Yusif Vəzir Çəmənzəminlinin nəvələrindən Prezident İlham Əliyevə məktub…

img

Bakıdan Yusif Vəzir Çəmənzəminlinin nəvələri Yusif Vəzirov və Leyla Vəzirova Prezident İlham Əliyevə müraciət ediblər:

“Dekabrın 1-i hər birimiz üçün əlamətdar gündür. Bu gün nəhayət ki, Laçın rayonu da Qarabağın digər rayonları kimi Azərbaycana qovuşdu. Bu münasibətlə ilk öncə Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik.

Biz, ürəyi hər zaman Qarabağ və Şuşa sevgisi ilə döyünən, Qarabağ tarixini “İki od arasında” adlı romanında canlandıran yazıçı-publisist Yusif Vəzir Çəmənzəminlinin ailə üzvləri olaraq Sizə Böyük Qələbə münasibətilə dərin təşəkkürümüzü bildirmək istəyirik.

Siz hər bir azərbaycanlıya qələbə sevincini yaşadaraq bir daha hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut etdiniz. Azərbaycan Sizinlə qürur duyur. Siz bütün Azərbaycan xalqının otuz illik həsrətinə son qoydunuz. Müasir tariximizin şanlı və eyni zamanda, çətin 44 günü ərzində Azərbaycan xalqı Sizin hər bir çıxışınızı və xoş müjdənizi həsrətlə izləyib iftixar hissi keçirirdi.

Vətən müharibəmizin uğurlu nəticəsinin əsas səbəbi həm də rəhbərlə xalq arasında olan vəhdətdir. Bu vacib amil güclü lider və xalq birliyinin bariz nümunəsi və təcəssümüdür. Xalqımız bir yumruq kimi ətrafınızda birləşib.

Müstəqil Azərbaycanımız çiçəklənən kimi, indi vahid Azərbaycanımız, Qarabağımız da, Qarabağın döyünən ürəyi olan, incəsənətimizin beşiyi olan Şuşamız da Sizin müdrik rəhbərliyiniz altında çiçəklənəcək. Biz xoşbəxt nəsilik ki, Vətənimizin qürurlu tarixinə şahidik.

Y.V.Çəmənzəminli həyatının təməli olan Şuşa haqqında belə yazmışdı: “Dağ başında yazı-yayı yaşıllığa, payızı-qışı dumana və qara bürünmüş bir şəhər təsəvvür ediniz. Bu mənim şəhərimdir... Şəhərin hər nöqtəsi tarix söyləyir...”

Artıq bu şəhər hər bir azərbaycanlının şəhəridir. Əminik ki, Sizin apardığınız uzaqgörən siyasətiniz nəticəsində yenidən qədim Şuşanın və bütün Qarabağımızın hər şəhəri, hər küçəsi, hər cığırı daha çox tarix söyləyəcək. Şanlı Qələbəmizdən bəhs edəcək!

... Sizin “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” kəlamlarınız isə Azərbaycan tarixinə əbədi həkk olacaq.

Biz əminik ki, babamızın da uzun illər narahat olan ruhu artıq şaddır.

Var olsun Azərbaycan! Var olsun Prezident İlham Əliyev! Yaşasın Vətən!”

Baki-xeber.com

Son xəbərlər