Sentyabrın 2-də Şəmkir rayon Polis Şöbəsinə müraciət edən rayon sakini olan qadın mənzilindən qızıl əşyalarının və nağd pulunun oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal Şəmkir RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın mənzilindən 5 min manat dəyərində qızıl-zinət əşyaları və 1780 manat nağd pul oğurlanıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qarətçinin qonşuluqda kirayədə yaşayan Tərtər rayon sakini, 44 yaşlı Pərviz Cəfərov olduğu müəyyən edilərək o saxlanıb. Pərviz Cəfərov Şəmkirə cinayəti törətməzdən bir neçə gün əvvəl gəldiyini və qarəti əvvəlcədən planlaşdırdığını deyib. O, əldə etdiyi qızıl-zinət əşyalarını müxtəlif rayonlarda satdığını da etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Eşqin QASIMOV Polis leytenantı