07/08/2020 02:00
728 x 90

Paşinyanın Gürcüstan Baş naziri ilə müqayisəsi – erməni mediası bu dəfə “öldürücü dəqiqliklə” vurdu...

Vüqar Rəhimzadə: “Ciddi ali təhsili, dövlət idarəçiliyi təcrübəsi olmayan bir şəxsin uğurlu rəhbərliyindən söhbət gedə bilməz”

img

Ermənistanın elektron nəşrləri ölkəsinin Baş nazirini Gürcüstan hökumətinin başçısı ilə müqayisə edib. Ölkə mediası Nikol Paşinyanın tərcümeyi-halını lağa qoyur.

Sözügedən məsələ ilə bağlı konkret olaraq Ermənistanın “Politik.am” nəşri yazır ki, Georgi Qaxariyanın peşəsi tarixçidir, Tiflis Dövlət Universitetini bitirib və Moskva Dövlət Universitetində Siyasi Elm və Moskva Dövlət Universitetində biznes məktəbi ixtisası üzrə təhsilini davam etdirir. Müxtəlif şirkətlərdə yaxşı vəzifələr tutub, Gürcüstanın Daxili İşlər naziri, bundan əvvəl Gürcüstanın Biznes üzrə komissarı, Gürcüstan Hökumətinin İqtisadi Şurasının həmsədri olub və Gürcüstanın İqtisadiyyat Nazirliyinə rəhbərlik edib.

Sayt yazır ki, bu, olduqca ruhlandırıcı tərcümeyi-haldır. Yeri gəlmişkən, Qaxariya olduqca sərt bir siyasi xəttin tərəfdarıdır: “İndi gəlin Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanın tərcümeyi-halına baxaq. Jurnalist Nikol Paşinyanın tam ali təhsili yoxdur. Bir neçə erməni mediasında işləmiş, sonra “Haykakan Jamanak”a rəhbərlik edib. Parlamentin üzvü olanda müxalif bir deputat kimi, təbii ki, ritorika və populizm nümayiş etdirdi, lakin Baş nazir olaraq, xüsusilə pandemiya dövründə hakimiyyətin öhdəsindən gələ bilmədiyini göstərdi. Qaxariya və Paşinyanın tərcümeyi-halı Ermənistanın Baş nazirinin uğursuz olmasının səbəbini açıq şəkildə göstərir. Paşinyan dövlət maşınını necə idarə edəcəyini bilmir, ciddi peşəkar bacarıqları yoxdur və özünə o qədər arxayındır ki, ətrafına düzgün yolu göstərəcək mütəxəssislər toplaya bilmir. Ona görə ən vacib vəzifəyə təyin etməzdən əvvəl insanın tərcümeyi-halını və təcrübəsini bilmək çox vacibdir”.

Paşinyanın ötən iki ildə uğursuz idarəçiliyi o həddə gətirib çıxarıb ki, Ermənistanın bir sıra nəşrləri onun bacarıqsız bir rəhbər olduğunu həm də Baş nazirin bəsid tərcümeyi-halı ilə əlaqələndirirlər. Təbii ki, belə keçmişi olan siyasətçidən uğurlu dövlət başçısı ola bilməz.

  • “Artıq boş vədlər Ermənistan cəmiyyətini qane etmir”

Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, artıq erməni cəmiyyəti Paşinyanın uğursuz bir dövlət başçısı olmasının fərqindədir: “Aydın məsələdir ki, ciddi ali təhsili, dövlət idarəçiliyi təcrübəsi olmayan bir şəxsin uğurlu rəhbərliyindən söhbət gedə bilməz. Gürcüstan da Ermənistan kimi təbii resurslara malik deyil. Bu ölkələr arasında əsas fərq ondan ibarətdir ki, Gürcüstanın açıq dənizə çıxışı var. Ancaq Gürcüstanda idarəçilik daha yaxşı qurulduğuna görə bu ölkənin uğurları göz qabağındadır. Təbii ki, burada söhbət qonşu ölkənin Ermənistanla müqayisəsindən gedir. Paşinyan bacarıqlı siyasətçi olsaydı, o zaman Ermənistanın inkişafını təmin edə bilərdi. Ötən iki il bir sıra işlərin yoluna qoyulması üçün heç də kiçik müddət deyil. Ancaq məsələ ondadır ki, Paşinyan təcrübəsiz və naşı bir fiqurdur. O, sadəcə, emosional xarakterinə uyğun olaraq, populist vədlərlə çıxış edir. Onun beynəlxalq hüquq sistemindən, iqtisadiyyatdan anlayışı yoxdur. Bu baxımdan erməni mediasının sözügedən müqayisəsi reallığı əks etdirir. Artıq boş vədlər Ermənistan cəmiyyətini qane etmir”.

Vidadi ORDAHALLI

Son xəbərlər