Ermənistanın “Vətən” partiyasının sədri Artur Vanetsyan açıqlama verib. O müraciət edərək bütün siyasi qüvvələri Paşinyana qarşı birləşməyə çağırıb: “Əziz həmvətənlər, Nikol Paşinyan hakimiyyətini qorumaq üçün heç bir şey qarşısında dayanmayacaq.
Bu gün Nikol Paşinyan öz “orbitindən çıxıb”. İstefaya getdiyim ərəfədə söylədiklərim indi reallığa çevrilir.Nikol Paşinyanın aylardır Konstitusiya Məhkəməsinə və Konstitusiya Məhkəməsi hakimlərinə etdiyi təzyiqlərdən sonra onun göstərişləri ilə konkret bir cinayət tərkibli qanun layihəsi bugünkü parlament iclasının gündəliyinə daxil edildi. O, ən azı 88 deputatın iştirak etdiyi qruplaşma ilə ağır cinayət törədərək hakimiyyəti ələ keçirmək və konstitusiya quruluşunu devirmək istəyir.
Hörmətli deputatlar!
Fikirləşməyin ki, səsverməklə törədilmiş ağır cinayətin nəticələrindən özünüzü qoruya biləcəksiniz. Buna görə də sizi Ermənistanın Baş naziri vəzifəsini tutan və özünü idarə edə bilməyən bir şəxsin qanunsuz təlimatlarına əməl etməkdən çəkinməyə çağırıram. Nikol Paşinyan sizi cinayət törətməyə vadar edir, nəticəsi çox ciddi olacaq – ilk növbədə dövlətimiz, sonra da hər birimiz üçün. Bugünkü səsvermə ilə siz Nikol Paşinyanın hərəkətlərindən cinayət və siyasi məsuliyyəti ayıracaqsınız.
Əziz həmkarlar!
Yaranan vəziyyətə görə “Vətən” partiyası “Konstitusiya quruluşunun bərpası Komitəsi” yaratmaq təşəbbüsü ilə çıxış edir və dövlətin taleyi ilə maraqlanan bütün ictimai-siyasi qüvvələrlə təcili məsləhətləşmələrə başlayır”.
Görünən odur ki, Ermənistandakı bütün müxalif siyasi qüvvələr Paşinyanın üstünə yeriməyə hazırlaşır. Maraqlıdır, sözügedən proseslər nəticəsində nə baş verəcək?
“Nəzərə alsaq ki, Rusiyaya bu və ya digər dərəcədə yaxın olan siyailər xüsusi fəallıq göstərir, o zaman onun üçün çətin olacaq”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, Ermənistanda daxili gərginlik artıqca son vaxtlar siyasi müxalifətin təmərküzləşməsi meyilləri artır: “ Paşınyana qarşı daxili təzyiqlərin artması müşahidə edilir. Məsələ ondadır ki, Paşinyanın əvvəlcə Konstitusiya Məhkəməsinin sədri Tovmasyana etdiyi hücumlar hakimlərin və məhkəmə sisteminin siyasi iqtidarla münasibətini korladı. Bununla yanaşı, “Qarabağ klanı” Paşinyana qarşı fəallığını artırıb. Sözügedən klan bir neçə istiqamətdən Paşinyana qarşı hücuma keçib. Əsasən Paşinyana yönəlik informasiya müharibəsi güclənib. Ermənistan MTX-nın keçmiş sədri, “Vətən” partiyasının sədri Artur Vanetsyan, ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan Paşinyan və onun ətrafını korrupsiyada, dövlət büdcəsini talamaqda ittiham etdi. Bununla bağlı ortaya çıxan faktlar Ermənistanı çalxaladı. Qagik Çarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasının sıxışdırılması siyasi gərginliyi bia az da artırdı. Görünən odur ki, Ermənistanda Paşinyanın devrilməsi prosesinə start verilib. Xüsusən də son proseslərin arxasında Rusiyanın dayandığı güman edilir. Bu arada sabiq prezident Robert Köçəryanın həbsdən çıxması siyasi müxalifəti bir az da ruhlandırıb. Nəzərə alsaq ki, Paşinyana qarşı Rusiyaya bu və ya digər dərəcədə yaxın olan siyailər xüsusi fəallıq göstərir, o zaman onun üçün çətin olacaq. Digər tərəfdən, Paşinyanın koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməməsi və ölkədə xəstəliyin qarşısını ala bilməməsi onun hakimiyyətinə qarşı cəmiyyətin etimadını tükəndirib”.
Belə görünür ki, qarşıda Paşinyanı çox çətin günlər gözləyir. Siyasi müxalifətin birləşməsi və xarici faktorlar ölkədə hakimiyyət dəyişikliyini tezləşdirə bilər.
Vidadi ORDAHALLI