Azərbaycan dövləti harada yaşamasından, harada olmasından asılı olmayaraq, hər bir vətəndaşına sahib çıxır, onlara arxa-dayaq olduğunu ortaya qoyur.
Məlum olduğu kimi, İraqda həbsxanalarda və uşaq evlərində olan 194 azərbaycanlı azyaşlı ölkəyə gətirilib.
Bu il ərzində xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi vəziyyətinin yaxşılaşdırılması, onlara mülki, ailə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, xarici ölkələrdə üzləşdikləri çətinliklərin aradan qaldırılması üzrə aparılan fəaliyyət davam etdirilib.
Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir ki, 2020-ci ildə İraq Respublikasından Azərbaycan Respublikasının vətəndaşlarının repatriasiyası istiqamətində aparılan təxliyə prosesi nəticəsində İraq həbsxanalarında və uşaq evlərində yaşayan 194 nəfər Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlar Azərbaycana qayıdıb və müvafiq reabilitasiyadan sonra yaxınlarının himayəsinə verilib.
Bu uşaqlar İraq həbsxanalarına və uşaq evlərinə necə, hansı şəraitdə düşüb?
Ekspertlərin sözlərinə görə, azərbaycanlı uşaqların İraq həbsxana və uşaq evlərinə düşməsi müxtəlif səbəblərlə bağlı ola bilər, əsas odur ki, nəticədə bu uşaqlara Azərbaycan dövləti sahib çıxıb və onları bu bəladan xilas edib.
“194 nəfər azyaşlının ölkəmizə gətirilməsi və onların yaxınlarının himayəsinə verilməsi dövlətin öz vətəndaşına qayğısının təzahürüdür”
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, tanınmış hüquqşünas Əliməmməd Nuriyev “Bakı-Xəbər”ə bildirdi ki, İraq həbxanalarında və uşaq evlərində olan 194 uşağın dövlət tərəfindən ölkəmizə gətirilməsi çox müsbət bir haldır. Ə.Nuriyevin sözlərinə görə, uşaqlar vaxtilə bəzi terrorçu birləşmələrin tərkibində İraqa, Suriyaya gedən insanların övladlarıdır ki, bu gün Azərbaycan dövləti onlara sahib çıxır: “Bu uşaqların İraq həbsxanalarına və uşaq evlərinə düşməsinin bir neçə səbəbi var. Birincisi, Suriya və digər yerlərdə bəzi ekstremist qüvvələr insanların dini inancına həssas münasibətindən sui-istifadə edərək müxtəlif ölkələrdən insanları ora cəlb edirdilər. Gedənlər də çox zaman ora öz ailəsi ilə gedirdi. Digər tərəfdən, bəzi insanlar orada evlənirdilər və orada uşaqları olurdu. Yalnız uşaqların ora düşməsi bu yolla mümkündür, başqa yolla mümkün deyil. Söhbət azyaşlılardan gedir. Bu uşaqlar müəyyən qüvvələrin təhriki ilə İraq və Suriyaya döyüşə gedənlərin uşaqlarıdır. Hətta o zaman belə məlumatlar da vardı ki, onlar ora getdikdən sonra nişanlılarını da aparırdılar. Çünki onlara müəyyən maliyyə verirdilər, onlar da, istər-istəməz, öz ailələri ilə ora köçürdülər. Yəni bu şəkildə azərbaycanlı uşaqların İraq türmələrinə və uşaq evlərinə düşməsi mümkündür. Başqa variantlar istisna olunur”.
Ə.Nuriyevin fikrincə, Azərbaycan dövlətinin 194 nəfər azyaşlını xilas edərək ölkəmizə gətirməsi dövlətin öz vətəndaşlarına bəslədiyi qayğının təzahürüdür: “Dövlət hər zaman öz vətəndaşlarının qayğısına qalır. Vətəndaşının harada olmasından asılı olmayaraq, dövlət hər zaman onların himayəçisidir. Hər bir Azərbaycan vətəndaşının üzərində dövlət qayğısı var. Dövlət öz vətəndaşına münasibətdə bu fəaliyyətini həyata keçirir.194 nəfər azyaşlının ölkəmizə gətirilməsi və onların yaxınlarının himayəsinə verilməsi dövlətin öz vətəndaşına qayğısının təzahürüdür. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan dövləti başqa dövlətlərdən fərqli olaraq, öz vətəndaşının harada yaşamasından asılı olmayaraq, onların qayğısına qalır, təhlükəsizliyini, rifahını təmin edir. Bununla bağlı bütün müvafiq tədbirləri görür. Çünki bizim dövlətimiz üçün vətəndaşımız, soydaşımız bir dəyərdir. Bu baxımdan, Azərbaycan dövləti öz fəaliyyətini ortaya qoyur. Həm də bu, konstutision platformadan irəli gələn öhdəliklərdir. Amma, eyni zamanda, bu öhdəliklərin reallaşması istiqamətində ölkə başçısının siyasi iradəsini görürük. Cənab Prezident hər bir azərbaycanlının, Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut edib. O, andiçmə mərasimində bildirmişdi ki, mən hər bir Azərbaycan vətəndaşının, hər bir azərbaycanlının Prezidenti olacağam. Bu baxımdan da, Prezidentimiz onun vətəndaşının harada olmasından asılı olmayaraq, onun himayəçisidir, onun qayğılarını görür və bu qayğıların həll edilməsi istiqamətində də addımlar atır”.
İradə SARIYEVA