ABŞ-da eks-prezidentlərə qarşı maraqlı kampaniya başlayıb. Nyu-Yorkda Amerika Təbiət Tarixi Muzeyinin qarşısında yerləşən sabiq Prezident Teodor Ruzveltin heykəlinin götürüləcəyi gözlənir. Bu barədə Nyu-York şəhərinin meri Bill de Blasionun ofisinin yaydığı açıqlamada bildirilib:
“Amerika Təbiət Tarixi Muzeyi Teodor Ruzveltin heykəlinin sökülməsi ilə bağlı müraciət edərək, abidədə açıq şəkildə afroamerikalıların və hinduların tabe etdirilmiş və irqi cəhətdən alçaldılmış şəkildə təsvir edildiyini bildirib. Biz muzeyin istəyini dəstəkləyirik. Problemli heykəlin sökülməsi düzgün qərardır”. Bundan əlavə, indiki prezident Donald Tramp özündən əvvəlki sələfi olan Obamanı vətənə xəyanətdə ittiham edib. Tramp bunu seçkiqabağı kampaniyasının izlənməsi ilə izah edib.
ABŞ-da keçmiş prezidentlərə yönəlik bu hücumları nə ilə izah etmək olar?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu vəziyyətin olması heç də yaxşı olmayan tendensiyadan xəbər verir:“Tramp ABŞ-a ictimai-siyasi xarakterli böhran yaşadır. Onun özünün siyasəti də ABŞ-ı qlobal güc kimi göstərməyə imkan vermir. Görün orada kimin heykəlini uçurmaq istəyirlər? Rüzvelt kimi dahi bir adamın heykəlini hər hansı bəhanə ilə uçurmaq ABŞ-a başucalığı gətirə bilməz. Bunun üçün ciddi əsas da görünmür. Həmin məsələni qaldıranların fikri ictimai rəyi tam əks etdirə bilməz. Ruzvelt İkinci Dünya müharibəsində ABŞ-ı qələbəyə çatdıran, 4-cü dəfə Prezident seçilən, prezidentliyinin bir ilindən sonra vəfat edən yeganə şəxsdir. Vaşinqton qədər görkəmli şəxsiyyətdir. Bu məsələlər süni olaraq qaldırılır. Bunu kimin etdiyini söyləmək çətin olsa da, bəllidir ki, ABŞ-a heç bir xeyir vəd etmir. Obama ilə Tramp arasında yaşanan qarşıdurma üçün isə müəyyən əsaslar mövcuddur. Barak Obama həqiqətən də zəif bir prezident oldu. Qüdrətli bir ölkənin başına belə bir zəif prezidentin gəlməsi dünyanın özündə də mənfi tendensiyaların baş alıb getməsinə səbəb oldu. Heç Trampın özü də güclü prezident deyil. Onun Obamadan yüksək performanslar gözləməsi qəribə görünür. Bacarıqlı olmasa da, Obama heç olmasa bir çox məsələlərdə dürüst idi. Buna görə də, ABŞ-ın bəlli bir kəsimi tərəfindən sevilirdi. Çox təəssüf ki, Tramp özünün belə keyfiyyətləri ilə öyünə bilməz. Bu baxımdan da, onun Obamaya vətən xaini deməsi yerinə düşən hal deyil. Ümumiyyətlə, prezidentlərin bir-birini tənqid etməsi yaxşı qarşılanmır. Xüsusilə də ABŞ kimi ölkədə bu, rəğbətlə qarşılanmır. Ola bilsin ki, bu, seçkiqabağı dönəmdə dövriyyəyə buraxılan bir piar kampaniyasıdır. Amma belə piarın uğur qazanacağına, ictimai şüura təsir edəcəyinə inanmıram”.
Məhəmmədəli QƏRİBLİ