Gəncə şəhərindən “Gəncə Maarif Evi” İctimai Birliyinin İdarə Heyəti adından Birliyin təsisçisi Emin Abbasov Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
“Xalqımızın və Ordumuzun Sizin rəhbərliyinizlə keçirdiyi bu çətin və bir o qədər də şərəfli günlərdə “Gəncə Maarif Evi” İctimai Birliyinin kollektivi və gəncəlilər adından apardığınız uzaqgörən siyasətə görə Sizə təşəkkür edir və cansağlığı arzulayıram. Biz hər birimiz bu amal uğrunda Sizin ətrafınızda sıx birləşmişik.
Təəssüflər olsun ki, cəbhə bölgəsində Vətən müharibəsinin getdiyi bir ərəfədə Ermənistan terrorçuları məğlubiyyətlə barışmayaraq cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə və digər şəhərlərimizə raket zərbələri endirməklə öz xislətli siyasətinə uyğun davrandılar. Bu hücumlar nəticəsində bir çox dinc sakin həlak oldu, mülki və ticarət obyektlərinə zərər dəydi. Bunların heç biri Azərbaycan xalqının və gəncəlilərin məğrur ruhunu, mübarizə əzmini sındırmır.
Erməni vandallığının və təcavüzünün gələcək nəsillərə bariz şəkildə ötürülməsi və şəhərdə səfərdə olacaq əcnəbi vətəndaşlara çatdırılması, həlak olanların adının əbədiləşdirilməsi baxımından Gəncə şəhərində raket zərbəsinə məruz qalmış ərazilərin açıq hava muzeyi olaraq formalaşdırılması faydalı olar. Təklifimiz dəyərləndiriləcəyi təqdirdə “Gəncə Maarif Evi” İB olaraq daha ətraflı plan təqdim etməyə və könüllülərimizlə birgə ideyanın icrasına dəstək olmağa hazırıq” - deyə E.Abbasov ölkə başçısına etdiyi müraciətdə qeyd edir.
Baki-xeber.com