Azərbaycanda lisenziya tələb olunan sahibkarlıq fəaliyyəti növlərinin sayı 37-dək azaldılıb. Bunu Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyindən deyiblər.
Dekabrın 21-də Prezident İlham Əliyevin imzaladığı fərman əsasında Azərbaycanda qüvvədə olan 22 lisenziya növü ləğv edilib.
Lisenziyalaşdırılan fəaliyyət növləri ilə bağlı qaydalar aşağıdakı üstünlükləri də nəzərdə tutur: lisenziyalar müddətsiz oldu (bu, Azərbaycan Prezidentinin imzaladığı 21 dekabr tarixli "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" fərmanadək qüvvədə olan daha əvvəl verilmiş lisenziyalara da şamil edilir); lisenziya almağa görə dövlət rüsumunun həcmi 2 dəfə azaldılıb; lisenziyaların verilmə müddəti 15 iş günündən 10-dək azaldılıb. Həmçinin lisenziyaların verilməsi şərtləri sadələşdirilib.
Bununla da 19 mindən çox lisenziya və ya lisenziyalaşdırılmış fəaliyyət növlərinin təqribən 75 faizi ləğv edilib, lisenziyaların 25 faizi isə müddətsiz olub.