Erməni kinorejissor Robert Def və rusiyalı kinorejissor Rano Kubayeva işğal altındakı Azərbaycan torpaqlarında məşhur Fransa aktyorunun baş rol aldığı “Valter” adlı bədii filmin çəkilişinə başlayıblar.
Erməni mediasının yaydığı məlumata görə, iyunun 21-də Xankəndi yaxınlığında filmin çəkilişlərinə start verilib.
Filmdə məşhur “Taksi” filmindən tanınan fransalı aktyor Sami Naserinin qardaşı Bibi Naseri baş rolda oynayacaq.
Azərbaycan əleyhinə saxta fakt və hadisələrlə müşayiət olunan "Valter" filmindəki hadisələr 20-ci əsrin 90-cı illərində baş verir. Filmdə Valter (Bibi Naseri) adlı erməni Rusiyadan Dağlıq Qarabağa gələrək anasını dəfn etməyə çalışır. Hadisələr Qarabağ müharibəsi fonunda cərəyan edir.
Məlumat üçün qeyd edək ki, ötən ilin avqustunda Azərbaycan Mədəniyyət Nazirliyi erməni və rusiyalı kinorejissorların işğal altındakı Qarabağda film çəkilişlərinə hazırlığı ilə bağlı olaraq Rusiya Mədəniyyət Nazirliyinə etirazını bildirib. Ancaq görünən odur ki, buna əhəmiyyət verməyiblər. Bütövlükdə, işğal olunmuş Dağlıq Qarabağ ərazisində belə qanunsuz filmlərin çəkilməsinə necə mane olmaq olar və sözügedən məsələ ilə əlaqədar daha nə edilməlidir?
“Xarici İşlər Nazirliyi səviyyəsində buna etiraz edilməlidir”
Məsələyə münasibət bildirən tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, beynəlxalq hüquq müstəvisində belə halların qarşısını almaq istiqamətində səyləri artırmaq lazımdır: “Rusiya hər zaman Qarabağ məsələsində rəsmiyyətə gələndə riyakarlıq edir. Qarabağdakı separatçı qurumu Rusiya tanımır. Ancaq hamı da bilir ki, Qarabağ münaqişəsinin memarı Rusiyadır. Ermənistanda olan hərbi bazalardan hər zaman separatçıların xeyrinə istifadə edilir. Azərbaycan tərəfi Rusiya ilə münasibətlərdə qonşuluq prinsiplərinə önəm verir. Hətta Azərbaycan tərəfindən Həştərxanda məktəb tikintisi də həyata keçirilir. Bizim Rusiyaya münasibətdə səmimi olmağımıza rəğmən, onlar bizə qarşı səmimi deyil. Ona görə də belə xoşagəlməz hallar baş verir. O baxımdan rusiyalı kinorejissor Rano Kubayevanın işğal altındakı Azərbaycan torpaqlarında film çəkilişlərində iştirak etməsi təəssüf doğurur. Ermənilərin Rusiya telekanallarında, mediasında təsir imkanları genişdir. Hesab edirəm ki, biz bu məsələni belə buraxmamalıyıq. Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində beynəlxalq hüquqa uyğun olaraq buna etiraz edilməlidir. Eyni zamanda, həmin filmin çəkilişində iştirak edən şəxslər “qara siyahı”ya salınmalıdır”.
Bütün mümkün vasitələrlə belə halların baş verməsinin qarşısını almaq lazımdır. Əks təqdirdə müxtəlif ölkələrin işğal olunmuş ərazilərdə film çəkilişlərində qanunsuz iştirakı adi hal ala bilər.
Vidadi ORDAHALLI