Rusiya və İran beynəlxalq hüququn rolunun artırılması haqqında bəyannamə imzalamaq niyyətindədirlər. Rus mətbuatının yaydığı məlumaa görə, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Lavrov sözügedən məsələ ilə bağlı bəzi məqamlara toxunub: “Bu gün biz mühüm sənəd - Rusiya Federasiyası və İran İslam Respublikası beynəlxalq hüququn rolunun artırılması haqqında deklorasiyanı imzalayırıq”.
Rusiya XİN rəhbərinin sözlərinə görə, bu sənəd bir sıra ölkələrin ədalət və qarşılıqlı hörmət təməllərini sarsıdan “qayda-qanunlara əsaslanan dünya düzəninin” nöqsanlı konsepsiyasını təşviq etmək cəhdlərini nəzərə alaraq aktualdır.
Bununla belə, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “Twitter” mesajında sözügedən məsələyə toxunub: “İran və Rusiya qlobal böhranların həllində birtərəfli və qanunsuz yanaşmalara qarşı çıxmaq üçün əzmkardırlar”.
Qeyd edək ki, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İstanbula səfərindən sonra Rusiya paytaxtı Moskvaya gedib. İran XİN rəhbəri Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüş keçirib. Görüş zamanı onlar ikitərəfli, həmçinin, regional və beynəlxalq münasibətləri müzakirə ediblər.
O da məlumdur ki, dünyada beynəlxalq hüququn güclənməsi, onun üstünlüyünün təmin olunması bu gün aktualdır. Çünki, prakiki olaraq, bu sahədə problemlər var. Bir sıra hallarda beynəlxalq hüquqa, ondan irəli gələn prinsiplərə əməl olunmur. Beynəlxalq hüququn güclənməsində Azərbaycan da maraqlıdır. O baxımdan sözügedən məsələ ilə əlaqədar Azərbaycan Rusiya-İran bəyannaməsində iştirak edə bilərmi?
“Çünki bu, bizim dövlətin maraqlarına cavab verir”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, prinsipcə, bu mümkündür: “Məsələ ondadır ki, bu gün dünyada beynəlxalq hüququn gücü xeyli zəifləyib. Bir sıra məsələlərdə beynəlxalq hüquq ya formal təsir bağışlayır, ya da ümumiyyətlə işləmir. Aparıcı dövlətlərin maraqları toqquşduğu üçün, faktiki olaraq, beynəlxalq hüquq, ondan irəli gələn prinsiplər işləmir. Dünyanın gözü qarşısında beynəlxalq hüquq pozulur. Təbii ki, bütün bunlar bir sıra problemlərə yol açır. İkili standartların hökm sürdüyü müasir dövrdə separatizm meylləri artır ki, bu da münaqişələrin alovlanmasına, qaçqınların sayının artmasına təkan verir. Yaxın Şərqdə yaşananlar buna əyani sübutdur. Azərbaycan 30 ildir erməni təcavüzündən əziyyət çəkir. Torpaqlarının 20 faizi işğal olunub. Bununla bağlı BMT-nin 4 qətnaməsi var, amma indiyə qədər bunların heç biri təmin edilməyib. O baxımdan, Azərbaycan da çox istərdi ki, dünyada beynəlxalq hüquq işləsin. Beynəlxalq hüquqdan yalnız hansısa böyük dövlətlərin maraqlarını təmin etmək üçün istifadə edilməsin. O üzdən, hesab edirəm ki, Azərbaycan beynəlxalq hüququn rolunun artırılması haqqında bəyannaməyə qoşula bilər. Çünki bu, bizim dövlətin maraqlarına cavab verir”.
Vidadi ORDAHALLI