəyə dünya susqunluqla yanaşır. Heç Rusiya sülhməramlılarının da tükü tərpənmir ki, bu boyda faciə baş verib.
Qeyd edək ki, bu məsələ artıq sosail şəbəkələrdə, müxtəlif seqmentlərdə ictimailəşib və video təqdim edilib. Lakin hələ də buna beynəlxalq aləm tərəfindən hər hansı bir reaksiya verilməyib.
Baxmayaraq ki, artıq İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva əsir götürülmüş Azərbaycan hərbi qulluqçusunun cəsədinin erməni silahlı dəstələri tərəfindən yandırılması ilə bağlı sosial şəbəkə və digər informasiya mənbələrində yayılan videolara münasibət bildirib və beynəlxalq ictimaiyyətə müraciət edib. “Əsir götürülmüş Azərbaycan hərbi qulluqçusunun cəsədinin erməni silahlı dəstələri tərəfindən yandırılması ilə bağlı sosial şəbəkə və digər informasiya mənbələrində videolar yayılıb. Həmin görüntülərdə əsir götürülmüş Azərbaycan hərbçisinin cəsədi üzərinə yandırıcı maye tökülməklə od vurulduğu nümayiş olunur. Yayılan materiallardan aydın görünür ki, Ermənistan tərəfi azərbaycanlı hərbçinin cəsədini yandıraraq qeyri-insani formada təhqir etməklə iştirakçısı olduğu Cenevrə Konvensiyalarının və digər humanitar hüquq normalarının tələblərini hələ də kobud şəkildə pozmaqda davam edir. Hesab edirik ki, Ermənistan hərbçiləri azərbaycanlı hərbi qulluqçunu onun cəsədi üzərində həyata keçirdikləri qeyri-insani və mənfur əməlləri gizlətmək məqsədilə yandırıb.
Halbuki, Ermənistan Hərbi əsirlərlə rəftara dair III Cenevrə Konvensiyasına qoşulmaqla öz üzərinə hərbi əsirlərlə hər zaman humanist rəftar etmək öhdəliyini götürüb.
Eyni zamanda, Cenevrə Konvensiyalarına əsasən, həlak olan şəxslər öz dini adət-ənənələrinə uyğun olaraq dəfn edilməlidir. Bu baxımdan qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin dəstələri tərəfindən törədilmiş bu cinayət əməlini qəti şəkildə pisləyir və beynəlxalq təşkilatları insan hüquqlarının kobud pozulmasına səbəb olan bu kimi qeyri-insani hərəkətlərə göz yummamağa çağırırıq” - deyə müraciətdə qeyd edilir.
“Azərbaycan hökuməti Rusiya sülhməramlılarından tələb etməlidir ki, bizim əsgərə qarşı vandalizm cinayəti törədən həmin adamları tapıb Azərbaycana təhvil versinlər”
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, azərbaycanlı əsgərin erməni vandalları tərəfindən amansızlıqla öldürülüb sonra da yandırılması hər birimizi incidən, narahat edən hadisədir: “Çox təəssüflər olsun ki, hələ də beynəlxalq təşkilatlar ölkəmizə qarşı ikili standartlarla yanaşmalarını davam etdirirlər. Azərbaycanlı əsgərin meyitinin vandalcasına yandırılması dünyada görünməmiş bir cinayətdir. Düzdür, bu hal başqa dövlətlərin ordusunda da var, digər ölkələrin terrorçuları, separatçıları da belə hallara yol verirlər. Lakin heç kəs erməni vandalları kimi törətdiyi terror cinayətini açıq şəkildə çəkib yaymır. Ermənilər o qədər özlərinə və yaxud himayədarlarına arxayındırlar ki, bəşəriyyətə, insanlığa qarşı bu cür vəhşiliklə cinayət törədir, buna görə cəza almayacaqlarını bilirlər və ona görə də yandırdıqları azərbaycanlı əsgərinin nəşini videoya çəkib paylaşırlar. Ermənilərin bu vəhşi davranışlarını sındırmaq olar, bu mümkündür. Dövlət bu məsələni ciddi şəkildə qabartmalı, bu faktla bağlı mütəmadi olaraq müraciətlərini davam etdirməlidir. Dövlət çalışmalıdır ki, bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar dərhal bu məsələni nəzarətə götürsünlər, araşdırıb, axtarıb bu cinayəti törədən şəxsləri üzə çıxarsınlar və cəzalandırsınlar. Bu cinayət erməni terrorunun növbəti bir forması kimi dünyaya təqdim olunmalıdır. Eyni zamanda, Azərbaycan hökuməti, birmənalı şəkildə, Rusiya sülhməramlılarından tələb etməlidir ki, bizim əsgərə qarşı vandalizm cinayəti törədən həmin adamları tapıb Azərbaycana təhvil versinlər. Bu, dövlətin görməli olduğu işdir. Bizim kimi ictimai təşkilatlar, diaspor qurumları da bu işdə aktiv olmaldırlar. Diaspor təşkilatları həmin videoların montaj olmadığını əsaslandıran sübutlarla, sənədlərlə fəaliyyət göstərdikləri ölkələrdə ictimaiyyətə, parlamentə təqdim etməli, onun müzakirəsini keçirməlidirlər, “dəyirmi masa” təşkil edib bu məsələni müzakirə etməlidirlər”.
Azərbaycanın diaspor təşkilatları dünyanın regional qurumlarına çıxmalıdırlar, bu faktı Azərbaycana qarşı qərəzli qərarlar qəbul edən bəzi Avropa ölkələrinin parlamentlərinə təqdim etməlidirlər. “Diaspor təşkilatlarımız bu videonu sənədlərlə birgə aparıb Azərbaycana qarşı qərəzli qərar qəbul edən Belçika parlamentinə təqdim etməlidirlər ki, buyurun, bununla bağlı qərar qəbul edin. Diaspr təşkilatlarımız bu və digər ölkələrin parlamentlərində də bunun müzakirəsinə nail olmalıdırlar. Biz bilirik ki, bizə qarşı ikili standartlar, qərəzlər var. Ermənilərin bu cinayətlərini gözardına vuran ölkələrdən, təşkilatlardan tələb etməliyik ki, bu cinayətə münasibət bildirsinlər. Buna nail olmalıyıq. Çalışmalıyıq ki, erməni cinayətləri ilə bağlı beynəlxalq ictimai rəy düzgün formalaşsın. Bu istiqamətdə işlərimizi görməliyik” - deyə A.Nağı vurğuladı.
İradə SARIYEVA