Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri tədbirlər nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanıb.
Oktyabrın 6-na keçən gecə Bakı şəhər sakini Mehdi Babayevin “VAZ-2106” markalı avtomobilinin Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən qaçırılması barədə DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət daxil olub. Məlumatla əlaqədar dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün saat 11 radələrində Ələt qəsəbəsi ərazisində onu qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini Şamo Qocayevlə birgə saxlanıb.
Oktyabrın 6-na keçən gecə Bakı şəhər sakini Valentin Kotovun “VAZ-2107” markalı avtomobilinin paytaxtın Nizami rayonu ərazisindən qaçırılması barədə DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət daxil olub.
DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin Şərifli küçəsində olduğu müəyyən edilib.
Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Abbas Quliyev avtomobillə birgə Nizami RPİ 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı