Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə müsahibə və çıxışlarında Ermənistanın “qəhrəmanlaşdırdığı”, əslində isə nasizmə xidmət etmiş və Hitlerin əlaltısı olmuş, faşist Qaragen Njdenin əməllərini ifşa etdikdən sonra ermənilərin rahatlığı əməlli-başlı pozulub. Bu gün erməni mediası II Dünya Müharibəsi illərində yaradılan Azərbaycan Komitəsi və legionlarının fəaliyyətini qaralamaqla məşğuldur. Erməni mediasında Əbdürrəhman bəy Düdənginskinin (Fətəlibəyli) fəaliyyəti ilə bağlı qarayaxmalara rast gəlinir. Ermənilər hətta onu Njde ilə eyniləşdirməyə də cəhdlər edirlər.
Məlum olduğu kimi, faşist Njde və onun rəhbərlik etdiyi erməni legionu Hitlerin tapşırığını ica edib, minlərlə yəhudinin, eləcə də sovet əsgərlərinin qətlini həyata keçirib. Ermənilər açıq çəkildə olmasa da, dolayı formada Düdənginskini də bu “əməlləri törətmək”də ittiham edirlər.
Əbdürrəhman bəy Düdənginskinin İkinci Dünya Müharibəsi illərində Azərbaycan legionundakı fəaliyyəti nədən ibarət olub?
“AzərTAC”da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Şəfa Mövsümovun mühacir Azərbaycan Komitəsi və legionlarının Azərbaycan tarixşünaslığında tədqiqinə dair qeydləri yer alıb. Bu qeydlərdə bildirilir: “...Sovet ordusunun zabiti olmuş Əbdürrəhman bəy Fətəlibəylinin (Düdənginski) hitlerçilərlə əməkdaşlıq etməsi və Mühacir Azərbaycan Komitəsi yaradaraq, Azərbaycanın istiqlaliyyəti üçün mübarizəsi haqqında fikirlərə də müasir tarixşünaslığımızda rast gəlinir. Qeyd olunur ki, Baltikyanı cəbhədə hitlerçilərə əsir düşən Ə.Fətəlibəyli azərbaycanlı hərbi əsirlərdən ibarət dəstələr yaradılması üçün 1941-ci ilin avqustunda Hitlerə müraciət edib. Həmin ilin payızında M.Ə.Rəsulzadə Almaniyanın Şərq Nazirliyi tərəfindən Berlinə dəvət edilib. Bununla bağlı aparılan danışıqlar 12 maddədən ibarət xüsusi memorandumda əks olunub”.
“Düdənginskini hansısa Njde, Njdeyə bənzərlərlə müqayisə etmək, onlara tay tutmaq qətiyyən yolverilməzdir”
AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, tanınmış tədqiqatçı-alim Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, ermənilərin Düdənginski haqqında yazdıqları birmənalı olaraq həqiqəti əks etdirmir, o, Njdedən fərqli olaraq, yəhudilərin və sovet əsgərlərinin qətli prosesində iştirak etməyib, onun yeganə amalı müstəqil Azərbaycan dövlətinin bərpasına nail olmaq olub.
“Əvvəla Paşinyan başda olmaqla, ermənilərin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, həmin dövlətimizin başçısı Məhəmməd Əmin Rəsulzadə, daha sonra isə Azərbaycan Milli Birlik Məclisinin rəhbəri, eyni zamanda, Azərbaycan legionunun başçısı, “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının baş redaktoru Əbdürrəhman bəy Düdənginski haqqında ittihamlarla çıxış etməsi təsadüfi deyil. Məlumdur ki, həm Azərbaycan Prezidenti, həm mediamız, həm də elm adamlarımız tərəfindən Paşinyanın çoxüzlü siyasət yeritdiyi, Ermənistanın həm faşizmi dəstəklədiyi, faşist əlaltılarına heykəllər qoyduğu, eyni zamanda da Sovet Rusiyasını müdafiə edən bəyanatlar səsləndirməsi bütün dünya qarşısında işfa edilib, bununla da onların həqiqi simaları üzə çıxıb. Ermənistanın bu münasibəti də dünya tərəfindən birmənalı qarşılanmır. Ermənilər də çarəsizlikdən gah M.Ə.Rəsulzadəyə, gah da Düdənginskiyə böhtan atmağa cəhdlər edirlər. Bəli, həqiqətən də Əbdürrəhman bəy Fətəlibəyli - Düdənginski İkinci Dünya Müharibəsi dövründə Almaniyada yaradılmış Azərbaycan Milli Birlik Məclisinin rəhbəri olub. Əslində, almanlar ilk dövrlərdə daha çox Azərbaycan Cümhuriyyətinin qurucusu, lideri M.Ə.Rəsulzadə ilə bəzi danışıqlar apardı. Lakin Rəsulzadə sonralar Düdənginskinin xatirəsi haqqında yazdığı yazıda da göstərirdi ki, o, almanlarla əsas məsələlərdə, xüsusən də Azərbaycanın müstəqilliyi məsələsində razılığa gələ bilməyib. Rəsulzadə İkinci Dünya Müharibəsindən əgər Almaniya qalib çıxacaqdısa, o zaman Azərbaycanın müstəqil bir dövlət kimi fəaliyyət göstərməsinin tərəfində idi. Ancaq Almaniya bununla razılaşmırdı. Rəsulzadənin Düdənginskinin dəfn mərasimində çıxışı zamanı dediyi sözlər çox dəyərlidir. O xatırladır ki, İkinci Dünya Müharibəsində almanların təklifi ilə Azərbaycan Milli Komitəsinin başçısı sifətində Almaniyada olmuşdu, orada Almaniya-Azərbaycan məsələləri müzakirə edilmişdi. Rəsulzadə Almaniyada olduğu dövrdə Düdənginski ona məktib yazaraq belə bir komitənin yaranmasından dolayı sevincini ifadə edib. “Mərhaba, çox möhtərəm Məhəmməd Əmin! Əziz yurdumuz Azərbaycanın yorulmaz hürriyyət mücahidi olan Sizi cəbhədəki bütün əsgərlərimiz adına salamlayıram” - deyə Düdənginski Rəsulzadəyə yazırdı. Rəsulzadə bildirirdi ki, Azərbaycan Milli Komitəsi hitlerçi almanların məqsəd və məramlarını anladıqdan sonra onlardan uzaqlaşmışdı. Rəsulzadə bildirirdi ki, Azərbaycan Milli Komitəsi hitlerçi almanlara məqsəd və məramlarını anlada bilməyib. Çünki Hitler heç bir komitəni tanımadığını bəyan edib və “Rabitə heyətləri”nin qurulmasına göstəriş verib. Azərbaycan “Rabitə heyəti”nin başına isə Düdənginski gətirilmişdi. Rəsulzadə daha sonra deyir ki, iş bu hala gəlincə, mayor Fətəlibəyliyə uğur diləyərək milli ideyalara sadiq qalacağı müddətdə onu mənən müdafiə edəcəyini bəyan edib. Yəni Rəsulzadə görəndə ki, almanlar Azərbaycanın müstəqilliyini heç cür qəbul etmir, o, birmənalı şəkildə, almanlarla danışıqları bitirib və Almaniyanı tərk etmişdi. Ancaq Düdənginski isə hələ də almanlara müəyyən mənada inandığı üçün onlarla danışıqları davam etdirmişdi.
Rəsulzadə hesab edirdi ki, Fətəlibəyli Milli Qurultay çağıraraq Milli Birlik məclisini yaradarkən də milli ideyalara sadiq qalıb: “Mərhum hərarətli bir vətənsevər və atılqan bir mücahiddir. Bildiyimiz fəaliyyət sahəsinə hələ atılmadan, cəbhədə adı duyulmayan bir əsgər ikən, hadisələrin axarı ilə üzə çıxan hissiyyatı onun səmimi bir vətənsevər olduğunu göstərir”. Bu fikirlərinin yekunu olaraq Rəsulzadə sonda bildirir: “Qurtuluşu həyata keçiriləcək hürr və müstəqil vətəndə adları şan və şərəflə anılacaq qurbanlar arasında indi xatirəsini andığımız mərhum da olacaq”. Yəni Düdənginski də. Biz hesab edirik ki, Rəsulzadənin Düdənginski haqqında dediyi dəyərli sözlər bu günümüz üçün də aktuallığını itirməyib, əksinə, vətən övladlarımızın yad edilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Yenə də deyirəm, Rəsulzadə, bütün hallarda, Düdənginskiyə sahib çıxmağımızı istəmişdi. Bəli, 1943-cü il noyabrın 6-11-də Milli Birliyin təşəbbüsü ilə Milli Azərbaycan Qurultayı keçirilmiş və həmin qurultayda Düdənginski məruzə ilə çıxış edib: “Biz çar valilərinə, bolşevik əsarətinə dözmədiyimz kimi, hər hansı bir millətin hakimiyyətinə də dözməyəcəyik. Azərbaycanı azərbaycanlılar idarə etmiş və yenə onlar idarə edəcək”. Gördüyümüz kimi, o, bütün vəchlə Azərbaycanın müstəqil dövlət olmasını istəyirdi. Əlbəttə, Rəsulzadədən fərqli olaraq, Düdənginski bəzi məsələlərdə almanlara güzəştə getmişdi. Ancaq bütövlükdə Düdənginski Njdenin rolunu oynamamış, onun kimi faşistlərin buyruğuna baxıb kütləvi qırğınlarda iştirak etməmişdi. Onun bir türk övladı kimi məqsədi almanlara əsir düşmüş Azərbaycan türklərini qorumaq və onlardan ibarət hərbi güc yaradaraq sonradan Azərbaycanı Sovet Rusiyasının işğalından xilas etmək idi”.
F.Ələkbərli qeyd etdi ki, Düdənginski məruzəsində öz məqsədini açıq şəkildə belə ifadə edib: “Milli Birliyin əsas məqsədi bolşevizmin məhv edilməsi və Azərbaycanın müstəqilliyidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra milli mədəniyyət və milli dil - türk dili bərpa olunacaq, Milli Akademiya yarıdılacaq və sinfi mübarizəyə son veriləcək. Yeni Azərbaycanda daxili münaqişələrə, sinfi müharibələrə yer ola bilməz. Biz yol verə bilmərik ki, Yeni Azərbaycanda köhnə hadisələrin hesabı aparılsın. Biz xalqımızın gücünü bu cür dağıdıcı işə sərf edə bilmərik. Xalqın bütün enerjisi yaradıcı, mədəni işə istiqamətləndiriləcək. Tam sərbəstlik yaratmaq və işləmək imkanı bolşeviklərin dövründə kim olmasına baxmayaraq, hər bir azərbaycanlıya veriləcək. Yeni Azərbaycanda bir-birilə mücadilə aparan siniflər ola bilməz. Vahid zəhmətkeş Azərbaycan xalqı olacaq. Biz Azərbaycanda yaşayan digər millətlərin zəhmətkeşlərinə qonaqpərvər münasibət bəsləyəcəyik, təki onlarda bizimlə çalışmaq həvəsi olsun”.
F.Ələkbərli bildirir ki, Düdənginski Almaniyanın SSRİ üzərində qələbə əldə edəcəyi təqdirdə Azərbaycanın müstəqillik qazanacağına inanmışdı.
“Düdənginski özü də sonralar yazırdı ki, həmin dövrdə bu təşkilat təsadüfən yaranmayıb. Milli Birliyin yaranmasına başlıca səbəb Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra ən çox təcavüzə uğraması, yəni milli mənsubiyyəti, milli dili və tarixi tamamilə saxtalaşdırılmış yeganə millət olması olub. Bu barədə Əbdürrəhman bəy yazırdı: «Tarixin bəzi saxtakarlarının bu cür «səylərinə» görə azəri türkləri Qafqazda yad xalq kimi hesab olunurdular və buna görə də bütün xalqlar öz əsl adları ilə tanınanda bizə əmr olundu ki, «azərbaycanlı» adlanaq. Bütün xalqlar öz rəmzlərindən istifadə edə bildiyi halda, bizə əmr olunmuşdu ki, türk rəmzi olan ulduz və ayparanı ləğv edək. Heç kimin ixtiyarı yox idi ki, «türk» və «müstəqillik» sözündən istifadə etsin” - deyə bildirən F.Ələkbərlinin sözlərinə görə, bu gün Paşinyanın və erməni mediasının Düdənginskiyə qarşı hər hansı bir qarayaxma kampaniyası aparması fayda verməyəcək. “Bütün hallarda, Paşinyanın və onun ətrafının Düdənginskiyə və Rəsulzadəyə qarşı istənilən qarayaxma kampaniyası aparması mənasız və faydasızdır. Yeri gəlmişkən, İkinci Dünya Müharibəsindən sonrakı illərdə Düdənginski Münhendə ictimai-siyasi fəaliyyətini davam etdirib və 1951-ci ildə “Azərbaycan” jurnalının, 1953-1954-cü illərdə “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının baş redaktoru olmuşdu. O dövrdə də o, Azərbaycan milli ideyasına sadiq qalıb. Onun yazılarında qeyd edildyinə görə, indi isə biz yalnız ona görə yaşayırıq ki, yenidən silahı əlimizə alaq və xalqımızla birgə bolşevizmə qarşı azadlıq, müstəqillik və demokratiya uğrunda, bütün Yer kürəsində əbədi sülh uğrunda mübarizə aparaq. “Böyük Tanrım, böyük Tanrım, sən bizim qanımızı yerdə qoyma!” - deyirdi. Yəni Düdənginskinin əsas məqsədi Azərbaycanın Bolşevik Rusiyasının işğalından azad olması idi. Düdənginskini hansısa Njde, Njdeyə bənzərlərlə müqayisə etmək, onlara tay tutmaq qətiyyən yolverilməzdir. Birmənalı şəkildə hesab edirəm ki, elə Rəsulzadə də, Düdənginski də heç vaxt Azərbaycanın milli maraqlarına xəyanət etməyiblər. Əlbəttə, dövrün şərtlərinə uyğun olaraq Düdənginski bəlkə də Rəsulzadədən fərqli olaraq, Almaniya ilə danışıqlarda daha yumşaq mövqe tutmuşdu. Ancaq, bütün hallarda, gördüyümüz kimi, Rəsulzadə də onun fəaliyyətinə çox yüksək qiymət vermişdi. Biz məhz Düdənginskiyə M.Ə.Rəsulzadənin gözü ilə baxmalıyıq, hansısa Paşinyanların, yaxud onun ətrafındakıların deyil” - deyə F.Ələkbərli vurğuladı.
İradə SARIYEVA