"McDonald's Azərbaycan” şirkəti Azərbaycanda fəaliyyət göstərən restoranlar şəbəkəsində hər hansı struktur, kadr dəyişikliyinin aparılması məsələsinə aydınlıq gətirib.
Qeyd edək ki, xarici KİV-lərdə yayılan məlumatlara görə, "McDonald's” gəlirlərinin azalması ilə əlaqədar yaxın zamanlarda 350 restoranını bağlamaq istəyir. Eyni zamanda, "McDonald's”ın Rusiyadakı restoranlarında menyunun azaldılması nəzərdə tutulur.
"McDonald's-Azərbaycan” şirkətindən Trend-ə bildirilib ki, hələlik Azərbaycandakı şəbəkəyə daxil olan restoranlarda çalışan işçilər arasında ixtisarın aparılması, eyni zamanda, menyuya daxil edilən çeşidlərin azaldılması nəzərdə tutulmayıb.
Şirkətdən deyilib ki, "McDonald's”ın müxtəlif ölkələrində olan restoranlarında təqdim edilən menyular fərqlidir. Azərbaycanda da menyular mövsümdən asılı olaraq fərqlənir. Buna görə də yay və qış mövsümündə təqdim edilən çeşidlər və onların sayı fərqli olur.