Erməni mediasının məlumatına görə, Çarukyan məsələsindən sonra Paşinyan ən yaxın silahdaşlarından belə şübhələnməyə başlayıb. Paşinyan hakimiyyəti gücləndirilmiş döyüş hazırlığı elan edib. Bu haqda məlumatı “İrates” qəzeti yazıb.
Qəzetin yazdığına görə, Qagik Çarukyanla bağlı bir neçə ssenarinin müzakirəsinə paralel olaraq, hakim “Mənim addımım” blokundan olan deputatların davranışları da müzakirə olunur. Paşinyan parlament sədri Ararat Mirzoyan və baş nazir müavini Tiqran Avinyanı təcili yanına çağırdığını və Çarukyanla “oyunlarından” xəbərdar olduğunu deyib. A.Mirzoyan and içərək heç nədən xəbəri olmadığını bildirib və Baş prokurorun parlamentə gəlişi, Q.Çarukyanın parlament toxunulmazlığından məhrum edilməsi zamanı keçirilən gizli səsvermədə “onun” deputatlarının davranışlarından çox narahat olduğunu gizlətməyib. Paşinyan isə Mirzoyana inanmayıb.
Qəzet daha sonra yazır: “Onlar qarşılıqlı demarşa əl ata bilərlərmi? “Mənim addımım” fraksiyasının deputatlarının səslərinin necə idarə ediləcəyini hələ də anlaya bilmədik: yadınıza salın, bir zamanlar deputat Paşinyan “Ermənistan Milli Konqresi”nin şübhələrini aradan qaldırmaq üçün Baş prokuror vəzifəsinə Gevork Kostanyanın namizədliyi ilə bağlı səsvermə zamanı özünün seçki bülleteninin fotosunu çəkmişdi. Eyni sxemin tətbiq ediləcəyi istisna edilmir”.
Görünən odur ki, Ermənistandakı son proseslərdən sonra Paşinyan ən yaxın sılahdaşlarından belə şübhələnməyə başlayıb. Ümumilikdə, bütün bunlar Paşinyana nə vəd edir?
“Ararat Mirzoyan və digərlərinin Rusiyaya bağlı olması...”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Ermənistanda “Çiçiklənən Ermənistan” partiyasının sədri G.Çarukyana qarşı cinayət işinin açılması və bu səbəbdən yaranan etirazlar, əlbəttə ki, Paşinyan üçün soyuq duş effekti yaratdı. Paşinyan vaxtilə müttəfiqi olan Çarukyandan belə bir mövqe gözləmirdi. Ona görə də ona qarşı sərt tədbirlərə əl atdı. İlk növbədə, Çarukyan həm Robert Köçəryan, həm də Serj Sarkisyanla işbirliyində olub. İndi də onun Paşinyanla işbirliyində olması yeni bir siyasi gediş idi. Görünən odur ki, bunu Paşinyan indi anlayır. Ona görə də ona və həm də öz ətrafına qarşı yeni həmlələrə başlayır. Çünki artıq müttəfiq hesab etdikləri ona qarşı çıxırlar.
Qeyd edim ki, Rusiya Paşinyanın normal siyasi hakimiyyətinin davam etməsinə imkan verməyəcək. Bu məsələlərin arxasında Kremlin durduğunu istisna etmirəm. Məhz A.Mirzoyan və digərlərinin Rusiyaya bağlı olması, Kreml tərəfindən onların “verbovka” edilməsi Paşinyanı şübhələndirir. Keçmiş MTX sədri və Paşinyanın sabiq komanda üzvü olan Artur Vanetsyanın Rusiya tərəfinə keçməsi Nikolun öz komanda üzvlərindən şübhələnməsinə gətirib çıxarıb. Hesab edirəm ki, Paşinyan üçün çətin siyasi dönəm başlayır. O, istefaya gedə və ölkədə yenidən seçkilər keçirilə bilər”.
Vidadi ORDAHALLI