Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi dövlət bayramınız - Azərbaycan Respublikası Günü münasibətilə təbrik edirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə Azərbaycan xalqının rifahı naminə işinizdə uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm.
Bu xoş fürsətdən istifadə edib Sizə Rusiya Xarici Kəşfiyyat Xidmətinin və Azərbaycanın xüsusi xidmətlərinin dövlətlərimizin təhlükəsizliyinin təmin edilməsinə və milli mənafelərinin müdafiəsinə yönəlmiş qarşılıqlı fəaliyyətinə göstərdiyiniz diqqətə və dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm".
Göründüyü kimi, təbrik məktubunda Narışkin iki ölkənin xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyətinə işarə edir. İki ölkənin xüsusi xidmətlərinin əməkdaşlığının regional təhlükəsizliyin təmin olunmasında hansı rolu var?
Təhlükəsizlik qurumlarının sabiq əməkdaşı Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanın bu istiqamətdə MDB ölkələri və xüsusilə də Rusiya ilə sıx əməkdaşlığı var:“Təsadüfi deyil ki, MDB məkanında olan ölkələrin təhlükəsizliklə bağlı keçirdiyi tədbirlərdə ölkəmiz ən ali statusda təmsil olunur. Tədbirlər çərçivəsində Azərbaycan rəsmilərinin Rusiyanın xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşlər keçirdiklərinin şahidi oluruq. Bu qəbildən olan ikitərəfli görüşlərdə tərəflər arsında təhlükəsizlik sahəsində olan əməkdaşlığımızın genişlənməsi ilə bağlı razılaşmalar əldə edilir, bunun vacibliyi vurğulanır. Regional təhlükəsizlik məsələlərinə gəldikdə, təbii ki, Azərbaycanla Rusiyanın xidmətləri arasında ikitərəfli əlaqələr mövcuddur. Biz həm MDB, həm də digər məkanlarda uğurlu əməkdaşlıq edirik. Son vaxtlar Azərbaycan və Rusiyada bu yöndə aparılan birgə tədbirlər və onların uğurlu alınması göstərir ki, bizim məlumat mübadiləmiz var. Biz ümumi təhlükə hesab etdiyimiz məsələlərlə bağlı bir-birimizə ötürdüyümüz informasiyalar əsasında tədbirlər keçirə bilirik. Azərbaycan coğrafi mövqeyinə görə çox həssas nöqtədədir. Burada məlumatların toplanması mühüm əhəmiyyət kəsb edir. Bu da Rusiya və Azərbaycan arasında uğurla davam etdirilir. Bizim ümumi mübarizə apardığımız və real nəticələr əldə etdiyimiz sahələr narkotiklərin qanunsuz dövriyyəsi, terrorizm, qanunsuz pulların “yuyulması” və s. istiqamətindədir. Bu cinayətlərin həyata keçirilməsində hədəf kimi hər iki ölkənin ərazisi seçilir. Əldə olunan razılaşmaların ruhundan hiss edilir ki, bundan sonra da bizim təhlükəsizliyimizə olan təhdidlərin neytrallaşması daha da asanlaşacaq. Çox istərdik ki, Azərbaycanı və regionu ciddi narahat edən erməni terrorizmi ilə mübarizədə də Rusiya səylərini əsirgəməsin. Çünki bu amilin aradan qaldırılması isə bütün region və dünya üçün mühüm əhəmiyyət kəsb edir”.
Ekspertin sözlərinə görə, hərbi təhlükəsizlik, hərbi-texniki problematika məsələləri kimi istiqamətlərdə, terrorizmlə mübarizə, informasiya və sənəd mübadiləsi məsələləri üzrə də çox səmərəli iş gedir, bütün hüquq-mühafizə strukturlarının və xüsusi xidmət idarələrinin xəttilə qarşılıqlı fəaliyyət həyata keçirilir ki, bunun da regional təhlükəsizlik üçün ciddi əhəmiyyəti var.
Məhəmmədəli QƏRİBLİ