“Ermənistanda müharibədə ölənlər olubdur. Onların ailələrinə mənzil, avtomobil verilir? Yox. Orada pullar faşistlərin abidələrinin ucaldılmasına xərclənir”. Bunu Prezident İlham Əliyev yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Ölkə başçısının sözlərinə görə, Azərbaycanda şəhid ailələrinin sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması daim diqqət mərkəzində olan məsələdir: “Bu günə qədər 7600 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilibdir. Bu il şəhid ailələrinə verilən mənzillərin, evlərin sayı rekord həddə çatıb -1500 şəhid ailəsinə evlər, mənzillər veriləcək və beləliklə, növbədə duran şəhid ailələrinin sayı 2 mindən az olacaqdır. Ümid edirəm ki, maksimum iki il ərzində bütün şəhid ailələri dövlət tərəfindən evlərlə təmin ediləcəkdir.
İndi bir daha demək istəyirəm ki, heç kimlə müqayisə aparmaq istəmirəm, amma baxın, Ermənistanda müharibədə ölənlər olubdur. Onların ailələrinə mənzil, avtomobil verilir? Yox. Orada pullar faşistlərin abidələrinin ucaldılmasına xərclənir. Amma biz bütün bu işləri görürük və görməliyik. Bu, bizim mənəvi borcumuzdur”.
Həqiqətən də Ermənistanda müharibədə ölənlərin ailələrinə nə mənzil, nə də avtomobil verilir. 2016-cı ildə Ermənistan parlamenti belə bir qanun qəbul etdi ki, guya Qarabağda ölənlərin ailələrinə və yaralananlara 30-10 min dollar civarında kompensasiya veriləcək. Ancaq sözügedən qanun kağız üzərində qaldı. Bununla bağı Ermənistan hakimiyyəti sonrakı dövrdə qərarlılıq göstərmədi. Ən başlıcası, Ermənistanın bununla bağlı iqtisadi imkanları yoxdur. Ermənistan, adətən, bu kimi məsələlərdən siyasi məqsədlər üçün isifadə edir. Məsələn, bu günlərdə məlumat yaydılar ki, guya Azərbaycandan gələn “qaçqınlara” 800 milyon dollar dəyərində mənzil sertifikatı verilib. Sözügedən tədbirlər çərçivəsində 112 ailə evlə təmin olunacaq və s. Əslində, bütün bunların heç bir əsası yoxdur. Sadəcə, bununla məkrli niyyətlərinə uyğun görüntü yaradırlar ki, onlarda qaçqın problemi var və bunun günahkarı Azərbaycandır.
“Bu kimi məsələlərdən siyasi məqsədlər üçün istifadə edirlər”
Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, Ermənistanda müharibədə ölənlərin ailələrinə və yaralananlara mənzil yox, quru vəd verilir: “Sözügedən məsələ ilə bağlı Ermənistanda hər hansı praktiki işlərin görülməsindən söhbət gedə bilməz. Vaxtilə Qarabağda Azərbaycana qarşı döyüşən ermənilərin hazırki sosial durumu acınacaqlı vəziyyətdədir. Ermənilər, sadəcə, bu kimi məsələlərlə bağlı informasiya müharibəsi aparırlar. Yalandan elə görüntü yaradırlar ki, guya müharibə iştirakçıları üçün nələrsə edilir, amma ortada heç nə yoxdur. Onların fəaliyyəti sırf təbliğata yönəlib. Bu kimi məsələlərdən siyasi məqsədlər üçün istifadə edirlər. Ermənistandan fərqli olaraq, Azərbaycanda müharibə veteranlarına və əlillərinə çox böyük qayğı göstərilir. Onların mənzil şəraiti yaxşılaşdırılır və digər sosialyönlü addımlar atılır. Prezident tamamilə doğru olaraq qeyd etdi ki, Ermənistanda pullar faşistlərin abidələrinin ucaldılmasına sərf edilir. Bir məqamı da qeyd edim ki, bir neçə dəfə Ermənistanda hərbçilər üçün ianə toplanıb. Ancaq bununla bağlı yığılan vəsaitlər mənimsənilib. Bütün bunların nəticəsidir ki, ölkədə hərbi mükəlləfiyyəti olan şəxslər zorla orduya aparılır”.
Vidadi ORDAHALLI