Daha bir təşkilat Azərbaycanı hədəf alıb. Belə ki, beynəlxalq hüquq müdafiə təşkilatı olan İnsan Haqları Evi Fondu və İnsan Haqları Evləri Şəbəkəsi ölkədə COVID-19 başlayandan bəri Azərbaycan hakimiyyətinin dinc aksiyalara, habelə müstəqil və müxalif səslərə guya güclənən hücumları ilə bağlı narahatlığını ifadə edib. Guya ki, bu sahədə Azərbaycanda vəziyyət dözülməzdir.
Məsələnin biabırçı tərəfi odur ki, sözügedən hüquq müdafiə təşkilatları “Human Rights Watch”un Azərbaycanla bağlı qərəzli hesabatlarına da istinad ediblər.
İnsan Haqları Evi Fondu və İnsan Haqları Evləri Şəbəkəsi bir qədər irəli gedərək hökumətə çağırış da ediblər: “Biz Azərbaycan hakimiyyətinı insan haqları pozuntularını dərhal dayandırmağa və beynəlxalq birliyi hökuməti cavabdeh tutmağa çağırırıq”.
Qeyd edilir ki, ifadə və sərbəst toplaşmaq azadlığı əsasdır və Azərbaycanın beynəlxalq hüquq qarşısında öhdəlikləri var. Bununla yanaşı, hakimiyyət guya pandemiyadan istifadə edərək, pandemiyaya məhəl qoymayan və infeksiyanın artmasını şübhə altına alan hər kəsə qarşı daha bir sərt basqı həyata keçirir. Daha sonra iddia edilir ki, guya pandemiya ilə əlaqədar siyasi müxalifətə hücumlar çoxalıb: “Apreldə “Human Rights Watch” Azərbaycan hakimiyyətini koronavirusun yayılmasının gecikdirilməsi üçün tətbiq edilmiş məhdudiyyətlərdən hökuməti tənqid edənlərin həbsi məqsədilə sui-istifadə etməkdə ittiham edib”.
İnsan Haqları Evləri şəbəkəsi onu da bildirib ki, koronavirusla bağlı yoluxma və ölüm saylarını azaltmaq üçün həyata keçirilən tədbirləri dəstəkləyir. Lakin dövlət orqanları bu tədbirləri görərkən insan haqları pozuntularına yol verməməlidirlər.
Göründüyü kimi, insan haqlarından danışan bəzi beynəlxalq təşkilatlar “Human Rights Watch”un təsiri altına düşərək, Azərbaycanı qaralamağa çalışırlar. Hətta bəzi hallarda “Human Rights Watch” bu kimi təşkilatları qabağa verərək onlardan alət kimi istifadə edir.
“Qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən bu təsisatlar bəzi dairələrin əlində rıçaq rolunu oynayırlar”
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, insan hüquqları adından danışan müəyyən beynəlxalq təşkilatlar dünyanın bir sıra ölkələri, o cümlədən, Azərbaycanla bağlı ədalətsiz mövqe sərgiləyirlər: “Qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən bu təsisatlar bəzi dairələrin əlində rıçaq rolunu oynayırlar. Müəyyən ölkələrə təsir etmək üçün zamanı gələndə onlardan istifadə edirlər. İnsan Haqları Evi Fondu və İnsan Haqları Evləri Şəbəkəsi də belə təşkilatlar kateqoriyasına aiddir. Olmayan şeyləri uydururlar. Necə ki, “Human Rights Watch” yalanlar uydurur. Pandemiya dövründə Azərbaycanda hansı insan haqlarının pozulmasından söhbət gedə bilər? İndiyə qədər Azərbaycan COVID-19-la mübarizədə dünya ölkələrinə nümunə göstərilib. Bütün dünyanın koronavirus pandemiyasına qarşı mübarizə apardığı bir dövrdə bir sıra beynəlxalq insan haqları təşkilatları var ki, onlar yalnız Azərbaycanı qaralamaq məqsədi güdürlər. Ölkəmizi ləkələmək və nüfuzdan salmaq üçün addımlar atılır. Ona görə də bunlar anti-Azərbaycan qüvvələrin əlində alət rolunu oynayırlar. Eyni zamanda, bu təşkilatlar erməni lobbisinin təsiri altındadırlar. Bu yeni deyil. Uzun illərdir ölkəmizə qarşı belə qərəzli yanaşmalar var. Ona görə də belə hallara çox fikir vermək lazım deyil”.
Vidadi ORDAHALLI