Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər yaxalanıb.
Belə ki, paytaxtın Nizami rayonunun C.Naxçıvanski küçəsindən Bakı şəhər sakini X.Abdullayevanın “Opel” markalı avtomobilinin qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxs həmin nəqliyyat vasitəsi ilə birgə saxlanıb.
Araşdırmalarla onun Bakı şəhər sakini Əhməd Zeynallı olduğu müəyyən edilib. Həmin şəxsin paytaxtın Nəsimi rayonu ərazisində 2 avtomobildən akkumulyator və məişət əşyaları oğurladığı da müəyyən edilib.
Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərinin birindən qəsəbə sakini Ş.Mehralıyevin “Volkswagen” markalı avtomobilinin qaçırılması barədə RPİ-yə məlumat daxil olub. Polis əməkdaşlarının“isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Faiq Möhübov avtomobillə birgə Biləcəri qəsəbəsi ərazisində saxlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı