05/07/2020 07:08
728 x 90

İşğal altındakı rayonlarımızın adları iki dildə yazılır - “Google maps”də erməni barmağı... (?)

Vaqif Abışov: “Burada ermənilərin və ermənipərəst qüvvələrin rolunu inkar etmək olmaz”

img

Çox təəssüflər olsun ki, müasir dünyada ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri təxribatlara məşhur informasiya mərkəzləri, onlayn platformalar da şərik olurlar. Bildiyimiz kimi,  ermənilərin əli bu gün onlayn xəritə platformalarına da gedib çatıb. Belə ki, dünyanın məşhur onlayn xəritə platforması olan “Google maps”də işğal altında olan rayonlarımızın adları Azərbaycan dili ilə yanaşı, erməni dilində də verilir.

Əlbəttə, bütün bunların birbaşa erməni lobbisinin dirijor çubuğu ilə idarə olunduğu gizlin deyil. Uzun müddətdir “Google maps”ın həyata keçirdiyi bu təxribatçı təbliğatın qarşısını hələ də almaq mümkün olmayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva mətbuata bildirib ki, nazirlik bununla bağlı dəfələrlə “Google” şirkətinin mərkəzi ofisinə müraciətlər gondərib və rəsmi diplomatik kanallarla birgə məsələ şirkət qarşısında qaldırılıb.

O vurğulayıb ki, hətta bir neçə il əvvəl həmin ərazilərin adları yalnız erməni dilində təqdim olunub. Yalnız rəsmi Bakının müraciət və xəbərdarlıqlarından sonra rayonlarımızın adları Azərbaycan dilində də qeyd olunub. “Google maps” proqramında Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrinin adlarının Azərbaycan dili ilə yanaşı, erməni dilində göstərilməsi ilə əlaqədar tərəfimizdən diplomatik kanallar vasitəsilə şirkət qarşısında məsələ qaldırılıb. Şirkətdən daxil olmuş cavabda proqramın fərdi yanaşma, fərdi yaradıcılıq prinsipi əsasında fəaliyyət göstərdiyi bildirilib, yəni nə qədər çox insan bu bölgəni ziyarət edib bununla bağlı məlumat verirsə, o çoxluq, o məlumat nəzərə alınır” - deyə nazirlik təmsilçisi vurğulayıb.

  • “Google maps” onlayn platformasında Azərbaycanın işğal altında olan ərazilərinin adlarının Azərbaycan dili ilə paralel olaraq erməni dilində verilməsi qanunaziddir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov bizimlə söhbətində bildirdi ki, analoji hadisə ilk dəfə deyil ki, yaşanır. V.Abışovun sözlərinə görə, bu gün dünyanın populyar informasiya mərkəzlərində, eləcə də onlayn platformalarında Azərbaycanın ərazi bütövlüyünə qarşı bu cür təxribatçı məlumatlar yer alır. Onun sözlərinə görə, “Google” kimi məşhur onlayn şirkəti Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı Azərbaycan torpaqlarının, şəhər və kəndlərinin adlarını dəfələrlə təhrif edib. O, hesab edir ki, heç şübhəsiz, bu təxribatçı davranış ermənilərin əli ilə həyata keçirilir: “Biz bu hala qarşı kəskin mübarizə aparmalıyıq və həmin platformalara öz etirazımızı bildirməliyik. “Google maps” onlayn platformasında Azərbaycanın işğal altında olan ərazilərinin adlarının Azərbaycan dili ilə paralel olaraq erməni dilində verilməsi qanunaziddir, beynəlxalq konvensiyaların tələbləri ilə qətiyyən uzlaşmır. Digər bəzi şirkətlər kimi, o şirkət də Azərbaycan ərazilərinə qarşı bu cür təxribat həyata keçirir. Təsəvvür edin ki, ABŞ Konqresi, Dövlət palatası qondarma rejimə maliyyə yardımları edirlər, “Google maps”ın da bu davranışlarında təəccüblü heç nə yoxdur. Məsələ burasındadır ki, Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən tanınıb, ölkəmiz BMT-nin üzvüdür və bayrağımız həmin təşkilatda dalğalanır. Amma, gördüyünüz kimi, erməni fitvası ilə bəzi təşkilatlar Azərbaycanın ərazi bütövlüyünə qarşı bu cür yolverilməz hərəkətlərə əl atırlar. Birmənalı olaraq burada erməni barmağı var və bilirsiniz ki, ermənilər bu məsələdə bizi qabaqlayıblar. Burada ermənilərin və ermənipərəst qüvvələrin rolunu inkar etmək olmaz. Biz bu kimi hallara qarşı mübarizəmizi davam etdirməliyik”.

V.Abışov, həmçinin, qeyd etdi ki, biz də dünyanın bu kimi informasiya şirkətləri, beynəlxalq platformaları ilə əlaqələr qurmalı və onları faktlarla, həqiqətlə tanış etməliyik.

İradə SARIYEVA

Son xəbərlər