Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon ərazisində əsasən yaşlı insanların etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə onların bank hesablarından pullarını çıxararaq mənimsəməkdə şübhəli bilinən şəxs saxlanıb.
Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan bir qadın bank hesabından 55 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanıb və oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanıb. Araşdırmalarla onun şəhər sakini İlkin Hüseynov olduğu, cari ilin avqust ayında şəhər sakini olan daha 2 nəfəri aldadaraq onların ümumilikdə 183 manat pulunu bank hesablarından çıxararaq mənimsədiyi, sentyabrın 7-də isə Şüvi kənd sakini Ə.Qurbanovu aldadaraq dələduzluq yolu ilə 54 manatını aldığı da müəyyən edilib.
RPŞ-də araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı