Azərbaycan Prezidenti BMT-nin xüsusi sessiyasında pandemiyadan qurtuluş strategiyasının zəruri şərtlərindən danışdı - birlik, həmrəylik...

Firdovsi Şahbazov: “Həmin təşkilatların konkret məsələlərlə bağlı işbirliyi problemin həllinə kömək edə bilər”

img

“Beynəlxalq ictimaiyyət yalnız birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmət əsasında COVID-19-un fəsadlarının aradan qaldırılması və indi yayılmaqda davam edən pandemiyadan xilas olmaq üçün strategiyalar hazırlaya bilər”.

Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev bu barədə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında bildirib.

Sessiyada Qoşulmama Hərəkatının üzvü olan 120 dövlət adından çıxış edən Prezident qeyd edib ki, bu xüsusi sessiya beynəlxalq əməkdaşlıq və multilateralizmə sadiqliyin bir daha təsdiq edilməsi və gücləndirilməsi, habelə ən yaxşı təcrübələrin vurğulanması kimi geniş məqsədlərə xidmət edəcək: “Xüsusi sessiyada həm də pandemiyaya qarşı mübarizədə üzv dövlətlərin üzləşdiyi çağırışlar nəzərdən keçiriləcək və üzv dövlətlər, müşahidəçi dövlətlər, müşahidəçilər, BMT-nin aidiyyəti agentlikləri, qurumları və digər maraqlı tərəflər arasında açıq və şəffaf müzakirələrdə BMT-nin mərkəzi roluna dair fikir mübadiləsi aparılacaq”.

Ölkə başçısı onu da qeyd edib ki, COVID-19 əleyhinə bir çox vaksinin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini gözləyirik: “Ümid edirik ki, təhlükəsiz və təsirli vaksin tezliklə hazır olacaq və onun hamı üçün münasib qiymətə paylanması təmin ediləcək”.

Müşahidələr göstərir ki, dünya yalnız həmrəylik və əməkdaşlıq sayəsində bu bəladan xilas ola bilər. Yoxsa, ölkələr ayrı-ayrılıqda bu bəlanın öhdəsindən gələ bilməz.

  • “Yoxsul ölkələrlə bağlı xüsusu humanitar proqramlar qəbul olunmalıdır”

Məsələyə münasibət bildirən iqtisadiyyat üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun sözlərinə görə, Prezident sözügedən məsələ ilə bağlı ən optimal yolu göstərdi: “Nəzərə almaq lazımdır ki, pandemiya dünyada bütün sahələrə bu və ya digər formada öz təsirini göstərir. Elə sahə yoxdur ki, bunun təsirinə məruz qalmasın. Bu səbəbdən COVID-19-un fəsadları çoxşaxəlidir. Xüsusən də iqtisadiyyat sahəsinə pandemiya daha çox təsir göstərir. Artıq bir ildir bu bəla dünyanı ağuşuna alıb. Hesab edirəm ki, dünya ölkələri koronavirusla mübarizədə sıx əməkdaşlıq etməlidirlər. Ümumi müzakirələr çərçivəsində meyarlar hazırlanmalıdır. Bunların da əsasında pandemiyadan xilas olmaq üçün strategiyalar hazırlamaq olar. Dünyada bir sıra iqtisadi, humanitar və digər profilli təsisatlar var. Həmin təşkilatların konkret məsələlərlə bağlı işbirliyi problemin həllinə kömək edə bilər. Pandemiya iqtisadiyyatda ən çox turizm sektoruna zərbə vurub. Elə ölkələr var ki, gəlirlərinin böyük hissəsi turizm sektorunda formalaşırdı. İndi həmin ölkələr bundan məhrum olublar. Ən başlıca problemlərdən biri yoxsul ölkələrin bundan daha çox zərər görməsidir. Hesab edirəm ki, yoxsul ölkələrlə bağlı xüsusu humanitar proqramlar qəbul olunmalıdır. Bu, qismən də olsa həmin ölkələrdə sosial problemlərin həllinə kömək edəcək”.

Ekspert hesab edir ki, çıxış yolu yalnız birgə əməkdaşlıq sayəsində mümkün olacaq.

Vidadi ORDAHALLI

Son xəbərlər