Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində soyğunçuluq və oğurluq cinayətləri törətməkdə şübhəli bilinən şəxslər saxlanıb.
Oktyabrın 4-də Bakı şəhər sakini K.Tağıyevin Türkan qəsəbəsi ərazisində mobil telefonunun açıq talama yolu ilə əlindən alınması barədə Xəzər RPİ-yə müraciət daxil olub. Məlumatla əlaqədar 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rafiq Həsənov saxlanıb.
Goranboy RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Səfikürd kəndindəki kafelərin birində rayon sakini E.Əliyevin cibindən 550 manatını və sənədini oğurlamaqda şübhəli bilinən Nadirkənd kənd sakini olan qadın saxlanıb.
Bərdə RPŞ-nin əməkdaşları tərəfindən oktyabrın 3-də şəhər ərazisində F.Məmmədovun “Ford” markalı avtomobilindən 350 manat oğurlamaqda şübhəli bilinən rayon sakini olan qadın saxlanıb. Onun oktyabrın 4-də Şirvanlı kəndi ərazisində Ağdam rayon sakini X.Məmmədovun cibindən 300 manatını oğurladığı da müəyyən edilib.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayı ərzində rayon ərazisindəki 2 mağazada işləyən 2 qadın satıcının mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Xəlilov saxlanıb. Araşdırma zamanı onun borclu şəxs qismində axtarışda olduğu da müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı