15/07/2020 06:13
728 x 90

İntensivləşən Qarabağ müharibəsi çağırışlarına Prezidentdən dəqiq cavab – gücümüz və uyğun geosiyasi vəziyyət...

Mübariz Əhmədoğlu: “Bəzi fürsətbazlar yaranmış vəziyyətdən istifadə edib Qarabağ məsələsində diletant fikirlərlə çıxış edirlər”

img

“Bz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin”. Bunu Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayonun bir qrup idmançısı ilə görüşündə deyib.

Ölkə başçısının sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir: “Bunun həllinin bir yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mən bu yaxınlarda demişəm, biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin. Mən demişəm ki, Qarabağ Azərbaycandır və bir daha bunu təkrarlamaq istəyirəm: Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün Azərbaycan ictimaiyyəti, xalqımız bu mövqeyi dəstəkləyir. Mənim apardığım siyasəti, o cümlədən bu məsələ ilə bağlı apardığım siyasəti dəstəkləyir”.

Son dövrlər Qarabağ məsələsi ilə bağlı bəziləri yersiz formada müharibə çağırışları ilə çıxış edir. Məsələnin məsuliyyətini dərindən dərk etmədən hərbi əməliyyatlara başlamağı zəruri sayırlar. Halbuki, buna hərtərəfli zəmin olmalıdır. O baxımdan Prezidentin məlum yanaşması bir növ belə çağırışlara tutarlı cavabdır.

Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirir?

  • “Geosiyasi vəziyyəti nəzərə almadan hansısa hərbi addımların atılması pis nəticələnə bilər”

Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun fikrincə, ölkə başçısının münaqişənin tənzimlənməsi ilə bağlı yanaşması tamamilə reallığa əsaslanır:“Məsələ ondadır ki, bəzi fürsətbazlar yaranmış vəziyyətdən istifadə edib Qarabağ məsələsində diletant fikirlərlə çıxış edirlər. Bununla ölkə daxilində gərginlik yaratmaq istəyirlər. Prezidentin məlum diplomatik açıqlaması yerində olmaqla yanaşı, ölkə rəsmiləri bu yanaşmanı müəyyən qədər camaata izah etməlidilər. Bununla bağlı ekspertlər səviyyəsində müəyyən materiallar hazırlanmalıdır. Çünki bəzi fürsətbazlar populist açıqlamalarla çıxış edərək müharibə çağırışları edirlər. İctimayəti yanlış yola istiqamətləndirmək məqsədi güdürlər. Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində çox böyük uğur əldə edib. Yəni beynəlxalq hüquq bizim xeyrimizədir. Məsələn, ATƏT-in Minsk Qrupunun 9 mart 2019-cu il bəyanatı bizim xeyrimizədir. Tələb olunur ki, ətraf 7 rayondan erməni ordusu çıxsın, məcburi köçkünlər hissə-hissə öz torpaqlarına qayıtsınlar. Bütün bunlar bizim diplomatik uğurumuzdur. Müharibəyə başlamaqla bütün bunlar sual altına düşə bilər. Geosiyasi vəziyyəti nəzərə almadan hansısa hərbi addımların atılması pis nəticələnə bilər. Bəziləri pafosla deyir ki, niyə Şuşaya raket atılmır? Azərbaycan bu addımı atsa münaqişənin tənzimlənmə variantı əldən çıxa bilər. Ona görə də məsuliyyətsiz müharibə çağırışlarının əsası yoxdur”.

Vidadi ORDAHALLI

Son xəbərlər