06/07/2020 23:52
728 x 90

Leyla Abdullayevadan Ermənistan XİN-ə tutarlı cavab - Ermənistan rəhbərliyi bölgədə sülh və təhlükəsizliyi düşünürsə...

img

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in dünən Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan tərəfindən səsləndirilən "anti-erməni" bəyanatları barədə şərh verərək, bunun Ermənistan və bölgə üçün təhlükəli olduğunu iddia etməsi ilə bağlı sualını cavablandırıb.

Baki-xeber.com xəbər verir ki, Leyla Abdullayeva Ermənistan rəhbərliyinin son zamanlar səsləndirdiyi bəyanatların və nümayiş etdirdiyi davranışların xüsusi şərhə ehtiyac duyduğunu bildirərək deyib: “Təcavüzkar ölkənin rəhbərliyinin Ermənistanın başlatdığı müharibənin nəticələrini aradan qaldırmaq yerinə, onun nəticələrinin, yəni, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin işğalının möhkəmləndirilməsi və yüz minlərlə məcburi köçkünün hüquqlarının pozulmasının davam etdirilməsinə yönələn cəhdləri bu ölkənin başında duranların öz məsuliyyətini tam dərk etməməsi ilə yanaşı, elə öz ölkəsinin və əhalisinin gələcəyinə biganə qaldığını göstərir.

Minlərlə dinc insanın axıdılan qanı, məhv edilmiş həyatı, yüz minlərlə insanın pozulmuş haqları, eləcə də beynəlxalq öhdəliklərin kobudcasına tapdalanmasına görə cavabdeh olan, beynəlxalq ictimaiyyətin Azərbaycan ərazilərinin işğalını pisləyən birmənalı mövqeyi, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarları ilə məsuliyyəti təsbit olunan Ermənistanın nə hüquqdan, nə qanundan, nə də demokratiyadan danışmağa, üstəlik digərlərinə məruzə oxumağa heç bir mənəvi haqqı yoxdur.

Təcrübə göstərir ki, Ermənistan tərəfi arqumentlərinin tükəndiyi və deməyə söz tapmadığı bir vaxtda Azərbaycandakı "anti-erməni" hissiyyatı mövzusunu gündəmə gətirməyə çalışır. Lakin bölgədəki iki xalq arasındakı bu nifaqın kökündə elə Ermənistanın əsassız ərazi iddiaları və təcavüzkar siyasəti dayandığını görməzdən gələn işğalçı ölkənin rəhbərliyi bu düşmənçiliyin və münaqişənin nəticələrinin aradan qaldırılması üçün də heç bir addım atmır, reallıqdan, praqmatizmdən və konstruktivlikdən uzaq kor siyasət yürüdür. Bu siyasətin nəticəsində isə, ilk növbədə, Ermənistan ağır fəsadlarla üzləşə bilər.

Əgər Ermənistan rəhbərliyi, rəsmi İrəvanın açıqlamalarında səsləndirildiyi kimi, bölgədə sülh və təhlükəsizliyi düşünürsə, o zaman işğalçı qüvvələrini Azərbaycanın ərazilərindən çıxarmalı və əhalisini sülhə hazırlamalıdır. Siyasi iradəsini isə danışıqlar masası arxasında əldə olunan konkret nəticələrlə nümayiş etdirməlidir. Çünki nə Azərbaycanın, nə də beynəlxalq vasitəçilərin səbri tükənməz deyil”.

Son xəbərlər