Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Aprel döyüşlərində Ermənistanın itkiləri ilə bağlı maraqlı və yeni sayılacaq məlumat verib: “2016-cı ilin Aprel döyüşlərində ermənilər bizdən 10 dəfə daha çox itki veriblər. Biz haqq yolundayıq, biz Vətən üçün savaşırıq.
Bəs onlar nə üçün savaşır? 2016-cı ildə onlar bizdən 10 dəfə daha çox itki veriblər. Texnikanı götürsək, biz sadəcə 1 tank itirdik, onu da sonradan təmir etdik. Ermənilər isə 33 tank itirib, biz 1 top itirmişik, onlar 15 top. Bizdə olan məlumata görə, onlar 322 nəfər itiriblər. Məlum olub ki, bu azaldılmış rəqəm imiş. Onlar komissiyada 560 nəfərin öldüyünü ağızlarından qaçırıblar. Mən axı özüm də ön xətdə idim. Biz axı onların necə qaçdığını görürdük…”
Göründüyü kimi, müdafiə naziri Ermənistanın öz itkilərini ictimaiyyətdən gizlətdiyinə dair konkret rəqəmləri də ortaya qoyub. Ermənistanın bu statistikanı təhrif etməkdə hansı marağı olub?
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirdi ki, bunun başlıca səbəbi daxili ictimai rəydən ehtiyat etmələri ilə bağlıdır:“Qarabağ problemi Ermənistanda olan bütün hakimiyyətlər və siyasi qüvvələr üçün hər zaman spekulyasiya mənbəyi olub. Hakimiyyətlərin dəyişməsi həmin məsələyə yanaşmada formanı dəyişsə də, məzmun və mahiyyəti dəyişməyib. Aprel döyüşlərində ermənilərin itkiləri statistikaya gəlməyəcək dərəcədə böyük həcmdədir. Aprel döyüşləri həm Ermənistanın təcavüzkar siyasətini ifşa etdi, həm də Azərbaycan ordusunun nəyə qadir olduğunu göstərdi. Üstəlik, ermənilərin özləri ilə bağlı yaratdıqları mifləri də darmadağın etdi. Bilirsiniz ki, orda “Ohanyan səddi” vardı. Bunun adını ermənilər qoymuşdu və keçilməsi mümkün olmayan sədd sayırdılar. Azərbaycan ordusunun şəxsi heyəti qəhrəmanlıq göstərərək, bir neçə saat ərzində həmin “səddi” darmadağın etdi. Bununla da Ermənistana sübut olundu ki, onların özləri haqda yaratdıqları rəvayətlər əslində heç bir reallığa cavab vermir. Aprel döyüşlərinə yalnız cəbhənin ön xəttindəki itkilərlə qiymət vermək olmaz. Ümumi konktekstdə yanaşsaq, biz həmin itkiləri bəlkə də 100 minlərlə hesablaya bilərik. Həmin döyüş ermənilərin özünə inamını sarsıtdı, ordularında xof və vahimə yaratdı. Onlar uzun illəri idi qazandıqları müəyyən müvəqqəti nailiyyətləri Azərbaycan ordusunun, güya fərarilərdən ibarət olması və qorxaqlığı ilə izah edirdilər. Həmin döyüşlər əsl reallığı üzə çıxardı. Biz bacardığımız qədər həmin qəhrəmanlıq salnaməsini oxuculara çatdırmalıyıq. Müharibə yalnız səngərdə getmir. Bunun ən vacib olan psixoloji aspekti var. Düşünürəm ki, Aprel döyüşləri bizim orduya həm də psixoloji üstünlük verdi. Ermənistan isə bu aspektdə xeyli sarsıldı. Onların həm canlı qüvvə, həm də texnika sarıdan itkilərinin çox olması təbiidir. Çünki döyüşlərin mahiyyəti də bunu deməyə əsas verirdi. Ermənistan daxili ictimai rəyi bütün detalları yaxşı bilir. Hakimiyyət bunu nə qədər gizlətsə də, mahiyyət aydındı. Həmin döyüşlər böyük qələbələrin müjdəsini bizə verən bir qaranquş rolunu da oynadı. Hesab edirəm ki, müdafiə nazirinin ifadə etdiyi fikirlər reallığı əks etdirir, ancaq ermənilərə vurulan mənəvi-psixoloji zərbəni daha ağır sayıram”.
Məhəmmədəli QƏRİBLİ