Bu gün yeni müharibələrin daha çox texnologiyalar üzərində köklənməsi heç kimə sirr deyil. Xüsusən də ən müxtəlif tələblərə cavab verən pilotsuz uçan aparatlardan (PUA) istifadə indi yeni savaşlarda getdikcə daha çox tətbiq edilməyə başlanan əsas metodlardan biridir. ABŞ Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri general Kennet Makkenzi bu fonda hava hücumlarının gələcəyinin məhz pilotsuz uçuş aparatlarına aid olacağını bəyan edir.
Belə aparatlar həm düzənlik, həm də dağlıq ərazilərdə döyüşlər zamanı özünü tam doğruldub. Bu mənada, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mümkün yeni savaşda pilotsuz uçan aparatlardan geniş şəkildə istifadə olunacağı da şəksizdir.
Burada söhbət, xüsusən də kamikadze dronlardan gedir. Ekspertlər bildirir ki, gəzən döyüş sursatı tədricən dünyanın silah bazarını fəth edir və getdikcə yayılan təsirli bir vasitəyə çevrilir. Hava hücumu ilə hədəfləri məhv edən kamikadze dronlarının yaradılması üzərində fəaliyyət dünyanın bir çox ölkəsində davam edir. Müasir kamikadze pilotsuz cihazı partlayıcı maddələrlə təchiz olunan kiçik ölçülü uçan vasitədir. Hədəf aşkar edildikdə, belə bir cihaz avtomatik olaraq özütuşlanan mərmiyə çevrilir və yerüstü hədəfi məhv edir.
Gəzən döyüş sursatlarını Suriya ordusunun müxtəlif hərbi texnikalarına və Liviyada Xəlifə Haftar qüvvələrinə qarşı kütləvi və səmərəli tətbiq edən Türkiyə bu istiqamətdə böyük uğurlar qazandı. Azərbaycan da artıq analoji təcrübədən istfadədə maraqlı olduğunu bildirir. Özü də işğalçı Ermənistandan fərqli olaraq, Azərbaycan bu xüsusda kifayət qədər böyük nailiyyətlərə imza ata bilib. Ekspertlər hesab edir ki, bu fonda Azərbaycanın Ermənistana vurduğu zərbələr daha sarsıdıcı olacaq. Məşhur “Forbes” nəşri də bu xüsusda maraqlı qeydlər edərək yazır ki, Qafqazda yaddan çıxmış müharibə yeni impuls qazanır, çünki rəqiblər kəşfiyyat aparmaq və zərbə endirmək üçün getdikcə daha mükəmməl pilotsuz texnologiyalar əldə edirlər. Bunun həyacanlı nəticələri isə Avrasiyanın bu kiçik guşəsindən çox uzaqlara gedib çıxır. Məqalənin müəllifi Londonda mənzillənmiş texnologiya jurnalisti və məsləhətçi Devid Hamblinqdir. Müəllif qeyd edir ki, Sovet İttifaqının dağılmasından sonra Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağda münaqişə alovlanıb. Ermənistan, Dağlıq Qarabağ regionu da daxil olmaqla Azərbaycan ərazilərinin bir hissəsini işğal edib. Amma ermənilər Dağlıq Qarabağda “dövlət” elan etsə də, beynəlxalq səviyyədə heç kim onu tanımayıb və region Azərbaycanın ərazisi kimi tanınır. Ermənistanla Azərbaycan arasında münaqişə isə, atəşkəs barədə razılaşmaya baxmayaraq, qaynamaqdadır. Məqalədə bildirilir ki, 2016-cı ildə müharibə açıq toqquşmalara keçdi və o vaxt baş vermiş eskalasiya Azərbaycan ordusunun yeni tip silah - İsraildən alınan “Harop” pilotsuz zərbə aparatı və ya kamikadze-dron tətbiq etməsi ilə yadda qaldı. Həmin döyüşlər zamanı “Harop” ermənilərin bir çox hədəflərini, o cümlədən artilleriya qurğularını, hava hücumundan müdafiə sistemlərini və könüllüləri cəbhəyə gətirən avtobusu uğurla vurub. Xatırlanır ki, “Harop” dron-kamikadzeləri İsrailin IAI şirkəti tərəfindən Azərbaycana satılmışdı. O zaman rəqib “Aeronautics” şirkəti də öz kamikadze-dronlarını Azərbaycana sata bilmək üçün marketinq kampaniyası aparmışdı. Lakin İsrail hökuməti “Aeronautics” şirkətinin “Orbiter 1K” dronlarının ixracını 2 illiyə dayandırmışdı. 2019-cu ildə qadağa müddəti başa çatan kimi şirkət dərhal Azərbaycana 13 milyon dollarlıq dron satışına dair sövdələşmə bağladığını elan etdi. Məqalədə deyilir ki, Azərbaycan “Orbiter” dronlarının lisenziyalı istehsalını da həyata keçirir və “Zərbə” adlı bu dronlar artıq silahlanmaya qəbul edilir. 2019-cu ildə Azərbaycan İsraildən “SkyStriker” dronlarını da alıb. O cümlədən, Azərbaycanın özü də dron istehsalını genişləndirir. 2018-ci ildə Azərbaycan şirkəti elan edib ki, müxtəlif ölçülərdə üç dron-kamikadzenin istehsalı üzərində işləyir. Bu dronlar hədəfi axtararkən 3 saat fasiləsiz havada qala, hədəfi aşkar etməsə bazaya geri qayıda bilər. Müəllif Ermənistanın da pilotsuz aparatlar əldə etmək və istehsalını təşkil etmək üçün cəhdlər göstərdiyini yazır. Amma bildirir ki, bu sahədə Ermənistan Azərbaycandan çox geridə qalır: “Dronlar bu tip münaqişələr üçün ideal yarayır. Onlar baha deyil, yüksək dəqiqliklə hədəfi vurur və pilotu risqə atmadan istifadə edilə bilər”. Vaşinqtondakı yeni Amerika təhlükəsizlik Mərkəzinin əməkdaşı Samuel Bendett isə qeyd edir ki, pilotsuz kəşfiyyat və döyüş aparatlarının hərbi münaqişələrdə tətbiqi daha da sürətlənəcək:“Azərbaycan, Ukrayna, Qazaxıstan, Estoniya, Belarus kimi ölkələr artıq pilotsuz aparatlarının istehsalını həyata keçirdiklərini elan ediblər. Lakin bir çox kiçik ölkələr hazırda öz pilotsuz aparatlarını istehsal etsə də, NATO-nun bir çox üzvlərinin, o cümlədən Böyük Britaniya və Almaniya kimi ölkələrin bu cür taktiki hücum vasitələri çatışmır. ABŞ silahlı qüvvələri isə “Switchblade” pilotsuz döyüş sursatları ilə təchiz olunub, amma onların düşmən kamikadze-dronlardan effektiv müdafiəsi yoxdur. Pilotsuz uçan aparatlar-dronlar ucuz və effektiv döyüş vasitəsidir və Qafqazda hərbçilər bu cür pilotsuz sistemləri əldə etməklə öz imkanlarını xeyli gücləndirmiş olacaqlar”. Yazıda o da bildirilir ki, Qarabağda yeni müharibə daha çox dron müharibəsi olacaq. Azərbaycanın mövcud imkanları isə onun Ermənistan üzərində mühüm üstünlüklər əldə etməsini təmin edəcək.
Hazırda Azərbaycanda müxtəlif PUA-ların istehsalı həyata keçirilir. İsraildən və əsas etibarı ilə də Türkiyədən yeni dronların alışına hazırlıq gedir. Artıq dəqiqdir ki, Azərbaycan ordusunun arsenalı tezliklə Türkiyənin milli istehsalı olan və Suriya, Liviya müharibələrində tətbiq edilərək dünyanın diqqətini özünə cəlb edən pilotsuz döyüş sistemləri ilə genişlənəcək. Bu sahədə artıq ilkin anlaşma əldə edilib və müdafiə naziri Zakir Həsənov yerli telekanallardan birində Türkiyədən pilotsuz döyüş sistemlərinin alınacağını təsdiqləyib. Azərbaycan qardaş ölkədən “Bayraktar”, “Akınçı”, "Kargu-2" kimi dronlarının alınmasına xüsusi maraq göstərir. Xüsusən sonuncu daha çox maraq daoğurur. Bu dronlar yerdən operator tərəfindən idarə olunur. Operator dronları istənilən obyektlərə, o cümlədən hərəkətli obyektlərə yönəldə bilər. Dronlar hədəfi məhv etməyibsə, sonradan yenidən istifadə üçün operatorun yanına qaytarıla bilir. Sahə üzrə məhşur amerikalı ekspert Jozef Trevitikin sözlərinə görə, bu pilotsuz uçuş aparatları düşmənin şəxsi heyətini və digər silahsız hədəflərini məhv etmək üçün qəlpəli, yüngül zirehli təhdidlərə hücum üçün kumulyativ, məhdud məkanda yerləşən hədəflərə qarşı isə termobarik döyüş başlıqları ilə təchiz edilə bilər. Bundan əlavə, pilotsuz vasitə stasionar hədəfləri məhv etmək üçün də istifadə edilə bilər. Pilotsuz istifadənin yarımavtonom rejimi "Kargu"nun hədəfləri müstəqil aşkar edib vura biləcəyini göstərir, operator isə yalnız onu müəyyən bir əraziyə göndərməlidir. Operator dronun hücumunu ləğv edə bilər və ya başqa bir hədəfə yönləndirə bilər. Yüngül zirehli texnikanın karvanları və konvoyları, adi yük maşınları və yüngül zirehli avtomobilləri, silah-sursat anbarları, təyyarə bazaları kimi obyektlər "Kargu" dronları tərəfindən rahatlıqla məhv ediə bilir. Dron sürüsü ilə düşmən müdafiəsinin basdırılmasına və hədəflərin daha təsirli məhv edilməsinə nail olmaq mümkündür. Bunlar bir daha həmin aparatların mümkün Qarabağ müharibəsində effektiv istifadəsinə şərait yaradır.
Onu da qeyd edək ki, pilotsuz vasitələrinin geniş yayılması ilə əlaqədar hərbçilər bu məhsullarla mübarizə aparmaq üçün nəzərdə tutulan vasitələrə ciddi maraq göstərir. Bu, Azərbaycan ordusuna da aiddir. Ermənistandan fərqli olaraq, qeyd edilən istiqamətdə də Azərbaycan mühüm addımlar ata bilib. Artıq Azərbaycanın Belarusun "Radar" KB sənaye şirkətinin istehsal etdiyi "Qroza-S" PUA ilə mübarizə kompleksinin istifadəçisi olduğu heç kimə sirr deyil. "Qroza-S" PUA-lardan obyektləri qorumaq üçün hazırlanan özüyeriyən radioelektron mübarizə kompleksi təcrübədə özünü doğruldub. Azərbaycanın əldə etdiyi kompleks 6x6 şassisinə malik platformada qurulub. Ölkəmizin bu varianta üstünlük verməsi onun tətbiq ediləcəyi ərazilərin relyefi ilə bağlıdır. Şassidəki kabin daxilində idarəetmə və siqnal emal vasitələri yerləşir. "Qroza-S" kompleksi həm PUA-ların, həm də onları uçuşunu təmin edən yerüstü stansiyaların idarəetmə kanallarının aşkarlanmasını təmin edən bir sıra imkanlara malikdir. "Groza-S" stansiyasının Qarabağda ciddi perspektivləri mövcuddur, hətta rəqib ölkələr belə bu stansiyanın imkanlarını yüksək dəyərləndirir. Bu texnika qısa müddət ərzində müəyyən edilən istənilən koordinatlara hərəkət edərək orada yerləşə və funksiyalarının avtonom yerinə yetirilməsinə başlaya bilər. Münaqişə zonasında müxtəlif sinif və tiplərə aid PUA-ların neytrallaşdırılmasında onlar Azərbaycan ordusuna mühüm üstünlüklər qazandıracaq. Düzdür, Ermənistanda onsuz da hansısa təhlükə yarada bilən dron da mövcud deyil. Lakin istənilən halda, Azərbaycan işini burada da ehtiyatlı tutur.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.