15/08/2020 23:34
728 x 90

Həbs edilmiş beş icra başçısından tək Vilyam Hacıyev – sabiq məmur bu qədər faktla öz həbsi ilə niyə barışmır...

Mehman Muradlı: “Belə adamın hüquqi müstəvidə həbsi ilə bağlı müqavimət göstərməsinin perspektivi də görünmür”

img

Bakı Apelyasiya Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində verilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətə baxılıb.

Hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə sabiq icra başçısının şikayəti təmin edilməyib və Səbail Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Hacıyev mayın 5-də DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanıb. Mayın 6-da Prezident İlham Əliyev onun İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Mayın 6-da Səbail Rayon Məhkəməsində V. Hacıyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Qeyd edək ki, V.Hacıyev icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirməkdə,  vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət almaqda şübhəli bilinir. Axtarış zamanı onun rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilib.  Bəllidir ki, indiyə qədər 5 icra başçısı həbs edilib. Onların heç birindən aşkar edilən nağd pul Vilyam Hacıyevdəki məbləğdə olmayıb. Buna baxmayaraq, indiyədək həbs edilən sabiq icra başçılarından heç biri barəsində çıxarılan qərara etiraz etməyib. Təbiidir ki, məhkəmənin qərarından yuxarı instansiyaya şikayət etmək istənilən vətəndaşın hüququdur. Ancaq V. Haciyev evindən çıxan pul bağlamalarına, rüşvət alması ilə bağlı əməliyyat çəkilişinə rəğmən barəsində çıxarılan məhkəmə qərarına nümayişkəranə şəkildə etiraz edirsə, bu nəyin göstəricisi ola bilər?

Hüquqşunas Mehman Muradlı “Bakı-Xəbər”ə bildirdi ki,  hər bir təqsirləndirilən şəxs barəsindəki qərarlardan şikayət verə bilər:“Bilirsiniz ki, bizim ölkədə hüququn aliliyi yüksək səviyyədə təmin edilir. Ölkəmizdə çoxpilləli məhkəmə ierarxiyası mövcuddur. Heç bir qanunvericilik, hətta ən ağır cəza törətmiş şəxsə belə, yuxarı məhkəmə instansiyalarına şikayət etməyi qadağan etmir.  Hətta  bizim qanunvericiliyə görə, təqsirləndirilən şəxs mütləq vəkillə təmin olunmalıdır. Şəxsin buna maddi imkanı çatmırsa, ona dövlət hesabına vəkil tutulur. Bütün bunlar məsələnin hüquqi tərəfidir. Düşünürəm ki, istənilən peşəkar hüquqşunas mən deyəndən kənara çıxmaz. Çünki qanunvericiliyin tələbi hər şeydən üstündür. Vilyam Hacıyevlə bağlı məsələnin bir ictimai tərəfi də var. Bu həbslər bütün ölkənin diqqət mərkəzindədir. Hətta ölkə başçısı da bir neçə dəfə çıxışlarında məmur həbslərindən danışıb. Məmurların həbsi ilə bağlı nümayiş edilən  əməliyyat çəkilişlərindən görünür ki, onlar açıq cinayət ediblər. Vilyam Hacıyevlə bağlı isə biz daha dəhşətli mənzərəni gördük. Onun evindəki pulların məbləği ilə bağlı hətta xarici media da təəccübünü gizlətmirdi.

Belə adamın hüquqi müstəvidə həbsi ilə bağlı müqavimət göstərməsinin perspektivi də görünmür. Hələlik istintaq yekunlaşmayıb. Vilyam Hacıyevlə bağlı verilən şikayətin məzmunu yalnız barəsində seçilən həbs-qətimkan tədbirinə etiraz ola bilər. Sabiq icra başçısının ittiaham olunduğu cinayət ağır sayılır. Bu baxımdan da, həmin maddələrin tələbinə görə, əksər hallarda təqsirləndirilən şəxslə bağlı həbs-qətimkan tədbiri seçilir. Prezident həmçinin çıxışlarından birində qeyd edir ki, həm həbsdə olanlar, həm bəzi özünü yığışdırmayan məmurlar heç kimə arxayın olmasınlar, çünki  heç kimə belə şans verilməyəcək. Bu mənada, Vilyam Hacıyevin müqavimətinin ciddi dəyişikliklərə səbəb olamayacağı qənaətindəyəm”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər