Avropa Parlamenti "Avropa Parlamentinin iyun sammiti ərəfəsində Aİ Komissiyasına və Komissiyanın vitse-prezidenti, Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə Ali Nümayəndəsinə tövsiyə" adlı qətnamə qəbul edib.
Sənəd Avropa Parlamentinin Litvadan olan deputatı Petras Auştreviçyus tərəfindən həmməruzəçilər Radoslav Tsikorski, Anna Fotıqa (hər ikisi Polşa XİN-in keçmiş rəhbərləri olub), Attila Ara-Kovaç (Macarıstan) və Marketa Qreqorovanın (Çexiya) iştirakı ilə hazırlanıb.
Sənədin preambulunda Avropa Parlamentinin 2010-cu il mayın 20-də qəbul edilmiş “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələblər” adlı qətnaməsinə istinad edilir. Bu qətnamənin 8-ci və 10-cu bəndlərində erməni qüvvələri tərəfindən tutulmuş ərazilər “işğal edilmiş ərazilər” adlandırılıb.
Avropa Parlamentinin yeni qətnaməsində də, 10 il əvvəlki sənəddə olduğu kimi, Ermənistan tərəfin Qarabağ münaqişəsinin həllində israr etdiyi "təyini-müqəddərat hüququ" barədə bir kəlmə belə yoxdur. Sənəddə həmçinin qeyd edilir ki, Şərq Tərəfdaşlığı ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü hələ də həll edilməmiş regional münaqişələr, xarici təcavüz və həmin ölkələrin bəzilərinin işğalının davam etməsi ucbatından pozulub.
Qətnamənin başqa bir bəndində xarici qoşunların işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılması barədə çağırış var. Bu bənd ərazilərində işğalçı qoşunların dislokasiya edildiyi “Şərq Tərəfdaşlığı”nın iştirakçısı olan bütün ölkələrə və deməli, əraziləri Ermənistan tərəfindən işğal edilmiş Azərbaycana da aiddir.
Sənəddə Avropa İttifaqının Şərq Tərəfdaşlığının iştirakçısı olan ölkələrin “beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində” suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini dəstəklədiyi qeyd edilir.
Göründüyü kimi, Avropa Parlamentinin növbəti qətnaməsində də Azərbaycanın ərazi bütövlüyünə tam dəstək ifadə olunur və Ermənistanın işğalçı siyasəti ifşa edilir. Bunu Ermənistan diplomatiyası üçün növbəti zərbə saymaq olarmı?
Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, Avropa Parlamentinin Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə dair qəbul etdiyi ilk mötəbər sənəd deyil: “Son vaxtlar Avropa İttifaqının bütün institutlarında ərazi bütövlüyü və milli suverenlik məsələsinə münasibətdə vahid yanaşma müşahidə olunur. Bu il Avropa İttifaqının ayrı-ayrı rəsmi və səlahiyyətli qurumları səviyyəsində 3 fundamental sənəd qəbul olunub ki, onların da hər birində ərazi bütövlüyünə hörmət ifadə olunur. Eyni zamanda Aİ-nin, xüsusilə Azərbaycana münasibətdə “ərazi bütövlüyü” anlayışının konkret parametrləri açıqlanır. Aydın olur ki, Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyünə dəstəyi məhz beynəlxalq səviyyədə tanınmış sərhədlər, yəni Dağlıq Qarabağ regionu ilə birlikdə olan ərazini nəzərdə tutur. Bu da nəticə etibarı ilə həmin sənədlərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində hüquqi bazanın möhkəmlənməsinə xidmət edir. Aİ Xarici İşlər Nazirləri Şurasının 11 may 2020-ci il tarixində qəbul etdiyi “Şərq Tərəfdaşlığının gələcəyi ilə Yekunlar” sənədində Aİ ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, beynəlxalq hüquqa olan sadiqliyini ifadə edib. Sonuncu sənəddə Avropa İttifaqının sırf ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyini əks etdirən bir sıra ciddi bəndlər yer alıb - ilk növbədə erməni silahlı birləşmələri tərəfindən tutulmuş ərazilər “işğal edilmiş ərazilər” adlandırılıb. Həmçinin, “Şərq Tərəfdaşlığı” ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün hələ də həll edilməmiş regional münaqişələr, xarici təcavüz və həmin ölkələrin bəzilərinin işğalının davam etməsi ucbatından pozulduğu qeyd olunub.
Ən vacib məqam - sənəddə məhz xarici təcavüz nəticəsində baş verən münaqişələr zamanı insan haqlarının kobud şəkildə pozulduğu xatırladılır. Qətnamənin daha bir bəndində isə qeyd olunur ki, könüllü olaraq ilkin mövqelərə, yəni dövlət sərhədindən kənara çəkilməsələr, işğal olunmuş ölkənin qəbul edilmiş və bu gündən etibarən Avropa İttifaqı tərəfindən dəstəklənən öz ərazi bütövlüyünü güc yolu ilə təmin etmək hüququ var. Bu isə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün mümkün variantlardan istifadə hüququna verilən dəstəkdir. Yəni ermənilərin daim istinad etdikləri “öz müqəddəratını təyin etmə hüququ” Şərq Tərəfdaşlığının iştirakçısı olan ölkələrə münasibətdə Avropa İttifaqının əsaslandığı prinsip kimi nəzərdə tutulmur.
Bütövlükdə Avropa Parlamentinin bu qətnaməsi beynəlxalq aləmdə ölkəmizin haqlı mövqeyinin daha da möhkəmlənməsinə səbəb olan növbəti siyasi və diplomatik üğür kimi qiymətləndirilə bilər”.
Qəbul edilən sənədin mahiyyəti və ekspertlərin yanaşmasından görünür ki, Ermənistan beynəlxalq arenada növbəti diplomatik məğlubiyyətini alıb. Faktiki olaraq, Avropa İttifaqı dövlətlərin öz suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü və siyasi müstəqilliyini güclə təmin etmək hüququnu belə tanıyıb. Bu da diplomatiyamızın uğuru sayıla bilər.
Məhəmmədəli QƏRİBLİ