Ordusunun döyüş qabiliyyətini mütəmadi olaraq yüksəldən Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində güc amilindən istifadəni istisna etmir. Bu fonda ordumuzun mümkün Qarabağ əməliyyatlarında qalibiyyətini tezləşdirəcək hərbi texnikalarla təminatına daim xüsusi önəm verilir. İyunun 26-da Azərbaycan ordusu günü ərəfəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov yerli telekanallara verdiyi müsahibədə bu xüsusda bir sıra maraqlı məqamlara toxundu.
Silahlı Qüvvələrinin hazırkı vəziyyəti və imkanları barədə bəzi təfərrüatları açıqlayan nazir, xüsusilə silah alışı haqqında maraqlı qeydlər etdi. Azərbaycanın bu məsələyə mümkün hərbi əməliyyatların gedişini nəzərə alaraq elmi baxımdan yanaşdığını vurğulayan nazir bildirdi ki, bu, hərbi aviasiyaya da aiddir. Zakir Həsənovun sözlərinə görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin əsas hücum təyyarəsi hazırda Su-25-dir. Nazirin fikrincə, bu çox yaxşı zirehli təyyarədir, çoxmanevrlidir, dağlıq ərazilərdə döyüşmək üçün mükəmməldir. Bundan başqa o bildirib ki, bir sıra Avropa ölkələri, Belarus və İsrailin yardımı ilə aviasiya parkındakı Su-25-lər modernləşdirilib. Eyni zamanda, Müdafiə Nazirliyinin başçısı vurğulayıb ki, Azərbaycan müasir yeni nəsil təyyarələrinin əldə edilməsi imkanlarını nəzərdən keçirir.
Rusiyalı hərbi mütəxəssis, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotchenko isə qeyd edir ki, Su-25 əslində zamanın sınanmış yaxşı hücum təyyarəsidir:“Ən çox düşmən atəşi şəraitində yerüstü hədəflərə zərbə endirməyə uyğunlaşdırılıb. Bu təyyarələri təcrübəli pilotlar idarə etsələr və təyyarələrə düzgün xidmət edilərsə, bunlar vasitəsilə rəqibə sərt zərbələr endirmək olar. Su-25-lər bu xüsusda ciddi bir potensiala malikdir. Eyni zamanda, Azərbaycana yeni döyüş maşınları, xüsusən Su-35 almaq barədə düşünmək lazımdır. Azərbaycan Hərbi Hava Qüvvələrinin yenilənməsi qaçılmazdır və ölkənizin Rusiyadan Su-35-i alması, mənim fikrimcə, ciddi bir qərar olacaq. Bu, Azərbaycanın hərbi gücünü daha da artıracaq”. Hərbi ekspert hesab edir ki, Azərbaycan bir və ya iki təyyarə almamalı, əksinə, ən azı bir eskadrilyanın yenidən silahlanmasına görə alış həyata keçirməlidir:“Bu, ölkənin hərbi gücünə çox ciddi bir töhfə olardı. Su-35 çoxfunksiyalı bir nəsil 4 ++ qırıcısıdır, istənilən hədəfə - quruya, hava və dənizə çata biləcək yeni silahlardan istifadə edir. Bu maşınların alınması Azərbaycanın hərbi imkanlarını xeyli artıracaq. Bu gün Azərbaycan ordusu bölgədə və postsovet məkanında ən yaxşılardan biridir. Ölkə prezidenti İlham Əliyev Silahlı Qüvvələrin gücləndirilməsinə çox ciddi diqqət yetirir. Məqsədə çatmağın yollarından biri Rusiya ilə hərbi-texniki əməkdaşlıqdır. Bu günə qədər Rusiya Azərbaycana dəyəri 5 milyard dollardan çox olan silah verib. İnanıram ki, Rusiya silahlarının Azərbaycana verilməsinə dair yeni müqavilələr olacaq və bu da Azərbaycan Respublikasının təhlükəsizliyinin möhkəmləndirilməsinə ciddi töhfə sayıla bilər”. Xatırladaq ki, bu il aprelin əvvəllərində Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup mütəxəssisi müasir Su-35 və MiG-35 qırıcıları istehsal edən Rusiyanın hərbi-sənaye kompleksinin müəssisələrində olub. “Rosoboroneksport” nümayəndələri və təyyarə zavodlarının rəhbərliyi ilə görüşlərdə döyüş maşınlarının taktiki və texniki, istismar və texniki xüsusiyyətləri, eləcə də digər məsələlər müzakirə edilib. Azərbaycan tərəfi Rusiya istehsalı olan ən qabaqcıl döyüş təyyarələrinin alınmasında ölkənin maraqlı olduğunu bildirib. Bu fonda yaxın tezlikdə Rusiyadan yeni təyyarələrin alınması tamamilə gözlənilən sayılır.
Azərbaycanın Rusiyanın Su-35 və MiQ-35 çoxfunksiyalı qırıcıları ilə maraqlanması, əslində çoxdan Ermənistanda ciddi narahatlıqla qarşılanır. Erməni hərbi ekspert Artsrun Hovhannisyan bildirib ki, bu gözlənilən idi, Ermənistan Su-30-lardan sonra Azərbaycanın onun ordusuna qarşı daha güclü silahlarla çıxmağa çalışacağını bilirdi:“Müəyyən mənada bütün bunlar gözlənilən idi. Və sadəcə başa düşmək lazımdır ki, hansı konsepsiyanı inkişaf etdirməyə çalışacaqlar. MiQ-29-dan MiQ-35-ə keçid çox maraqlıdır”. Hovhannisyan qeyd edib ki, Azərbaycanın hansı yolla gedəcəyini zaman göstərəcək. Onu da xatırladaq ki, hər iki təyyarədə hədəfləri aşkar etmək üçün yeni tip radiolokasiya stansiyaları quraşdırılıb. Açıq arxitekturası olan hər iki təyyarə lokal müharibənin aparılmasında mühüm rol oynayan radioelektron mübarizə vasitələrindən ibarət rəqəmsal müdafiə kompleksləri ilə təchiz edilib. Bu, həmin təyyarələrə bütün növ müasir aviasiya silahlarından istifadə etmək imkanı verir. Ən yeni texnologiyaların tətbiqi ilə istehsal edilən Su-35 təyyarəsi “hava-hava” sinfinə aid yeni R-37M səsdən sürətli raketlərdən istifadə edir və məhz buna görə də 300 kilometr uzaqlıqda olan hava hədəflərini məhv etmək imkanına malikdir. Düşmənin hava hücumundan müdafiə vasitələrinin əhatə etdiyi zonadan kənarda qalmaqla yüksək dəqiqlikli silahlarla yerüstü və suüstü hədəflərə effektiv zərbələr endirməyə malik olan Su-35 təyyarəsi 12, MiQ-35 təyyarəsi isə 9 ədəd müxtəlif tipli aviasiya məhvetmə vasitələri daşımaq üçün asqı nöqtəsinə malikdir. Su-35 və MiQ-35 qırıcılarının fərqləndirici xüsusiyyətlərindən biri də uzaq məsafədə eyni vaxtda bir neçə hava hədəfinin aşkar edilməsi, izlənməsi və məhv edilməsidir. Azərbaycan Hərbi Hava Qüvvələrinin bu növ qırıcı təyyarələrlə gücləndirilməsi döyüş əməliyyatları zamanı onlara Ordumuzun qoşun növləri və qisimlərini havadan dəstəkləməklə yanaşı düşmənin yerüstü qoşun qruplaşmasını, hərbi və strateji əhəmiyyətli obyektlərini məhv etmək imkanı verəcək. Yaxın tezlikdə bu təyyarələrdən müəyyən partiyanın ölkəmizə gəlişi gözlənir.
Bundan başqa, ordumuz indi istifadəsində olan Su-25 təyyarələrinin bundan sonra da istismarını davam etdirmək istiqamətində müvafiq addımlar atır. Bu yaxınlarda isə bəlli olub ki, Gürcüstan Su-25 təyyarələrinin istehsalını Azərbaycanla birgə inkişaf etdirə bilər. Bunu hərbi ekspert Vaxtanq Maisaya da təsdiq edir. Onun sözlərinə görə, hərbi təyyarələrin istehsalının bərpası məsələsində Gürcüstanın Ukrayna ilə əməkdaşlıq edəcəyi ehtimal olunur:“Ukraynada aviasiya sahəsinin möhkəm təməli var. Bu sahə Azərbaycanla birgə də inkişaf etdirilə bilər. GUAM ölkələrinin potensialından da istifadə etmək mümkündür”. Bu təyyarələr döyüş meydanında, istənilən hava şəraitində, gecə-gündüz quru qoşunlarının bilavasitə dəstəklənməsi və müxtəlif obyektlərin məhv edilməsi üçün təyin edilib. Su-25 təyyarəsi döyüşdə sağqalma və yüksəkmüdafiəli sistemlərə malikdir. Əsas diqqət pilot kabinəsinin və yanacaq sisteminin təhlükəsizliyinə yönəldilib. Modernizə edilmiş Su-25 döyüş təyyarəsinin güclü döyüş kompleksinə müxtəlif toplar, aviabombalar, idarəolunan və idarəolunmayan “hava-yer”, idarəolunan “hava-hava” raketləri daxildir. Ümumilikdə təyyarəyə 30 növ silah quraşdırıla bilər.
Indinin özündə də Azərbaycan aviasiya sarıdan Ermənistanla müqayisədə kifayət qədər böyük üstünlüyə malikdir. Hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinin aşağıdakı inkişaf istiqamətləri mövcuddur: yeni təyyarələrin və vertolyotların alınması; mövcud aviasiya texnikalarının modernləşdirilməsi; uçuş idarəetmə mərkəzlərinin və komanda məntəqələrinin modernləşdirilməsi; aviasiya uçuş heyətinin, həmçinin idarəetmə personalının təcrübəsinin artırılması, müasir təhsil; yerli istehsal hesabına aviasiya parkının genişləndirilməsi. Indiyə qədər isə müharibə şəraitinin mövcudluğu və əlverişli relyef, həmçinin keçmiş sovet ordusunun Cənubi Qafqazdakı əsas aviabazalarının Azərbaycanda yerləşməsi müstəqillik dövründə Azərbaycan Silahlı Qüvvələrinin bu birləşməsinin dinamik inkişafına imkan verib. Kadr heyəti baxımından da Azərbaycan mühüm üstünlüyə malikdir. Xatırladaq ki, Azərbaycanın pilotları Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbində hazırlanır. Xarici ölkələrdən Türkiyə, Ukrayna, ABŞ, həmçinin bir sıra NATO ölkələri ilə təcrübə mübadilələri aparılır. Hazırda Azərbaycanın hərbi təyyarəçiləri MDB məkanında ən çox uçuş keçirən hərbi pilotlar sayılır. Indiyə qədər olan praktika hərbi əməliyyatlarda hərbi aviasiyanın mühüm üstünlükləri olduğunu bir daha göstərir. Azərbaycan Silahlı Qüvvələrində hərbi təyyarə parkının genişlənməsini də məhz bu baxımından müsbət saymaq olar. Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda maddi-texniki imkanlar baxımından yüksək və ən çox döyüş təyyarəsi olan ölkə sayılır. Müxtəlif məlumatlara görə, hazırda 8000 nəfər personalın xidmət etdiyi Azərbaycan aviasiya arsenalına 200-ə yaxın döyüş təyyarəsi, 160-a yaxın zərbə helikopteri, həmçinin 50-yə qədər yardımçı təyyarə və helikopter daxildir. Onların sayının tezliklə daha da artması gözlənir. Artıq bəllidir ki, İtaliyanın “Leonardo” şirkətinin “M-346 Master” reaktiv təlim-məşq təyyarəsinin bir neçəsi ölkəmizə gətirilib. Ümumiyyətlə, “Leonardo” korporasiyasının Azərbaycanda həyata keçirilən bir neçə layihəsi mövcuddur. Bu korporasiyanın tərkibinə daxil olan “Agusta Westland” şirkəti Azərbaycana helikopterlərin satışını həyata keçirib. Pakistandan da yeni təyyarələrin alınması gözlənir və bu da Azərbaycanı daha güclü hala gətirir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.