29/11/2020 20:55
728 x 90

Qərbdən Azərbaycana təzyiqlər güclənəcək, daha çətin informasiya müharibəsinə hazır olmalıyıq ... - Aydın Quliyev yazır

img

Müharibənin dayandırılması barədə üçtərəfli Qarabağ bəyannaməsindən ABŞ və Fransanın narazılıqları və ya "inciklikləri"üzə çıxdıqca, Azərbaycana Qərbdən təzyiqlər başlayır. Avropadan və Amerikadan Azərbaycana təzyiqlər gedərək güclənəcək və buna görə yeni mərhələ informasiya müharibəsinə ciddi şəkildə hazır olmalıyıq.

Bu sözləri politoloq, “Bakı Xəbər” Media Qrupunun rəhbəri Aydın Quliyev özünün Facebook hesabında yazıb. Azərbaycanın postmüharibə dönəmində üzləşə biləcəyi təzyiqlərə diqqət çəkən politoloq daha sonra yazır:

-ABŞ və Fransanın Qarabağ problemi kontekstində gedən indiki proseslərdən niyə narazı və ya niyə incik düşdüklərinin səbəbləri aydındır. Bölgəmizdə Rusiya və Türkiyənin mövqeyi güclənir, Qarabağ sülh tənzimlənməsində aparıcılıq bu iki ölkənin əlinə keçir, ABŞ və Fransanın Qarabağ sülh nizamlanmasında və ümumən Cənubi Qafqazda mövqeləri zəifləyir, Xəzər və Mərkəzi Asiyanın enerji daşıyıcılarının Azərbaycan ərazisi ilə Qərbə nəql marşrutları üzərində Rusiyanın təsirlərinin güclənmə ehtimalı çoxalır və nəhayət, Qərbin heç məmnun qalmadığı Türkiyə-Rusiya əməkdaşlıq formatı yeni məzmunlarda daha da güclənir.

Mövcud vəziyyətdə təzyiqlərin əsas ağırlığı Azərbaycanın üstünə gələcək. Çünki proseslərin əsas aktoru məhz Azərbaycandır. Çünki Azərbaycana görə qardaş Türkiyə regionumuzda fəallaşır, Türkiyənin fəallaşmasına görə Rusiya regionumuzda öz hərbi iştirakını gücləndirir, məhz Azərbaycana görə formalaşan Türkiyə-Rusiya regional tandemi ABŞ və Fransanın, bütünlüklə Qərbin Cənubi Qafqazda irəliləyişini əngəlləyən amilə çevrilir. Demək, bu gün regionumuzda baş verən hər şeyin yaxşı mənada "işlər başı" Azərbaycandır.

Yuxarıda dedim ki, təzyiqlər artıq başlayıb. Hələlik iki fakt var. Hollandiya parlamenti Azərbaycana sanksiyalar qərarı verib, Paris meriyası artıq "yerlə yeksən edilmiş" qondarma "DQR"-i tanımağa hazırlaşır. Faktların ardı da gələcək və Azərbaycana təzyiqlər özünü bir neçə forma və istiqamətdə göstərəcək:

1.10 noyabrda imzalanmış üçtərəfli atəşkəs sənədinin məzmununun təftiş edılməsi;

2.Müxtəlif vasitələrlə Azərbaycanda və Ermənistanda atəşkəs razılaşmasına qarşı narazılıqlar yaratmaq və kütləviləşdirmək;

3.Qondarma "DQR"-i tanımaq hədələri ilə şantaj;

4.Azərbaycanda insan haqları, demokratiya və seçki məsələlərini daimi müzakirə, təftiş və tənqid mövzusuna çevirmək;

5.Azərbaycanda müxalifətin köhnə radikal qanadını fəallaşdırmaq və yeni radikal qanadlar formalaşdırmaq.

Sonda A.Quliyev bildirir ki, əvvəlki dövrlərdən də çətin və mürəkkəb informasiya müharibəsinə hazır olmalıyıq...

 

 

 

Son xəbərlər