“Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdik”. Bunu Prezident İlham Əliyev Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışından sonra ASAN könüllüləri ilə görüş zamanı çıxışında deyib.
Dövlət başçısı onu da qeyd edib ki, siyasətimizin mərkəzində ölkə vətəndaşı dayanır: “Bütün bunlar bir daha ona göstərir ki, birincisi, Azərbaycan güclü dövlətdir, ikincisi, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun sağlamlığıdır. Bu, onu göstərir ki, bizim tədbirlərimiz məqsədyönlüdür, səmərəlidir, vaxtında atılmış cəsarətli addımlardır. Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdik. Milyardlarla manat, - baxmayaraq ki, neftin qiyməti düşüb, - xərclədik və xərcləyirik. İnsanların sağlamlığı birinci yerdədir. Bu, onu göstərdi ki, ən çətin böhranlı anlarda biz düzgün addım ata bilərik və güclü iradə göstərə bilərik. Mən hər gün insanlardan yüzlərlə təşəkkür məktubu alıram. Onların cəmi bir hissəsi mətbuatda dərc edilir. İnsanlar bu məktublarda minnətdarlıqlarını bildirirlər. Mənim üçün görülmüş bu işlərə verilmiş ən yüksək qiymət vətəndaşların buna münasibətidir”.
Bütün bunlar bir daha onu göstərir ki, dövlətimiz ölkə vətəndaşlarının sağlamlığının qorunmasını hər şeydən üstün tutur. İnsanları pandemiyadan qorumaq üçün bütün vasitələrdən kompleks şəkildə istifadə edilir.
Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, ölkədə yeridilən siyasətin əsasında Azərbaycan vətəndaşı və onun sağlamlığı dayanır: “Pandemiya ortaya çıxandan bəri cənab Prezident vətəndaşların sağlamlığının qorunması üçün bir sıra addımlar atıb. İnsanlara həm maliyyə, həm də mənəvi dəstək göstərilir. Dövlət büdcəsindən böyük vəsait ayrıldı, virusla mübarizədə yeni fond yaradıldı və ən nəhayət, karantin rejiminin tətbiqinə qərar verildi. Bütün bunların hər biri vətəndaşların sağlamlığının qorunmasına və pandemiyanın fəsadlarının minimuma endirilməsinə hesablanıb. Digər tərəfdən, ölkə başçısı özü şəxsi nümunə göstərərək qoruyucu maskadan istifadə etdi. Eyni zamanda, ölkə başçısı çıxışında qeyd etdi ki, iqtisadiyyat vətəndaşlarımızın maraqlarından və sağlamlığından irəlidə ola bilməz. Doğrudan da biz artıq bunun nəticələrini görürük. Dövlət büdcəsindən bu məqsədlə böyük həcmdə vəsaitin ayrılması deyilənlərə əyani sübutdur. Az bir müddətdə ölkədə modul tipli xəstəxanalar fəaliyyətə başladı. Tibbi maska sexi tikildi. Koronavirusla əlaqədar dərmanlar və tibbi avadanlıqlar gömrük rüsumlarından azad edildi. Bütün bunlar vətəndaşlara yönəlik atılan addımlardır”.
Vidadi ORDAHALLI