05/07/2020 09:03
728 x 90

Paşinyan əsgər oğlunu vaxtından 3 ay qabaq Qarabağdan İrəvana aparır – erməni mediasının hücumu, Baş nazir oğlunu qoruyur...

İbrahim Rüstəmli: “Baş nazirin oğlunun vaxtından əvvəl tərxis olunması bir sıra mətləblərdən xəbər verir”

img

Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot yaxın vaxtlarda tərxis ediləcək. Erməni mediası yazır ki, rəsmi demobilizasiyadan təxminən iki ay keçməsinə baxmayaraq, Baş nazirin oğlunu indi silahlı qüvvələrdən tərxis etmək qərarı verildi.

“Joxovurd” qəzeti yazır ki, əslində, Paşinyanın oğlu avqustun sonlarında tərxis olunmalı idi. Ancaq müharibə ehtimalının artması səbəbindən Paşinyan bunu tezləşdirir. Qeyd olunur ki, Paşinyan Şuşadakı macərasından sonra aktiv hərbi əməliyyatların başlanmasından qorxmağa başlayıb. Media bu addımı Azərbaycanın istənilən vaxt işğal altındakı torpaqları azad etmək üçün genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı ilə əlaqələndirir.

Erməni mediasında o da qeyd olunub ki, Müdafiə Nazirliyində yayılan məlumatlara görə, cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət edən Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin oğlu Artak Davtyan da təcili olaraq tərxis ediləcək.

Belə məlum olur ki, Ermənistan rəsmiləri hərbi əməliyyatların qaçılmaz olduğunun fərqinə vardıqlarına görə müxtəlif vasitələrlə uşaqlarını döyüş əməliyyatlarından uzaq tutmağa çalışırlar. 

  • “Onlar övladlarını başlaya biləcək müharibədən sığortalamaq üçün indidən belə vasitələrə əl atırlar”

Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, Paşinyanın oğlunun vaxtından əvvəl tərxis olunması bir sıra mətləblərdən xəbər verir: “Bu onu göstərir ki, müharibənin başlanması ehtimalı böyükdür. Paşinyanın siyasi arenada səsləndirdiyi diletant çıxışlar, Rusiya rəsmilərinin Qarabağ məsələsi ilə bağlı bildirdikləri fikirlər müharibə ehtimalını artırır. Məsələ ondadır ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar uzun müddətdir nəticə vermir. Nəzərə almaq lazımdır ki, uzun müddət nəticə verməyən danışıqlar son nəticədə silahlı qarşıdurmaya çevrilə bilər. Çünki hər bir şeyin başlanğıcı olduğu kimi, sonu da olur. Danışıqlar sonsuza qədər davam edə bilməz. Artıq Azərbaycan tərəfi danışıq xatirinə danışıqlar aparılmasını istəmir. Danışıq xatirinə danışıq, müzakirə xatirinə müzakirə artıq yüksək səviyyədə Azərbaycan tərəfini qane etmir. Çünki nə qədər mənasız söhbətlərə getmək olar? Digər tərəfdən, Paşinyanın məsuliyyətsiz bəyanatları da müharibə məsələsində haradasa bir ocaq rolunu oynayır.

O da məlumdur ki, Ermənistanda orduya çağırış məsələsində problemlər var. Erməni ailələri uşaqlarını Qarabağa göndərmək istəmirlər. Bununla bağlı ciddi çatışmazlıqlar mövcuddur. Aydın məsələdir ki, müharibə başlasa, başda Paşinyan olmaqla, digər erməni rəsmilərinin uşaqları hərbi əməliyyatlarda iştirak etməyəcəklər. Ona görə də onlar övladlarını başlaya biləcək müharibədən sığortalamaq üçün indidən belə vasitələrə əl atırlar” .  

Vidadi ORDAHALLI

Son xəbərlər