İyunun 16-da Prezident İlham Əliyevlə “Microsoft” şirkətinin təşəbbüsü ilə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib.
Videogörüş zamanı dövlət başçısı bildirib ki, Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir. O, Davos İqtisadi Forumu zamanı cənab Borge Brende ilə Davosun Dördüncü Sənaye İnqilabı üzrə Regional Mərkəzinin Bakıda yaradılması ilə bağlı sənədi imzaladıqlarını deyib: “Beləliklə, bu mərkəz nəinki təkcə Azərbaycanı, region ölkələrini də əhatə edəcək. Buna görə düşünürəm ki, bizim üçün daha da irəliləmək və sizinlə innovasiya mərkəzi üzərində çalışmaq təbii olardı. Bizim əsas strategiyamız, sizin də bildiyiniz kimi, karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır. Buna görə düşünürəm ki, bu məsələ üzərində birgə çalışmağımız əməkdaşlığımızı gücləndirə bilər”.
“…sahibkarların və bütövlükdə, iqtisadiyyatın eyni istiqamətdə daha yaxından dəstəklənməsinə imkan verəcək”
İnnovasiya mərkəzinin yaradılmasının əhəmiyyəti haqqında danışan millət vəkili Vüqar Bayramov qeyd etdi ki, bu görüş bir daha təsdiq edir ki, Azərbaycan innovasiya və eyni zamanda, informasiya texnologiyaları baxımından regionun aparıcı ölkələrindəndir. Xüsusilə də 4-cü Sənaye İnqilabı ilə bağlı regional fəaliyyətlərdə Azərbaycanın öndə olması, Davos İqtisadi Forumunun 4-cü Sənaye İnqilabı üzrə Regional Mərkəzinin Azərbaycanda yaradılması ilə bağlı razılığın əldə edilməsi onu sübut edir ki, Azərbaycan innovasiyanı dəstəkləyən və innovativ, eləcə də texnoloji inkişafa töhfə verən ölkələrdən biridir: "Praktik olaraq, bu, innovasiya sahəsində Azərbaycanın regionun aparıcı ölkələrindən biri olması anlamına gəlir. Bu baxımdan, sözügedən videokonfrans bir daha təsdiq edir ki, postpandemiya dövründə Azərbaycanda həyata keçirilən islahatlar, innovativ və eyni zamanda, texnoloji yeniliklərin, sahibkarların və bütövlükdə, iqtisadiyyatın eyni istiqamətdə daha yaxından dəstəklənməsinə imkan verəcək. Bu da postpandemiya dövründə Azərbaycan iqtisadiyyatında innovativ dəyərin çəkisinin artmasına və bütövlükdə, ölkə iqtisadiyyatındakı diversifikasiya meyllərinin gücləndirilməsinə, ötən ayın yekunlarında olduğu kimi, növbəti dövrlərdə də innovasiyanı daha çox tətbiq edən sektorlardan olan neftdən kənar sahələrin iqtisadiyyatdakı drayver rolunun güclənməsinə gətirib çıxaracaq".
Günel CƏLİLOVA