Avropa Parlamenti şənbə günü qətnamə qəbul edib. Qətnamədə Avroparlament "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazilərinin işğalını pisləyib.
Sənəd Avropa Parlamentinin Litvadan olan deputatı Petras Auştreviçyus tərəfindən həmməruzəçilər Radoslav Sikorski, Anna Fotıqa (hər ikisi Polşa XİN-in keçmiş rəhbərləri olub), Attila Ara-Kovaç (Macarıstan) və Marketa Qreqorovanın (Çexiya) iştirakı ilə hazırlanıb.
Qətnamədə Azərbaycanın ərazi bütövlüyünə xüsusi dəstəyi ifadə edən müddəa öz əksini tapıb. Təşkilatın bu qətnaməsi işğal olunmuş torpaqların zor gücünə saxlanması siyasətini kəskin şəkildə pisləməklə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi prinsiplərini təsdiq və təsbit edir. Sənədin preambulunda Avropa Parlamentinin 2010-cu il mayın 20-də qəbul edilmiş “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələblər” adlı 2009/2216(INI) nömrəli qətnaməsinə istinad edilir. Bu qətnamənin 8-ci və 10-cu bəndlərində erməni qüvvələri tərəfindən tutulmuş ərazilər “işğal edilmiş ərazilər” adlandırılıb. Avropa Parlamentinin yeni qətnaməsində də, 10 il əvvəlki sənəddə olduğu kimi, Ermənistan tərəfin Qarabağ münaqişəsinin həllində israr etdiyi "təyini-müqəddərat hüququ" barədə bir kəlmə belə yoxdur. Sənəddə, həmçinin, qeyd edilir ki, “Şərq Tərəfdaşlığı” ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü hələ də həll edilməmiş regional münaqişələr, xarici təcavüz və həmin ölkələrin bəzilərinin ərazilərinin işğalının davam etməsi ucbatından pozulub. Daha sonra sənəddə xarici qoşunların işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılması barədə çağırış var.
Aİ-nin prinsipial mövqeyini əks etdirən bu sənəd Azərbaycan-Avropa münasibətlərinin fundamental prinsipləri olan sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü kimi məsələləri tam şəkildə əks etdirməklə, “Şərq Tərəfdaşlığı”nda yaxın strateji tərəfdaş olan Azərbaycanla bağlı Avropa İttifaqının yekun və konkret mövqeyinin ifadəsi hesab edilə bilər.
Maraqlıdır, bəs ekspertlər qətnamənin əhəmiyyətini necə dəyərləndirirlər?
“Ermənilər buna əməl etməyəcəklərsə, o zaman güc variantının tətbiq olunmasına hüquqi baxımdan zəmin yaranır”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, sözügedən qətnamə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi baxımından əhəmiyyətli bir sənəddir: “Bu sənəd Avroparlamentdə bir sıra ölkələri təmsil edən deputatların təşəbbüsü ilə hazırlanıb. Eyni zamanda, bu, kifayət qədər sağlam düşüncəli bir təşəbbüsdür. Qətnamədə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Bu, Ermənistan diplomatiyasına endirilən növbəti zərbədir. Onların ərazi iddialarına qarşı vurulan yaxşı bir şapalaqdır. Ermənilər buna əməl etməyəcəklərsə, o zaman güc variantının tətbiq olunmasına hüquqi baxımdan zəmin yaranır. Hesab edirəm ki, sözügedən qətnamə bizim üçün güclü hüquqi bir əsasdır. Sabah Azərbaycan güc yolu ilə işğal altında olan əraziləri azad edəndə bizə heç kəsin icazəsi lazım olmayacaq. Ona görə də sözügedən qətnamə bizim üçün həm siyasi, həm də hüquqi əsasdır”.
Yeri gəlmişkən onu da qeyd edək ki, bir neçə gün əvvəl Avropa Parlamenti Ermənistanın işğal etdiyi torpaqları özününküləşdirmək cəhdlərinə qarşı da bəyanat qəbul edib. Həmin sənəddə Azərbaycanın işğal olunmuş ərazilərindən keçməklə Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağı birləşdirən üçüncü yolun çəkilişi işğalçı ölkə tərəfindən həyata keçirilən qanunsuz fəaliyyətin bir hissəsi kimi qiymətləndirilib. O cümlədən, təcavüzkar ölkənin bu hərəkətləri Avropa Parlamenti tərəfindən kəskin pislənib. Bütün bunlar bir daha onu göstərir ki, Qarabağ məsələsində beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.
Vidadi ORDAHALLI