26/05/2020 12:54
728 x 90

Dünyanın iki nəhəng dövlət başçısının İlham Əliyevə eyni məzmunlu mesajı – etibarlı tərəfdaşlığın vahid ünvanı...

Fikrət Sadıqov: “Bütün bunlar Azərbaycanın həm nüfuzunun, həm də regionda vacib strateji əhəmiyyətinin daha da artacağından xəbər verir”

img

Bu günlərdə Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevlə telefon danışığı olub. Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışıb, bu istiqamətdə ölkələrimizin sərhəd-keçid məntəqələrində qarşılıqlı əlaqələndirmə şəraitində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Bununla yanaşı, dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığın postpandemiya dövründə inkişaf perspektivlərini də müzakirə ediblər. Yəni Rusia Azərbaycanla strateji əməkdaşlığın dərinləşməsində maraqlıdır.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə göndərdiyi məktubunda eyni şeyləri ifadə edib. Məktubda Tramp bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir: “ABŞ və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk. Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır. Biz Minsk Qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik”.

Bütün bu deyilənlərin fonunda, böyük güclərin Azərbaycana bu marağı ölkəmizə nə vəd edir?

  • “Ölkəmizin regionda müstəqil siyasət yeritməsi Birləşmiş Ştatların da maraqlarına uyğundur”

Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, bütün bunlar Azərbaycanın həm nüfuzunun, həm də regionda vacib strateji əhəmiyyətinin daha da artacağından xəbər verir: “O baxımdan iki böyük güc mərkəzinin Azərbaycana belə önəm verməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın hər iki dövlətlə siyasi müstəvidə münasibətləri inkişafdadır. Bu dialoq bizim strateji partnyorluğumuzun bundan sonra da inkişaf edəcəyini göstərir. Azərbaycan bütün ölkələrlə əlaqələrin inkişafında maraqlıdır. O cümlədən Rusiya ilə əlaqələrin inkişafında maraqlıdır. Çünki biz qonşuyuq. İki ölkə münasibətləri qarşılıqlı maraqlar əsasında qurulub. Düzdür, biz çox istərdik ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində daha da güclü şəkildə iştirak etsin. Yəni daha təsiredici addımlar atsın. Ancaq düşünürəm ki, tərəflər arasında əlaqələrin inkişafı ölkəmizin maraqlarına cavab verir. Bununla yanaşı, Azərbaycanın regionda müstəqil siyasət yeritməsi Birləşmiş Ştatların da maraqlarına uyğundur. Təsadüfi deyil ki, ABŞ Azərbaycanla əlaqələrə xüsusi önəm verir. Həyata keçirilən enerji, nəqliyyat və digər layihələrə dəstək verir. Azərbaycan bölgədə etibarlı tərəfdaşdır. Bütün bunlar Azərbaycanın artan önəminin və nüfuzunun göstəricisidir”.

Vidadi ORDAHALLI

Son xəbərlər