"Bakıda keçiriləcək Avropa Oyunları zamanı respublikamıza gələn qonaqlar Avropa ölkələrində qəbul olunduğu kimi, müxtəlif ticarət, əyləncə, iaşə və s. obyektlərdə nağdsız ödənişlərə üstünlük verəcəklər”.
Vergilər Nazirliyindən verilən məlumata görə, bunu vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov bildirib. Müşavir vurğulayıb ki, bu səbəbdən Vergilər Nazirliyi tərəfindən Avropa Oyunlarının keçiriləcəyi ərazilərdə POS-terminalların quraşdırılması və onlardan istifadəyə ciddi nəzarət olunur.
Müşavir onu da qeyd edib ki, nağdsız ödəniş sisteminin genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əsas məqsədi iqtisadi subyektlər arasında şəffaflığa nail olunmasından, «gizli iqtisadiyyat»ın həcminin azaldılmasından, vergidən yayınma hallarının qarşısının alınmasından ibarətdir. "Nəzarətdən kənarda qalan iqtisadi əməliyyatlar bir tərəfdən dövlət büdcəsinə vergi daxilolmalarının azalmasına, digər tərəfdən isə iqtisadi mexanizmlər vasitəsilə dövlət tərəfindən iqtisadi tənzimləmə üsullarının səmərəliliyinin aşağı düşməsinə səbəb olur”.