Son günlər hakim Yeni Azərbaycan Partiyasında (YAP) da islahatların aparılmasının zəruriliyi ilə bağlı fikirlər səslənir. Belə fikirlər daha çox hakim partiyanın Siyasi Şurasında təmsil olunan şəxslərin dili ilə ifadə olunur.
YAP Siyasi Şurasının üzvü, sabiq təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov son müsahibələrindən birində 5 rayonun icra başçısının həbsindən danışıb və təmsilçisi olduğu hakim partiya ilə bağlı ilginc fikirlər səsləndirib:“Çox təəssüf ki, bəzən təsadüfi adamlar yüksək vəzifələrə və YAP rəhbərliyinə qədər gəlib çıxa bilib. Belə halların olması təəssüfedicidir”.
Partiyanın Siyasi Şurasının digər üzvü, sabiq deputat Musa Musayev də bənzər fikirlər səsləndirib:“Mənim 33 illik siyasi təcrübəm və müşahidələrim onu deməyə əsas verir ki, ölkəmizdə xoşa gəlməyən halların baş verməsinin əsas səbəbkarları keçmiş kommunistlərdən, komsomoldan və başqa partiyalardan hakimiyyətə transfer olunmuş kadrlardır”.
Sabiq deputat bildirib ki, islahatlar dalğası Prezident Adminstrasiyasında, YAP-da və digər qurumlarda davamlı olmalıdır: “Hər bir cinayətkar və rüşvətxor öz cəzasını almalıdır, bunu bütün Azərbaycan xalqı tələb edir. Azərbaycan xalqının 90 faizi cənab Prezidəntin arxasındadır, lazım gələrsə, onun və dövlətimizin müstəqilliyi yolunda şəhid olmağa hazırıq”.
Hakim partiyada islahatların zəruriliyi ilə bağlı səslənən fikirlərə hazırda hakim partiyanın rəhbər strukturlarında təmsil olunan şəxslərin münasibəti maraqlıdır. YAP-ın Beynəlxalq əlaqələr komisiyasının katibi, millət vəkili Elman Nəsirov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanda Prezidentin təşəbbüsü və siyasi iradəsi ilə həyata keçirilən islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoyub: “Hakim partiya hakimiyyətə gələndən sonra bu islahatlar kursu hər zaman olub. Hətta mərhum prezident Heydər Əliyevin zamanında da bu kurs həyata keçirilib. 2018-ci ildəki prezident seçkilərindən sonra Parlamentdəki andiçmə mərasimində ölkə başçısı vurğuladı ki, islahatlar kursu daha da dərinləşdiriləcək və keyfiyyətcə yeni mərhələyə keçəcək. Prezident həmin çıxışında islahatların ünvanını da göstərmişdi. Biz görürük ki, bütün sahələrdə yeniləşmə, müasirləşmə və başqa addımlar həyata keçirilir. Bu özünü icra, məhkəmə sistemlərində, hətta parlamentdə də göstərdi. Əgər bu islahatlar irimiqyaslı, ardıcıl və sistemlidirsə, onda YAP da prosesdən kənarda qalmır. Qeyd edim ki, YAP-ın özündə də hər zaman dəyişikliklər olub. Partiyada gənclər daha çox irəli çəkilir. Ancaq keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğumuz üçün hakim YAP-da islahatların dərinləşməsi kursu labüddür. Prezident Baş nazirin sabiq müavini Əli Həsənovu vəzifəsindən azad edilməsi xahişi ilə bağlı qəbul edərkən, ona YAP sıralarında fəaliyyətini davam etdirməyi tövsiyə etdi və bildirdi ki, hakim partiyada da islahatların həyata keçirilməsi zəruridir. Demək istəyirəm ki, partiyada islahatların aparılması həm də Prezidentin siyasi iradəsinin göstəricisi sayıla bilər. İstisna etmirəm ki, YAP-da islahatlar dərinləşəcək. Heç bir sahə islahatdan kənarda qalmayacaq”.
Məhəmmədəli QƏRİBLİ