BMT xüsusi sessiyasında İlham Əliyevdən bəşəri çağırış - vaksin hamıya ədalətlə paylansın

Kamran Məmmədli: “Koronavirusa qarşı vaksinlərlə bağlı dünyanın bir çox ölkəsindən pozitiv xəbərlər yayılır”

img

Məlum olduğu kimi, dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev sessiyada videoformatda çıxış edib. Prezident çıxışı zamanı qeyd edib ki, COVID-19 əleyhinə bir çox vaksinin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini gözləyir və ümid edirik ki, təhlükəsiz və təsirli vaksin tezliklə hazır olacaq və onun hamı üçün münasib qiymətə paylanması təmin ediləcək.

 

Qeyd edək ki, koronavirus peyvəndinin müxtəlif qiymətə satılacağı barədə fikirlər dolaşır. Bu səbəbdən də dövlət başçısı BMT xüsusi sessiyasında koronavirus peyvəndinin hamı üçün münasib qiymətə paylanması barədə çağırış edib.

Məlumat üçün bildirək ki, Rusiyada istehsal olunan “Sputnik V” koronavirus peyvəndinin qiyməti 10 dollardan (17 manat) azdır və vaksin 2021-ci ilin əvvəlindən etibarən digər ölkələrə satılmağa başlanacaq.

Amerikanın əczaçılıq nəhəngi “Pfizer” ilə Almaniyanın “BioNTech” firmasının yeni tip koronavirusa (COVID-19) qarşı hazırladıqları potensial vaksinin qiyməti də açıqlanıb. Razılaşma çərçivəsində Aİ-nin 300 milyon dozaya “Pfizer” və “BioNTech” şirkətlərinə 4.65 milyard avro ödəyəcəyi açıqlanıb. Bununla koronavirus peyvəndinin hər dozası üçün 15,5 avro ödəniləcək.

  • “…vaksinin satış qiyməti ədalətli şəkildə olacaq və…”

İqtisadçı-ekspert Kamran Məmmədli qeyd etdi ki, koronavirusa qarşı vaksinlərlə bağlı dünyanın bir çox ölkəsindən pozitiv xəbərlər yayılır: “Həmin vaksinin insanlara çatdırılması yaxın həftələrdə, aylarda daha intensiv şəkil alacaq. Bu da pandemiyanın sürətinin azalacağı və normal həyata dönüşün yaxın zamanlarda baş verəcəyi ilə bağlı gözləntilər formalaşdırdı.

Aparılan danışıqlar nəticəsində vaksinin satış qiyməti ədalətli şəkildə olacaq və hər bir ölkə Prezidentimizin çağırışından yararlanacaq”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanda həmişə vaksinləşmə pulsuz olub. Dövlətimiz bunun üçün vəsait ayıracaq, nə qədər lazımdır vaksin alınacaq və poliklinikalarda insanlar pulsuz vaksinasiya olunacaqlar: “Ola bilər ki, vaksinin vurulmasında insanlar kateqoriyaya ayrılsın. Məsələn, uşaqlara, 65 yaşdan yuxarı olanlara, diabeti olan insanlara vaksinin vurulması mərhələ- mərhələ qiymətləndirilsin".

Günel CƏLİLOVA

Son xəbərlər