Ali Avrasiya İqtisadi İttifaqının iclasında Ermənistanın baş naziri Nikol Paşinyan qurumun ümumi enerji bazarının yaradılması və qaz qiymətlərinə vahid yanaşma məsələsini qaldırıb. Buna cavab olaraq Rusiya Prezidenti Vladimir Putin bildirib ki, vahid tarif yalnız vahid büdcə və vahid vergi sisteminin olduğu bazarda tətbiq edilə bilər:"Bu inteqrasiya səviyyəsinə çatmayana qədər qaz qiymətləri bazar şərtləri əsasında formalaşdırılmalı, tədarükçülərin xərcləri və investisiyaları nəzərə alınmalı və istehsalata yatırılan kapitala uyğun gəlir dərəcəsi təmin edilməlidir".
Putin xatırladıb ki, tranzit və qaz nəqli üçün tariflərin müəyyən edilməsi məsələsi Avrasiya İqtisadi İnteqrasiyasının 2025-ci ilədək inkişafına dair Strateji istiqamətlər layihəsinə daxil edilib. Putinin fikrincə, məsələ strategiya layihəsindən çıxarılmalıdır: "Erməni və belaruslu dostlarımızın mövqeyi dəyişməz qalsa, ehtimal ki, qazla əlaqəli maddənin təsdiqlənməsi üçün strategiya layihəsindən çıxarılması məntiqli olardı. Qaz qiymətlərinə yanaşmaların müzakirəsi üzv dövlətlərin ekspertləri və Avrasiya İqtisadi Komissiyası tərəfindən davam etdirilə bilər".
Onun sözlərinə görə, Rusiyanın mövqeyi Qazaxıstan və Qırğızıstan tərəfindən dəstəklənir. "Üç ölkə - Rusiya, Qazaxıstan və Qırğızıstan tərəfindən dəstəklənən bir düstur var. Bunun mahiyyəti odur ki, qazın qiymətinə dair yanaşmalar sonradan AAİİ bazarının formalaşdırılması ilə bağlı danışıqlarda müəyyən oluna bilər. Ermənistan və Belarusdan olan həmkarlarımız bu düsturu hələ qəbul etməyiblər, onların öz fikirləri var. Onlar onunla razılaşa bilsələr, strategiyanı ümumiyyətlə təsdiqləmək üçün başqa heç bir maneə olmazdı”.
Göründüyü kimi, Paşinyanın qazın qiyməti ilə bağlı güzəşt əldə etmək cəhdi alınmayıb və Putin həmin niyyəti onun ürəyində saxlayıb. Paşinyanın növbəti dəfə belə rüsvay olması nəyin əlaməti sayıla bilər?
İqtisadçı Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın cabalaması başadüşüləndi:“Bilirsiniz ki, Ermənistan təbii ehtiyatlarla zəngin olmayan ölkədir. Üstəlik də yürütdüyü işğalçı siyasət həmin ölkəni blokada şəraitinə salıb. Hər bir ölkədə olduğu kimi, Ermənistanda da enerji daşıyıcılarına böyük tələbat var. Ancaq görünən budur ki, Ermənistan Rusiyadan aldığı qazın pulunu ödəyə bilmir. Bu amil, hətta Paşinyandan əvvəlki hakimiyyətlərin dönəmində də özünü göstərib. Dəfələrlə olub ki, Rusiya borc səbəbindən Ermənistana qaz nəqlini dayandırıb. Paşinyan hakimiyyətə gələndən sonra isə Rusiyanı şantaj edib, onlardan ucuz qaz almaq istədi. Əvvəlcə Rusiyanın “Qazprom” şirkətinin Ermənistandakı törəmə şirkətində yoxlamalar apardı, hətta həbslər də oldu. Onun bu addımı əks effekt verdi. Rusiya öz mövqeyində, qazla bağlı qiymət siyasətində daha sərt mövqe ortaya qoydu. Bütün bunlar səmərə vermədi və Paşinyan koronavirus amilindən istifadə etməyə çalışdı. Ali Avrasiya İqtisadi İttifaqının iclası ərəfəsində Paşinyan hədəyə bənzər bir açıqlama verdi. Bildirdi ki, Rusiya ilə qaz qiymətlərilə bağlı siyasi məsləhətləşmələr davam etdiriləcək.
Paşinyan dedi ki, koronavirus şəraitində Rusiyanın qaz qiymətlərini qaldıracağını gözləmir. Yəni Ermənistan faktiki olaraq bu məsələdə özünü Rusiyaya yük etmək istəyir. Hazırda Rusiyanın da iqtisadi vəziyyəti yaxşı deyil. Bu səbəbdən də Putin Paşinyana çox sərt cavab verdi və onu, demək olar ki, yerinə oturtdu. Bəlli oldu ki, Rusiyanın quruma üzv olan ölkələrlə bağlı öz planı var və qazın ucuz satılması hələ uzun müddət müzakirə mövzusu ola bilməz. Ermənistanın başqa alternativi də yoxdur. Faktiki olaraq bu vəziyyət Ermənistandakı iqtisadi situasiyanı daha da pisləşdirəcək. Dilənçi kökündə olan ölkə daha ağır problemlərə düçar olacaq. Bunu kompensasiya etmək üçün isə Ermənistanın əlində ciddi iqtisadi resursu yoxdur”.
Məhəmmədəli QƏRİBLİ