Məlum olduğu kimi, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. Qərara əsasən, yanvarın 5-dən Azərbaycanda Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat, dizelin 1 litrinin qiyməti isə 80 qəpik olacaq.
Onu da qeyd edək ki, Azərbaycana qonşu olan bir sıra ölkələr hələ 2020-ci ildə benzinin və dizel yanacağının qiymətini artırıblar. Hansı ki, bu çox ciddi faktordur. Məsələn, Türkiyədə benzinin qiyməti 2020-ci ilin mart ayında bir litrə görə 5,5 lirəyə düşdüyü halda, indi 7,2 lirə (1,66 manat) civarındadır - yəni 32%-lik artım var. Qonşu Gürcüstanda ötən ilin mart ayında 2,2 lariyə olan benzin ötən ay artıq 2,4 lariyə (1,25 manat) qalxıb. Ukraynada da yanacağın qiyməti 4% bahalaşıb. Rusiyada yeni il qabağı Aİ-95 benzininin qiyməti 7% artıb.
Ötən il müşahidə edilən məlum tendensiya Avropada özünü göstərməyə başlayıb. Belə ki, ötən il Avropada dizel yanacağının qiymətində 29% artım qeydə alınıb. Bir sıra Avropa ölkələri yanacağın qiymətini artırıblar.
Hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti - 1 litr üçün qiymət qonşu ölkələrdə Azərbaycanla müqayisədə bahadır. 1 litr üçün dizel yanacağının qiyməti də bahadır. Avropa ölkələrində isə yanacağın qiyməti olduqca yüksəkdir. Özü də qeyd edildiyi kimi, Azərbaycanla qonşu olan dövlətlər ötən il qiymətləri artırmışdılar.
“Arada ciddi qiymət fərqi olanda müxtəlif vasitələrlə yanacağın qonşu ölkələrə daşınması prosesi baş verir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, yanacağın qiymətinin artması zəruri idi: “Məsələ ondadır ki, artıq neçə vaxt idi qonşu ölkələr bu addımı atıblar. Bir ildir bir sıra ölkələrdə qiymətlər artıb. Belə olan halda, Azərbaycan davamlı olaraq qiymətləri eyni vəziyyətdə saxlaya bilməzdi. Çünki bu, iqtisadi uyğunsuzluq yaradacaqdı. O cümlədən, müəyyən xoşagəlməz tendensiyalara səbəb ola bilərdi. Söhbət ondan gedir ki, arada ciddi qiymət fərqi olanda müxtəlif vasitələrlə yanacağın qonşu ölkələrə daşınması prosesi baş verir. Yəni qiymətlər artmasaydı, o zaman Azərbaycanda daxili istehlak üçün nəzərdə tutulan yanacaq məhsulları Gürcüstan, Türkiyə və digər ölkələrə daşınacaqdı. Bu da, istər-istəməz, xoşagəlməz iqtisadi fəsadların yaranmasına gətirib çıxaracaqdı. Nəticədə bütün ölkə iqtisadiyyatı bu və ya digər dərəcədə zərərə məruz qalacaqdı. Ona görə də bu kimi məsələlərdə kənar iqtisadi amillər mütləq nəzərə alınmalıdır. Belə olmasa, ölkə iqtisadiyyatı bundan ziyan görəcək”.
Ekspert onu da qeyd etdi ki, bizdə artımlar elə də böyük deyil.
Vidadi ORDAHALLI