Avropa Şurasının baş katibi Mariya Peyçinovuç-Buriç Ermənistandakı vəziyyətlə bağlı bəyanat verib. Bildirilir ki, Venesiya komissiyasının 19 iyunda qəbul edilmiş konsultativ fikri Ermənistanın parlamenti və Konstitusiya məhkəməsi arasında konstitusiya böhranına səbəb olmuş problemi həll etmək imkanı verir.
Venesiya komissiyasının fikri konstitusiyaya dəyişikliklər məsələsində Konstitusiya məhkəməsinin işinə yenidən baxılması çərçivəsindədir”, bildirilən bəyanatda o da qeyd olunur ki, komissiya, eyni zamanda, parlamentin referendum barədə qərarını dəyişməyə çağırır. Bundan əlavə, Venesiya komissiyası Konstitusiyanın 2015-ci ildəki vəziyyətini qəbul və qanuni hesab edir. Avropa Şurasının katibi həmçinin qeyd edib ki, Venesiya komissiyası keçid dövrünü əhatə edən müvafiq qərardan təəssüf hissi keçirir.
“Mən hakimiyyəti konstitusiya böhranını aşmaq üçün Venesiya komissiyasının təklifləri ilə razılaşmağa və Konstitusiyanın Avropa Şurasının standartlarına cavab verən 2015-ci ildəki vəziyyətinə müdaxilə etməməyə çağırırıam”, deyə bəyanatda bildirilir.
Yaranmış vəziyyətdən hansı nəticəni çıxarmaq olar?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda bu problemin dərin kökü var:“Qısa izahı budur ki, Paşinyan tam avtoritarizmi bərqərar etmək üçün Konstitusiya Məhkəməsini özünə ram etmək istəyir. Artıq parlament bununla bağlı referendum keçirilməsinə razılıq verib. Ümumxalq səsverməsinə çıxarılan məsələ 2015-ci il konstitusiya islahatından əvvəl təyin olunmuş Konstitusiya Məhkəməsinin sədri və bəzi üzvlərinin səlahiyyətlərinin ləğv edilməsidir. "Məxməri inqilab"dan sonra hakimiyyətə gəlmiş Nikol Paşinyan hakimiyyəti məhkəmə sistemində islahatlar məsələsində ciddi problemlərlə üzləşdiyini bildirib. Baş nazir Paşinyan dəfələrlə bildirib ki, hazırkı məhkəmə strukturlarını, xüsusilə ali məhkəmə orqanlarında əksəriyyəti keçmış rejimlə bağlı kadrlar təşkil edib. Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan isə Serj Sarkisyanın rəhbərlik etdiyi sabiq iqtidar Ermənistan Respublikaçı Partiyasının son yüksək vəzifəli üzvüdür. Hrayr Tovmasyan və Konstitusiya Məhkəməsinin 7 üzvü könüllü istefa verəcəkləri təqdirdə maaşlarını ömürlük pensiya şəklində almaq təklifindən imtina edərək, istefa verməyəcəklərini bildirib. Ermənistan müxalifəti gözlənilən referendumu konstitusiyaya zidd, qanunsuz və qeyri-demokratik adlandırıb.
Paşinyan hökuməti 2020-ci il 20 yanvara kimi könüllü istefa verən KM üzvlərinə hazırda aldıqları maaş ölçüsündə ömürlük təqaüd təyin etmək qərarını qəbul etdi. Lakin KM sədri və hakimləri buna da razı olmadılar. Hətta Hrayr Tovmasyana qarşı onun daha əvvəl ədliyyə naziri işləyərkən yol verdiyi günahları ilə bağlı cinayət işləri açılmışdı, lakin o, KM sədri vəzifəsini tərk etmək niyyətində olmadığını bəyan edib. Nikol Paşinyan hesab edir ki, ölkənin məhkəmə sistemində yaranmış böhranın səbəbi hakimlərin, o cümlədən KM hakimlərinin əksəriyyətinin keçmiş hakimiyyət dövründə təyin edilməsi ilə bağlıdır. Avropa qurumları və xüsusilə də Venesiya Komissiyası Paşinyanı bu yoldan çəkinməyə çağırsa da, o geri addım atmaq istəmir. Bu, sözün əsl mənasında, Ermənistanda dərin hakimiyyət böhranının olmasından xəbər verir. Paşinyan hakimiyyətə gələndən sonra Venesiya Komissiyasının, demək olar ki, heç bir tövsiyəsini nəzərə almayıb”.
Məhəmmədəli QƏRİBLİ