Fransa erməni lobbisinin təsirindən çıxa bilmir - Senatdan sonra Milli Assambleya da rüsvayçı "Artsax tələsinə" düşdü...

Elman Nəsirov: “Onlar üçün Fransanın milli maraqları deyil, erməni lobbisinin maraqları öndə gəlir”

img

Xəbər verildiyi kimi, Fransa Milli Assambleyası hökuməti Dağlıq Qarabağın tanınmasına çağıran qərar qəbul edib. Belə ki, 188 deputat qərarın lehinə, 3-ü isə əleyhinə səs verib. Qərarda mülki əhalinin təhlükəsizliyinə zəmanət verən həllə nail olmağın, sülhün bərqərar olmasının, eləcə də “Artsax”ın tanınmasının vacibliyi vurğulanıb.

Fransız millət vəkilləri sözügedən qərarda, həmçinin, hökumətə digər Avropa tərəfdaşları ilə birgə ən qısa müddətdə humanitar yardım göstərməyə, eləcə də Türkiyənin Avropa Birliyinə üzv olması prosesini davam etdirmə məsələsinə yenidən baxmağa çağırış ediblər.

Qərar layihəsinin müzakirəsi zamanı Fransa Xarici İşlər naziri Jan-İv Le Drian bildirib ki, qərar Fransa hökuməti üçün tövsiyə xarakterlidir. Bununla belə, nazir Dağlıq Qarabağın tanınmasını danışıqlar prosesi üçün faydalı hesab etmədiyini söyləyib.

Məlumat üçün qeyd edək ki, bundan əvvəl Fransa Senatı noyabrın 25-də hökuməti Dağlıq Qarabağı tanımağa çağıran qərar qəbul edib. İndi də Milli Assambleya sözügedən rüsvayçılığa alət rolunda çıxış edir. Görünən odur ki, Fransa kimi böyük, ənənələri olan bir dövlət erməni lobbisinin təsiri altında rəzil duruma düşür. Ard-arda səhvlər buraxır.

  • “Bu isə, sadəcə, rəzillikdir”

Məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirovun sözlərinə görə, son yaşananlar Fransa üçün rəzillikdir: “Bundan əvvəl Senatın separatçı qurumun tanınması ilə bağlı qətnaməsi oldu və bunun heç bir hüquqi gücü yox idi. Ölkə hökuməti bu qətnamənin icrasını dayandırdı. Bununla bağlı Fransa XİN-in məlum yanaşması bəllidir. O üzdən, güman etmək olardı ki, Milli Assambleya Senatın uğursuz gedişini görüb buna getməyəcək. Ancaq bəlli oldu ki, onlar üçün Fransanın milli maraqları deyil, erməni lobbisinin maraqları öndə gəlir. Bu isə, sadəcə, rəzillikdir. Görünən odur ki, aşağı palatada təmsil olunanlar konyuktur maraqlardan çıxış edirlər. Onlar 2022-ci ildə keçiriləcək seçkilərdə erməni diasporunun etimadını qazanmaq üçün buna gedirlər. Belə çıxır ki, mandat əldə etməkdən ötrü hətta şeytanla da müqavilə bağlamağa hazırdırlar. Bir dövlətdə ki, bu cür ermənipərəst xislətli adamlar əyləşiblər, o zaman bunun nəticəsi Fransa üçün yaxşı olmayacaq. Bu, dövlətin özüllərinə zərbədir. Bununla yanaşı, belə bir dövlətin ATƏT-in Minsk Qrupunda təmsil olunmağa haqqı yoxdur. Çünki belə “qərarlar” münaqişənin həllinə deyil, onun buxovlanmasına yönəlik bir siyasət olacaq. Bir ölkənin ki, parlamenti belə qərar qəbul edir, o zaman belə dövlətə etimad göstərməyə dəyməz. Nəzərə almaq lazımdır ki, Fransa BMT Təhlükəsizlik Şurasının üzvüdür”.

Millət vəkili onu da qeyd etdi ki, yaşananlar Fransanın imicinə güclü zərbədir.

Vidadi ORDAHALLI

Son xəbərlər