“Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq”. Bunu Prezident İlham Əliyev Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında çıxış edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı məlumatlandırılır: “Sistem xarakterli institusional tədbirlərlə biz korrupsiyanın, kölgə iqtisadiyyatının meydanını daraldırıq. Ancaq bununla yanaşı, inzibati tədbirlər və cəza tədbirləri görülür və görüləcək. Deyə bilərəm ki, mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür. Vətəndaşlar bunu təqdir edir, bəyənir və biz görürük ki, yerlərdən artıq siqnallar gəlməyə başlayır”.
Ölkə başçısının fikrincə, mütləq ictimai nəzarət olmalıdır: “Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq. Təbii ki, bu siqnallar ədalətli olmalıdır. Burada da hansısa qarayaxma kampaniyasına yol vermək olmaz və kortəbii yanaşmaq olmaz. Hər bir siqnal ciddi araşdırılacaq. Çünki istisna deyil ki, kimsə yalandan ortalığa bir məlumat ata bilər, kiminsə kimdənsə xoşu gəlmir, onun haqqında nəsə yaza bilər, belə hallar da var. Ona görə, ilk növbədə, ədalət və ictimai nəzarət təmin edilməlidir. Əminəm ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də qalib gələcəyik”.
Həm barəsində siqnal gələn məmurların, həm də siqnalı verən şəxslərin ararşdırılmasının nəzərdə tutulması tamamilə yeni yanaşmadır. Eyni zamanda, bu, korrupsiya və bu kimi neqativ hallarla mübarizədə ədalətli yanaşmadır.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayev hesab edir ki, sözügedən yanaşma daha ədalətlidir. O, bununla bağlı bir sıra məqamlara toxundu: “Belə siqnallar müxtəlif məsələlərlə bağlı ortaya çıxır. Bütün hallarda bunun hərtərəfli araşdırılması düzgün siyasətdir. Adətən belə siqnallar ümumi formalaşmış ictimai fikirdən yaranır. O da var ki, bəzən kimsə hansısa məmurla intriqa aparır, öz maraqlarını təmin edə bilmədiyi üçün belə siqnallar ötürür. Yaxud da müəyyən məlumatları şişirdir ki, hədəfə götürdüyü məmur vurulsun. Bütövlükdə, məmur özbaşınalığı ilə bağlı siqnalları bir neçə mənbədən yoxlamaq olar. Mərhum prezident Heydər Əliyev gələn məlumatı 3-4 yerdən yoxlayırdı. Həm ictimai fikri yoxlayırdı, həm də ayrı-ayrı rəsmi dairələrin, inzibati idarəetmə, icra orqanlarının fikrini öyrənirdi. Nəzərə almaq lazımdır ki, Azərbaycan balaca yerdir və hamı hamını tanıyır. Hansısa yerli məmurun mənfi və yaxşı cəhətini, nəyə meylli olmasını bilir. Ona görə də bu məsələyə hərtərəfli yanaşmaq lazımdır. Ölkə başçısının qeyd etdiyi kimi, ictimai nəzarət təmin edilməlidir. Məmur özbaşınalığı ilə bağlı bütün siqnallar toplanmalı və daha sonra bu informasiyalar təhlil edilməlidir. Ola bilsin ki, bəzi məsələlər həqiqəti əks etdirmir. O üzdən, hərtərəfli araşdırma aparılmalıdır. Ümumilikdə, idarəetmədə kadr məsələsi çətin işdir. Ancaq, istənilən halda, ictimai fikrə xüsusi diqqət etmək lazımdır. Nəzərə almaq lazımdır ki, ictimai fikirdə bu kimi məlumatların dolaşması elə-belə yaranmır”.
Vidadi ORDAHALLI