Azərbaycanda manatın məzənnəsinin dəyişməsi 2016-cı ildə pensiya və müavinatların ödənişi ilə bağlı problem yaratmır. Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.
Onun sözlərinə görə, Fondun bunun üçün kifayət qədər vəsaiti var.
E.Mehdiyev qeyd edib ki, hər il olduğu kimi gələn ildə də inflyasiyanın səviyyəsinə uyğun olaraq pensiyaların sığorta hissəsinin və fərdi hesablarda toplanan pensiya kapitalının indeksləşdirilməsi aparılacaq
O əlavə edib ki, indeksləşdirmə 2015-ci ilin yekunları üzrə istehlak qiymətləri indeksi əsasında aparılacaq.
Elman Mehdiyev pensiyaların artırılması məsləsinə münasibət bildirərkən deyib ki, mövcud qanunvericiliyə əsasən hər il Azərbaycan Respublikası Prezidenti tərəfindən pensiyaların sığorta hissəsinin və fərdi hesablara toplanan penisya kapitallarının indeksləşdirilməsi barədə qərar qəbul edilir. E.Mehdiyev bildirib ki, bu, əmək pensiyaları haqqında qanunun müvafiq müddəası ilə tənzimlənən qanunvericilik normasıdır: "Qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən veriləcək sərəncama uyğun olaraq Dövlət Sosial Müdafiə Fondu addım atacaq. Avtomatlaşdırılmış rejimdə pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi, həm də fərdi hesablara toplanan pensiya kapitallarının artırılması reallaşdırılacaq".
Fondun sədri bildirib ki, hələlik hər şey öz axarı ilə gedir: "Qiymətlərin indeksi elan olunduqdan sonra Prezidentin tapşırığına uyğun olaraq indeksləşməni reallaşdıracağıq. Bunun üçün kifayət qədər vəsaitimiz var. Heç bir problem yoxdur".
"Müəyyən qədər sakitləşmə baş verməlidir, ondan sonra bazardakı qiymətlər müşahidə olunmalıdır. Bunların nəticələrinə əsasən, istehlak səbətinin dəyərinin necə dəyişməsi öyrənilməlidir". Bunu isə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə deyib.
Nazirin sözlərinə görə, hazırda bu proseslər nəzarətdə saxlanılır: "Mütəxəssislər bazarlarda müşahidələr aparırlar. Nəzərə almaq lazımdır ki, devalvasiya ilə Yeni ilin yaxınlaşması müəyyən qədər üst-üstə düşdü. Ona görə də Yeni il qabağı bazarlarda olan proseslər, formalaşacaq qiymətlər müəyyən qədər tam mənzərəni ortaya qoya bilməyəcək. Bu səbəbdən növbəti ilin ilk günlərində də bu prosesləri davam etdirməliyik".
S.Müslümov deyib ki, əldə olunacaq nəticələr əsasında vətəndaşların gəlirlərinə, xüsusilə aztəminatlı insanların dövlət hesabına əldə etdiyi gəlirlərin, yəni pensiyaların, müavinətlər, sosial yardımların nə qədər dəyərdən düşə bilmə ehtimalı, yaxud faktiki olaraq, nə qədər dəyərdən düşməsinin dəqiq mənzərəsini ortaya qoyacağıq".
S.Müslümov deyib ki, yalnız bunun əsasında növbəti addımların nələrdən ibarət olacağını söyləmək olar.
Nazirin sözlərinə görə, gələn il heç bir sosial proqram, layihə kəsirlə icra olunmayacaq. Həmişə nəzərdə tutulduğu qədər icra olunacaq.