İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi müasir dövrün tələbi kimi...

Azərbaycanda postneft dövrünün proqnozlaşdırıldığından xeyli tez başlaması ölkənin qeyri-neft sektorunun inkişaf potensialının dəyərləndirilməsi və tətbiqi ilə yanaşı sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçidi də reallığa yaxınlaşdırdı ki, əslində dünyadakı qloballaşma dövründə bu həm də dövrün tələbi kimi çıxış etməkdədir.
Çünki beynəlxalq aləmin bir parçası olaraq dünya bazarına inteqrasiyanı hədəfləyiriksə, İKT sektorunun sürətli və intensiv inkişafı ölkənin inkişaf konsepsiyasında prioritet məsələ olmalıdır. Bu zərurəti zamanında dəyərləndirən mərhum prezident Heydər Əliyev Azərbaycanda "elektron hökumət"in formalaşdırılmasında ilk addımı hələ 2003-cü ildə "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nı imzalamaqla atdı. Sonrakı dövrdə Prezident İlham Əliyevin bu məsələyə müstəsna əhəmiyyət verməsi və onun icrasını bilavasitə nəzarətdə saxlaması isə dövlət idarəçiliyi və ictimai həyatın bütün sahələrində "elektron hökumət" ideyalarının tətbiqi ilə vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaratdı. Bu kontekstdə qəbul olunan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası qarşıya qoyulan hədəfə çatmaq üçün müstəsna əhəmiyyətli normativ-hüquqi akt sayılmalıdır. Çünki məhz bu sənəddə ölkə iqtisadiyyatının innovativliyinin artırılmasında informasiya-kommunikasiya texnologiyalarının rolu konseptual şəkildə əsaslandırılaraq, onun əhəmiyyəti önə çəkilir.
Ölkədə İKT sektorunun inkişafının 2025-ci ilə kimi bəlli hədəfləri...
Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi isə 2016-cı ilin 6 dekabr tarixində Prezidentin müvafiq Fərmanı ilə təsdiq edilib. Ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişaf potensialının artırılması, iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun təkmilləşdirilməsi, İKT xidmətlərinə olan tələbin daxili mənbələr hesabına effektiv qarşılanması və dövlət sektorunun fəaliyyətində İKT-nin tətbiqi ilə səmərəliliyin daha da artırılması məqsədilə hazırlanan bu Yol Xəritəsi telekommunikasiyanın inkişafının dəstəklənməsi, innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması, beynəlxalq və yerli bazarlara yüksəkkeyfiyyətli və rəqabətədavamlı informasiya texnologiyaları məhsullarının çıxarılması, yüksək texnologiyalara əsaslanan yeni investisiya layihələrinin cəlb edilməsi və bu sahədə fəaliyyət göstərən subyektlər arasında effektiv koordinasiyanın qurulması kimi prioritet vəzifələri nəzərdə tutur. Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək strateji baxış və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Hazırkı imkanlarla Azərbaycanın 2025-ci ilədək telekommunikasiya sektorunun perspektivinə baxışı ölkənin telekommunikasiya və informasiya texnologiyaları infrastrukturunu gücləndirmək, bu sahədə göstərilən xidmətləri genişləndirmək və bütün tərəfləri bu xidmətlərdən istifadəyə təşviq etməkdən ibarətdir. Bu baxışın davamı kimi isə 2025-ci ildən sonrakı dövrdə gündəlik həyatda istifadə olunan xidmətlərin geniş tətbiqi nəticəsində regionun aparıcı texnologiyaəsaslı ölkəsinə çevrilmək əsas prioritetlərdən birini təşkil edir. Bu məqsədlə Azərbaycanda, ilk növbədə, geniş əhatə dairəsinə malik yüksəksürətli genişzolaqlı infrastrukturun inkişaf etdirilməsi planlaşdırılır.
Digər tərəfdən, son illərdə "Elektron hökumət"in tətbiqi ilə əlaqədar iqtisadi və sosial sahələr üzrə təsdiq edilmiş 20-dək dövlət proqramı çərçivəsində "elektron hökumət" layihələri uğurla həyata keçirilir. Bunun müsbət nəticələrini isə sadə vətəndaş artıq illərdir öz həyatında hiss edir. Belə ki, "Elektron hökumət"in fəaliyyəti üçün zəruri olan normativ-hüquqi bazanın və infrastrukturun formalaşdırılması və elektron ödəmə sistemlərinin tətbiqi əhalinin dövlət orqanları ilə təmaslarının sadələşdirilməsinə, onun daha münasib və çevik formada həyata keçirilməsinə, xidmət keyfiyyətinin yüksəlməsinə, vergi sistemində şəffaflığın təmin olunmasına və ən əsası, kiçik və orta sahibkarlıq subyektlərinin biznes fəaliyyətinin müasir tələblərə uyğun qurulmasına əlverişli imkanlar açıb ki, bu da “Made in Azerbayjan” brendini dünyada tanıtmağı hədəfləyən Azərbaycan dövləti üçün yerli istehsalın stimullaşdırılması baxımından olduqca əhəmiyyətlidir. 2011-ci ilin sentyabrından dövlət orqanlarına, vətəndaşlara və sahibkarlıq subyektlərinə verilməsinə başlanan elektron imzanın tətbiqi isə əhalinin elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsinə, onlara daha keyfiyyətli və təhlükəsiz xidmətlərin göstərilməsinə, habelə elektron hökumətin və elektron ticarətin genişlənməsinə xidmət etməkdədir. Bu imzadan istifadənin təşkili üçün isə Açıq Açar İnfrastrukturu və Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılıb ki, bu da sözügedən sahənin inkişafına təkan verən addımlar sayıla bilər.
İKT-nin tərəqqisi - postneft dövrünün inkişafının əsas hədəflərindən biri...
Prezident İlham Əliyev çıxışlarının birində İKT-nin dünya tələblərinə uyğun inkişaf etdirilməsi və onun gəlirliliyinin artırılmasını postneft dövrünün əsas iqtisadi prioritetlərindən biri kimi xarakterizə edərək deyib ki, növbəti 2-3 il ərzində, xüsusilə iqtisadi sahədə yeni iqtisadi model artıq işləməyə başlayacaq ki, burada da informasiya və kommunikasiya texnologiyalarının (İKT) çox böyük çəkisi var. 2013-cü ildə isə Azərbaycanın ilk telekommunikasiya peykini orbitə çıxarması ilə əlaqədar ölkə başçısı həmin ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsilə bağlı Sərəncam imzaladı və bununla da sözügedən sahədə müasir dövrün tələblərinə tam cavab verən yeni infrastrukturun əsasını qoydu. Həmin ilin 8 fevral tarixində Azərbaycanın ilk peyki olan "Azerspace-1" telekommunikasiya peyki Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxıldı. Peykin istehsalçısı olan ABŞ-ın "Orbital Sciences" şirkəti texniki xüsusiyyətlərini əks etdirən sənədlərdə onun orbitdə yararlı ömrünün 15 il olduğunu qeyd edib. Lakin peykin uğurlu buraxılışı və orbitdə olduğu illər ərzində aparılan effektiv idarəetmə nəticəsində onun proqnozlaşdırılan ömrü 16,7 ilədək artırılıb. Peykin operatoru, Qafqazın ilk peyk operatoru olan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti "Azerspace-1" vasitəsilə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə şəbəkələrinin təmin edilməsi istiqamətində fəaliyyət göstərməklə Mərkəzi Asiya, Avropa, Afrika və Yaxın Şərqdə yerləşən 50-dən artıq ölkəni birləşdirən kosmik məkanda mühüm rol oynayır. 2014-cü ilin dekabr ayından etibarən isə "Azərkosmos" sayca ikinci, təyinatına görə yüksək ayırdetməli, Yer səthini məsafədən müşahidə peyki olan "Azersky"-ın idarəçiliyini təhvil alıb və bununla da, Geo-İnformasiya xidmətləri də daxil olmaqla, Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb.
Lakin ekspert İsa Qasımov deyir ki, ölkədə İKT sektorunun inkişafında proqramlaşdırma ilə paralel olaraq mühəndis yanaşmalarının inkişafına da diqqət verilməlidir. Bu isə, öz növbəsində, elektronika mühəndisliyinin də inkişafını zəruri edir: “İKT-nin imkanlarından istifadə edərək avtomatlaşdırma kimi geniş sahəni inkişaf etdirməyin lazım olduğu qənaətindəyəm. Bu cür yanaşma həm də innovasiyaların inkişafı və tətbiqi zərurətindən irəli gəlir. Avtomatlaşdırma proseslərində İKT-nin rolu əvəzedilməzdir. Ancaq elektronikanın inkişafı təmin edilməzsə, təkcə İKT-nin inkişafı arzuedilən nəticələri verməyəcək. Fikrimcə, sənayenin inkişafı üçün bu iki sahənin birlikdə inkişaf etdirilməsi daha doğru olacaq”. Ekspert bildirir ki, ölkədaxili bazarın təmin olunmasında yerli mühəndislərin gücündən və layihələrin tətbiqindən maksimum istifadə uğurlu nəticələrin əldə olunması üçün ciddi əsasdır. Onun fikrincə, ciddi zərurət olmadan xarici bazardan İKT məhsullarının və ya xidmətlərin satın alınması bu sahənin ölkədə inkişafına mənfi təsir edə bilər:”Xarici bazardan idxal etdiyimiz hər bir məhsul və ya xidmət həmin məhsul və ya xidmətin daxili bazarda inkişafını ciddi şəkildə zərbə altında qoyur. Bəzən hər hansı təşkilat və ya müəssisə bu cür xidmətləri böyük pullar ödəyərək xarici bazardan alır. Halbuki, həmin xidmətləri yerli bazarın imkanları ilə daha yaxşı və ucuz qiymətə təmin etmək olardı. Daxili bazarda İKT-nin arzuedilən inkişafı üçün bu hallar aradan qaldırılmalıdır”.
İnformasiya texnologiyalarının təhsil sisteminə inteqrasiyası...
Azərbaycanda informasiya cəmiyyətinin qurulması prosesi və onun uğurlu inkişaf təmayülü ölkənin təhsil sistemindən də yan keçməyib. Bəllidir ki, son illər ölkənin bir çox ümumtəhsil məktəblərində kompyuterləşmə sahəsində pilot layihələr uğurla həyata keçirilib ki, bu da İKT-nin cəmiyyət həyatının müxtəlif sahələrində, xüsusilə də təhsil sistemində geniş tətbiq edilməsi məsələsinin dövlət siyasətinin prioritetlərindən olduğundan xəbər verir. Bu isə təsadüfi deyil, çünki İKT-nin təhsildə tətbiqi Azərbaycanda gəncliyin müasir bilik və bacarıqlara malik yeni nəslinin formalaşmasına birbaşa təsir edən amildir ki, ba da Azərbaycan dövlətinin gənclər siyasətinin tərkib hissələrindən birini təşkil edir. Hazırda təhsil sahəsində aparılan islahatların çox vacib mərhələlərindən biri hesab edilən təhsil ocaqlarında İKT infrastrukturunun qurulması isə bu sahənin inkişaf strategiyasının prioritet istiqamətini təşkil edir. Ölkəmizdə təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsi prosesinə Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixində təsdiq etdiyi “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” ilə start verilib. Bundan sonra 10 iyun 2008-ci il tarixində ölkə başçısı tərəfindən qəbul edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” isə İKT-dən istifadə edilməklə ölkədə beynəlxalq standartlara uyğun keyfiyyətcə yeni təhsil modelinin qurulmasını, vahid elektron təhsil məkanının yaradılmasını və təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya etdirilməsini əsas məqsəd kimi qarşıya qoydu. Son illərdə məktəblərin İKT avadanlığı, o cümlədən kompyuter, noutbuk, interaktiv lövhələrlə təchizatının uğurla davam etdirilməsi isə, şagirdlərlə yanaşı, məktəblərin pedaqoji heyətinin də müasir texnologiyalı cəmiyyətə inteqrasiyasını günün tələbinə çevirib. Faktdır ki, bu gün pedaqoji professionallığın informatik keyfiyyətini artırmadan İKT-nin təhsil sisteminə səmərəli inteqrasiyasına nail olmaq mümkün deyil. Çünki artıq yeni nəslin müəllimlərindən təkcə öyrətdikləri fənnin tədrisi deyil, həm də şagirdlərin harmonik inkişafını mümkün edən texnologiyaları seçib tədrisdə tətbiq etmək tələb olunur.
Alimlərin proqnozuna görə, informasiya cəmiyyətinin tam formalaşdığı mərhələdə insanların əsas əmək predmeti informasiya, əmək alətləri isə İKT olacaq. Ona görə də bu gün respublikada təhsilin bütün pillələrində İKT-nin tətbiqi və onun imkanlarından maksimum istifadə, eyni zamanda İKT-nin özünün tədris olunması, uşaqlarda müstəqil şəkildə informasiya toplamaq, analiz etmək, ötürmək qabiliyyətinin formalaşdırılması gələcəkdə gənc nəslin informasiya cəmiyyətinin formalaşması baxımından önəmli və zəruri şərt kimi çıxış edir.
Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.