Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu günlərdə verdiyi müsahibəsində Qarabağdakı qondarma qurumun "inauqurasiyası" zamanı Azərbaycan Ordusunun keçirdiyi genişmiqyaslı təlimlərlə bağlı bəzi məqamları açıqlayıb.
Onun sözlərinə görə, həmin gün keçirilən təlimlər ermənilərin və erməni lobbisinin ciddi narahatlığına səbəb olub: “Həmin vaxt Prezidentin tapşırığı ilə ordumuz planlı şəkildə irimiqyaslı təlimlərə başladı. Qısa müddət ərzində minlərlə əsgər, xeyli texnika təlimlərə cəlb edildi. Ermənilər təşvişə düşüb beynəlxalq qurumlara müraciət etməyə başladılar. Bunun özü də ermənilərin işğal siyasətinin beynəlxalq qurumlarda gündəmdə qalmasıdır. Onların general və siyasətçiləri başladılar çıxış etməyə və dedilər ki, Bakı bizə hədə-qorxu gəlir.
Hətta ABŞ-da hərbi mütəxəssislər dedilər ki, Azərbaycan Ordusunun təlimləri yeni üsullar, yeni taktikalarla həyata keçirilir. Erməni lobbisi də təşvişə düşüb, ermənipərəst senatorun vasitəsilə həm ABŞ Müdafiə Nazirliyinə, həm də Dövlət Katibliyinə müraciət edib demişdi ki, Azərbaycanı dayandırın. Bunu onlar görür, amma bəziləri görmür”.
Bütün bu deyilənlərin fonunda, sözügedən hərbi təlim həmin gün hansı effekti verdi?
“Düşmən tərəfini ən çox narahat edən məsələlərdən biri təlimlərin maksimum döyüş şəraitinə yaxın bir ssenaridə keçirilməsidir”
Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, qondarma “inauqurasiya” günü keçirilən təlimlər gərəkən səmərəni verdi: “Məsələ ondadır ki, həmin gün keçirilən təlimlər zamanı Azərbaycan Ordusunun arsenalında olan ən müasir silahlar sınaqdan keçirildi. Təlimlər yeni taktikaya uyğun həyata keçirildi. Ordumuz qarşı tərəfə göstərdi ki, məqam yaranan kimi, qısa müddət ərzində işğal altında olan ərazilər azad ediləcək. Düzdür, Azərbaycan hərbi təcavüzə məruz qalan ölkə olaraq problemin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Ancaq gedən proseslər onu göstərir ki, sülh danışıqları nəticə verməsə, torpaqların hərb yolu ilə azad edilməsi qaçılmazdır. Yəni Azərbaycan tərəfi sülhün tərəfdarı olduğunu bəyan etsə də, Ermənistan hakimiyyəti və bəzi dairələr Qarabağ kartını Azərbaycan əleyhinə daim istifadə etmək istəyirlər. Bu da münaqişənin hərb yolu ilə həllini qaçılmaz edir. Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyev ordu quruculuğuna xüsusi önəm verir. Təsadüfi deyil ki, sözügedən təlimlərdən erməni tərəfi bərk narahat oldu. Bu narahatlıq onun göstəricisidir ki, düşmən tərəf Azərbaycan Ordusu tərəfindən torpaqların azad ediləcəyi günün uzaqda olmadığının fərqindədir. Onlar artıq get-gedə dərk edirlər ki, Azərbaycan işğalla barışmayacaq və hansı yolla olur-olsun, torpaqları azad edəcək. Dövlət büdcəsindən hər il orduya böyük həcmdə vəsait ayrılır. Bütün bunlarda məqsəd ordunun maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və döyüş hazırlığının, müdafiə qüdrətinin artırılmasıdır. Azərbaycan Ordusunun döyüş hazırlığı bir nömrəli məsələ kimi gündəmdədir. Nəzərə almaq lazımdır ki, təlimlər döyüş şəraitinə maksimum yaxın bir ssenaridə keçirilir. Düşmən tərəfini ən çox narahat edən məsələlərdən biri də məhz budur. Çünki təlimlər müasir hərbi tələblər çərçivəsində keçirilir”.
Görünən odur ki, keçirilən təlimlər və təlimlərin formaları get-gedə düşmən tərəfini daha çox narahat edir. Təsadüfi deyil ki, bir sıra erməni ekspertləri əminliklə Azərbaycanın keçirdiyi təlimləri müharibəyə ciddi hazırlıq kimi dəyərləndirirlər.
Vidadi ORDAHALLI