DİN azad edilmiş rayonlarımızda suveren hakimiyyətimizi addım-addım bərpa edir - Laçın və Kəlbəcərdə də komendantlıqlar...

Mayis Əliyev: “Təxribat xarakterli halların qarşısının alınması üçün…”

img

Xəbər verildiyi kimi, işğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarına komendantlar təyin ediliblər.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Laçın Polis Şöbəsinin rəisi, polis polkovniki Adil Əliyev Laçına, Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Haqverdi Əkbərov isə Kəlbəcər rayonuna komendant təyin olunublar.

  • “İşğaldan azad edilən bölgələrə komendantın təyin edilməsi orada yaşayacaq insanların asayişinin tam şəkildə təmin olunmasına səbəb olacaq”

İşğaldan azad olunan Kəlbəcər və Laçın rayonlarına komendantların təyin edilməsinin əhəmiyyəti haqqında danışan sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, torpaqların azad olunması istiqamətində ordumuzun göstərdiyi şücaət dünyaya bəllidir. İşğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonuna komendantların təyin olunması vacibdir: “Geri alınmış torpaqlarda komendantların təyin olunması Azərbaycanın uğurudur. İşğaldan azad olunan bölgələrdə qanuna müvafiq şəkildə polis şöbələri fəaliyyət göstərəcəklər. Həmin rayonlarda qadağan saatının tətbiq olunması da zəruridir. Təxribat xarakterli halların qarşısının alınması üçün önləyici tədbirlər görülməlidir. İşğaldan azad edilən bölgələrə komendantın təyin edilməsi orada yaşayacaq insanların asayişinin tam şəkildə təmin olunmasına səbəb olacaq. Hüquq-mühafizə orqanlarının əməkdaşları qürur hissilə cəbhə bölgələrində xidməti vəzifələrini icra edirlər və edəcəklər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, işğaldan azad edilən ərazilərə komendantların təyin edilməsinin ən böyük əhəmiyyəti orada yaşayacaq əhalinin təhlükəsizliyinin qorunmasıdır.

Günel CƏLİLOVA

Son xəbərlər