Rusiya və Ermənistan arasında getdikcə pisləşməkdə olan münasibətlərin sonuncu üçün ciddi problemə çevriləcəyinə dair xəbərdarlıqların sayı artır. Eyni zamanda Ermənistanda o da xüsusi diqqət mərkəzinə gətirilir ki, Kreml İrəvandan üz döndərir və Nikol Paşinyan iqtidarını qəbul etmir. Bu xüsusda diqqət ona da yönəldilir ki, Nikol Paşinyan iyunun 24-də Moskvada baş tutacaq İkinci Dünya müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş tədbirdə iştirak etməyəcək.
Erməni politoloq Vigen Hakobyan bildirib ki, mövzu özlüyündə problematik ola bilər. Onun sözlərinə görə, əslində bir çox liderlər bu tədbirdə iştirak etməyəcək. Amma onlar prezident Vladimir Putinə bunu açıq şəkildə telefonda desələr də, Paşinyanın buna cəsarəti çatmayıb. Həm də Paşinyan Putinin onunla telefonla belə danışmaqdan imtina edəcəyindən ehtiyat edir:“Bu durumda Paşinyan koronaviriusu da getməmək üçün bəhanə qismində istifadə edir. Düşünmürəm ki, Ermənistanda ən azından koronavirusla bağlı vəziyyət bir neçə saat ərzində dəyişəcəkdi. Ermənistan-Rusiya dövlətlərarası münasibətləri konkret şəxslərdən asılı deyil. Lakin düşünürəm ki, şəxslərarası münasibətlərə, qarşılıqlı etimada mənfi təsir göstərən bəzi daxili siyasi problemlər var. Əgər diqqət yetirmisinizsə, Nikol Paşinyan məktub yazıb, yəni Putinlə telefon danışığı belə olmayıb. Bu da hansısa nüansdan xəbər verir. Adətən, kimlər getməyəcəksə, telefon danışıqları edib, İlham Əliyevlə, Nazarbayevlə telefon danışığı oldu. Paşinyanı isə heç buna da layiq görmədilər”.
Erməni politoloq Yervand Bozoyan isə qeyd edir ki, “Çiçəklənən Ermənistan” partiyası ilə bağlı məsələ də Nikol Paşinyanın İkinci Dünya müharibəsində qazanılmış qələbənin 75 illiyinə həsr olunan parad keçirilməsi planlaşdırılan Moskvaya səfərinin ləğv olunmasına təsir edib. Çünki Paşinyan bununla Moskvanı daha da qəzəbləndirdiyini yaxşı bilir:“Ermənistan baş nazirinin qərarı, böyük ehtimalla, daxili siyasi problemlərlə və gərginliklə, xüsusilə də “Çiçəklənən Ermənistan” partiyası ilə bağlı məsələ ilə əlaqəlidir”. Erməni politoloq “Çiçəklənən Ermənistan” partiyası ilə bağlı problemin Moskvanı qıcıqlandırdığını istisna etməyib. Bozoyanın sözlərinə görə, mövcud mürəkkəb qarşılıqlı münasibətlərdə Paşinyana başa salıblar ki, Ermənistanda yeganə rusyönümlü parlament fraksiyasına hücum edilməsindən narazıdırlar:“Paşinyanın başqa əsaslandırmalar gətirməyə çalışacağı anlaşılandır, ancaq Tsarukyana qarşı baş verənlərin əslində seçici ədalət olduğu hamı üçün aydındır, çünki Ermənistanda seçkilər on illərdir mütəmadi olaraq saxtalaşdırılıb və seçki rüşvətinin ataları 1995-1996-cı illərdə Nikol Paşinyanın ideoloji dostları olublar. Təəssüflər olsun, sonralar bu ənənə davam edib, lakin məlum olur ki, bütün bunlar üçün Tsarukyanı məsuliyyətə çağırmağa çalışırlar. Bu, Rusiyanı da ciddi narazı salır”.
Ermənistan parlamentinin deputatı Gevorq Petrosyan bu vəziyyətdə Rusiyanın və erməni diasporunun İrəvandan üz döndərəcəyini bildirir:“Tsarukyan həbs olunsa, Ermənistana hansısa investisiya qoyulacağını unudun”. O qeyd edib ki, Rusiya da daxil olmaqla, xarici dünya Ermənistan hakimiyyətinin üzünə tüpürür:“Artıq it yerinə qoymurlar. Dövlət büdcəsi yalnız vətəndaşları cərimələmək hesabına doldurulacaq. Və məhz kiçik ölkəni itiririk. Sonra deməyin ki, nə olduğunu gördün, xəbərdarlıq etmədin”.
Onu da bildirək ki, bütün xəbərdarlıqlara baxmayaraq, Paşinyan Tsarukyanı həbs etməkdə israrlıdır. Hətta Ermənistan Milli Təhlükəsizlik Xidməti “Çiçəklənən Ermənistan” partiyasinin lideri haqqında seçilən qətimkan tədbiri haqqında qərardan apelyasiya şikayəti verib. Bundan əvvəl isə Ermənistanın birinci instansiya məhkəməsi Tsarukyan barədə həbs qətimkan tədbiri seçməkdən imtina etmişdi. Amma Paşinyanın göstərişi ilə Milli Təhlükəsizlik Xidməti Tsarukyanı tutmaqda israrlıdır. Qurum Tsarukyan barədə məhkəməyə bir yox, bir neçə fakt və ya informasiya təqdim etdiyini bildirib. Milli Təhlükəsizlik Xidməti “Çiçəklənən Ermənistan” partiyasının aktivistlərinin mənzillərində 80-dən çox axtarış apardığını və burada seçicilərin alınmasını təsdiq edən faktlar aşkarladıqlarını bildirib. Qeyd edək ki, Tsarukyan 2017-ci ildə seçicilərin səsini pulla almaqda və dövlətə 62 milyon dollar ziyan vurmaqda ittiham edilir. Amma onun ətrafında baş verənlər artıq Rusiyanı daha ciddi şəkildə narazı salır.
Erməni politoloq Suren Sarkisyan Nikol Paşinyanı bu fonda ciddi problemlər gözlədiyini bildirir. Sarkisyanın sözlərinə görə, Rusiya-Ermənistan münasibətlərindəki problemlər hazırda ictimai sahədə peyda olur:“Ümumi vəziyyət belədir: Rusiya hakimiyyəti tərəfindən Ermənistanın bəzi rəsmilərinə qarşı müəyyən gərginlik, inamsızlıq var”. O xatırladır ki, Tsarukyan faktiki olaraq Paşinyan hakimiyyətinə qarşı mübarizə elan edib və bu məsələ üzrə digər siyasi partiya və ictimai təşkilatlarla konsultasiyalara başlayacağını deyib. Bu durumda Paşinyan Moskvanın mövqeyini nəzərə almadan Tsarukyana qarşı hücuma keçib. Indi yaranmış vəziyyətdə o geri çəkilsə, müxalifət tərəfindən devriləcəyindən qorxur. Geri çəkilməsə, Moskva onu əzməyə davam edəcək.
Nahid SALAYEV