Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarının əlavəsində fəaliyyətinə icazə verilmiş sahələrin siyahısında kütləvi informasiya vasitələrinin (KİV) də adı qeyd edilib.
Operativ Qərargahdan verilən məlumata görə, bu məqam sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinin hüquqi təminatıdır və onu göstərir ki, KİV-in fəaliyyəti ilə bağlı heç bir hüquqi məhdudiyyət yoxdur.
Bildirilib ki, sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə bu hüquqdan istifadənin texniki tərəfi icazə.e-gov-az portalında qeydiyyatdan keçməklə həll olunur.
Azərbaycanda akkreditasiyadan keçmiş xarici KİV-in təmsilçiləri haqda məlumatlar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən icazə.e-gov-az portalına daxil edilib.
Yerli KİV-in nümayəndələri isə, Qərarda qeyd olunduğu kimi, fəaliyyət göstərdikləri KİV-in rəhbərliyi tərəfindən icazə.e-gov-az portalında qeydiyyatdan keçirilməlidir.
Mülki hüquqi müqavilə əsasında fəaliyyət göstərən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən, hər hansı hüquqi şəxslə müqavilə bağlamadan VÖEN əsasında fərdi fəaliyyət göstərən şəxslər barədə məlumatlar onların özləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə etməklə icazə.e-gov-az portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.
Qeydiyyatla əlaqədar yaranan problemlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinə müraciət oluna bilər.
Ancaq maraqlıdır ki, bəzi şəxslər bu sadə proseduru həyata keçirmək əvəzinə, Operativ Qərargahın qəbul etdiyi bu qərarı mediaya təzyiq kimi qiymətləndirir. Operativ Qərargahın bəyanatından da görünür ki, onlar bu ittihamla qəti razılaşmırlar. Bəs müstəqil hüquqşunasların Operativ Qərargahın KİV-lə bağlı verdiyi qərara münasibəti necədir?
Azərbaycan Vəkillər Kollegiyasının üzvü Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Operativ Qəraragah, bir çox sahələr kimi, KİV nümayəndələrinin də fəaliyyətinə, sərbəst hərəkətinə icazə verib:“Bəzi KİV əməkdaşları bu icazəni səhv anlayıblar. Təəssüf ki, bu yöndə onları səhv istiqamətə yönəldən ekspertlər də var. Onların verdiyi səhv hüquqi şərhlər həmin jurnalistləri daha da kontekstə uyğun olmayan yazılar yazmağa vadar edir. Hesab edirəm ki, həmin ekspertlərin başlıca məqsədi bulanıq suda balıq tutmaqdan ibarətdir. Bəzi müstəqil jurnalistlər onların fəaliyyətinə bu qərarın mane olduğunu deyir. Bu məsələlər qanunvericiliklə tənzimlənir. KİV haqqında qanunda qəzet və sayt yaratmağın sadə prosedur olduğu göstərilir. Bunun özü göstərir ki, KİV-in fəaliyyəti üçün nə qədər münbit şərait var. Nədənsə, həmin ekspertlər qanunun bu yumşaq tərəfindən heç danışmırlar. KİV həm də bir kommersiya qurumudur. Onun gəliri, çıxarı ilə bağlı məlumatlar verilməlidir. Əgər bu yoxdursa, onda sual oluna bilər: hansı maraqla belə KİV fəaliyyət göstərir? Ya gəliri var, gizlədilir, ya da qanunsuz üsullarla maliyyələşir. Bu elementar qaydalara riayət olunsa, KİV-dən hesabatlar tələb olunacaq. Həmin hesabatlarda KİV-in vergi və sosial ödənişləri barədə məlumatlar veriləcək. Burda nə çətin iş var ki? Hətta adi bir “asan imzanın” olmağı kifayət edir ki, jurnalist özü barədə məlumatı portala daxil etsin. Çoxunda bu da yoxdur. Onda bu fəaliyyətin adını nə qoyaq? Əlinə bir telefon götürüb, çəkib hadisəni ictimailəşdirmək blogerlikdi, onun peşəkar jurnalistika ilə heç bir əlaqəsi yoxdur. Operativ Qərargah bu adamların jurnalist olduğunu necə müəyyən edə bilər? Onda hər əlində telefon olan deyəcək ki, mən jurnalistəm. Baxırsan adamın adına sayt var, amma bu icazəni almaq istəmir, müstəqil jurnalist kimi özünə əlavə imtiyaz istəyir. Saytın fəaliyyəti o deməkdir ki, sən artıq hüquqi şəxsə rəhbərlik edirsən. Bu yolla icazənin alınması daha asandır. Sərbəst jurnalistika ilə məşğul olan şəxs də şəxsi “VOEN” əsasında fəaliyyət göstərməlidir. Çünki bütün fəaliyyətlərin vergi uçatonda durması mütləqdir. Bu üsulla da icazənin alınması asandır. İllərdir pul qazanıb vergidən yayınan jurnalistlərin əksəriyyəti belə tələbləri yerinə yetirmədiyi üçün çətin vəziyyətlə üzləşib. Əldə yalnız vəsiqənin olması şəxsin jurnalistika ilə məşğul olduğuna dəlalət etmir. Keçən sərt karantin zamanı biz gördük ki, vəsiqələri jurnalistika ilə əlaqəsi olmayan adamlara satıblar, onların arasında hətta məktəb direktoru belə vardı”.
Məhəmmədəli QƏRİBLİ